Onlayn ictimai-siyasi qəzet
Musavat.com tanınmış təhlilçi, rusdilli Minval.az saytının yazarı Nurani xanımın yazısının tərcümə - icmalını öz oxucularına təqdim edir.
***
Azərbaycan Aktau faciəsinin—Bakı-Qroznı reysini yerinə yetirən AZAL aviaşirkətinə məxsus Embraer sərnişin təyyarəsinin qəzaya uğramasının 40-cı gününü qeyd etdi. Bu arada Qazaxıstan Nəqliyyat Nazirliyi təyyarə qəzası ilə bağlı ilkin hesabatını dərc etdi. Azərbaycan Nəqliyyat Nazirliyi də rəsmi bəyanat yayımladı.
Şübhəsiz ki, Qazaxıstan Nəqliyyat Nazirliyinin hesabatında yer alan bir çox texniki məlumatı yalnız aviasiya mütəxəssisləri dəqiq anlaya bilər. Üstəlik, Bakı və Astana da vurğulayır ki, bu, yalnız ilkin hesabatdır və ICAO qaydalarına əsasən yekun hesabat üçün daha bir il tələb olunur. Nəhayət, xüsusi olaraq bildirilir ki, bu hesabatın məqsədi kimisə günahlandırmaq deyil, hava təhlükəsizliyini gücləndirməkdir. Burada qeyd edək ki, aviasiya qəzasının araşdırılması özünəməxsus qaydalara malikdir və bu araşdırmada təyyarənin texniki vəziyyəti, ekipajın hazırlığı, mühərriklərin fəaliyyəti, uçuşun texniki parametrləri və s. kimi sırf aviasiya ilə bağlı məsələlər araşdırılmalıdır.
Bununla belə, yayımlanan sənədlər dəhşətli bir ittihamın sübutudur: qəza təyyarəyə xaricdən müdaxilə nəticəsində baş verib.
Belə ki, saat 04:55:54-də ekipaj hər iki GPS siqnalının itirildiyini bildirdi. Artıq digər mənbələrdən də məlumdur ki, “anti-dron strategiyası” çərçivəsində GPS siqnalları yerdən boğulurdu. Lakin ekipaj bu barədə xəbərdar edilməmişdi və pilotlar enişi davam etdirdilər.
Faciənin qəti məqamı 05:13-də baş verir. Səsyazma və uçuş məlumatlarını qeydə alan bort registratorlarının analizinə əsasən, Qroznı üzərində qeyri-sabit hava şəraitinə görə təyyarə ikinci dəfə eniş edə bilmir. Bundan sonra kapitan Bakıya qayıtmaq qərarına gəlir. Bu andan sonra səsyazma registratoru 24 saniyə intervalla iki xarici səs qeydə alır. Daha sonra registratorun və parametrlərin müqayisəsi göstərir ki, ilk xarici səsdən 4 saniyə sonra təyyarənin üçüncü hidravlik sistemi sıradan çıxır, 6 saniyə sonra birinci sistem, 21 saniyə sonra isə ikinci hidravlik sistem işləmir. Aviasiya-texniki dildə desək: təyyarəyə iki zenit raketi dəyib, onların qəlpələri hidravlik sistemləri məhv edib. Təyyarənin gövdəsindən çıxarılan bu “xarici elementlər” artıq tədqiq edilib, onların şəkilləri və gövdədə buraxdığı deşiklər hesabatın əlavəsində verilib. Beynəlxalq ekspertizanın hələ qarşıda olduğunu qeyd etsək də, Azərbaycan hökumətindəki mənbələr Reuters agentliyinə bildiriblər ki, Azərbaycanın mülki təyyarəsi Rusiya ordusunun “Pantsir-S” zenit-raket sistemi ilə vurulub.
Bu o deməkdir ki, dərc edilən sənədlər və yayılan məlumatlara əsasən, Azərbaycanın faktiki olaraq bütün sübutları var: cədvələ uyğun mülki hava limanına eniş edən mülki təyyarə zenit raketi ilə vurulub. Səs registratoru (xarici səslər), parametrlər registratoru (bütün hidravlik sistemlərin sıradan çıxması), gövdədəki deşiklər və oradan çıxarılan yad elementlər—bütün bunlar artıq fərziyyə deyil, etibarlı fakt kimi qəbul edilməlidir.
Bəs indi nə olacaq? Moskva yenə hər şeyi inkar edəcək? Yenə məsuliyyəti boynuna almayacaq, rəsmi üzr istəməyəcək, istintaq aparılmayacaq, günahkarlar cəzalandırılmayacaq və kompensasiya ödənilməyəcək? Əgər kimsə hələ də anlamayıbsa, ilkin hesabat qəzadan dərhal sonra Rusiya rəsmilərinin, o cümlədən “Rosaviatsiya”nın yaydığı heç bir versiyanı təsdiqləmədi. Nə “quşla toqquşma” versiyası, nə də “oksigen balonunun partlaması” ehtimalı təsdiqləndi.
Doğrudur, ekipaj üzvləri ilkin mərhələdə quşlardan bəhs etmişdilər. Amma mülki bir pilot, hava dəhlizinə uyğun şəkildə mülki aeroporta eniş edərkən, heç vaxt ağlına gətirməz ki, onun təyyarəsinə zenit raketi atılıb. Halbuki Rusiya rəsmiləri faciədən çox öncə baş verənlərdən xəbərdar olmalı idilər. Onlar bilərəkdən yalan danışıblar. Üstəlik, Azərbaycan əleyhinə təbliğat aparmaq üçün öz media resurslarını da işə salıblar.
İndi maraqlıdır: Moskva Qazaxıstan Nəqliyyat Nazirliyinin hesabatını da “seçici” oxuyacaq? Yoxsa yekun hesabatın çıxmasını gözləməyi məsləhət görəcək? Halbuki indi Rusiyanın heç olmasa qismən vəziyyəti düzəltmək üçün imkanı var idi—günahı etiraf edib müvafiq açıqlama vermək. Axı istintaqın nəticələri tərəflərə öncədən məlum idi, Moskvanın hazırlıq üçün vaxtı var idi. Lakin Kreml yenə də “heç nə bilmirik” taktikası seçdi və açıq-aşkar həqiqəti görməzdən gəldi.
Rusiyanın bu məsələdə davranış modelinin dəyişdiyinə dair heç bir işarə yoxdur. Rus KİV-ləri artıq iddia edirlər ki, “Rusiya tərəfi hələ də təyyarənin gövdəsindən çıxarılan yad elementlərin nümunələrini ekspertiza üçün almayıb” və buna görə də “bu parçaların “Pantsir” raketinə aid olduğunu iddia edən xarici mediaya inanmaq olmaz”. Halbuki istintaqa təkcə Azərbaycan yox, Rusiya da cəlb edilib. Yəni nümunələrin mövcud olması şübhə doğurmur. Üstəlik, Azərbaycan Nəqliyyat Nazirliyinin rəsmi açıqlaması artıq var, lakin Rusiya rəsmiləri susmaqda davam edirlər. Halbuki onlara veriləcək suallar yetərincədir.
Biz qəsdən Azərbaycan təyyarəsinin vurulduğunu iddia etmirik. Lakin bir uçuşa bu qədər səhvin yığılması təsadüfdürmü? Əgər Qroznıya enən təyyarə Bakıdan yox, Moskvadan və ya Sankt-Peterburqdan olsaydı, Rusiya HHM və dispetçerləri eyni səhlənkarlıq göstərərdimi? Rusiya hərbi prokurorluğu və İstintaq Komitəsi 40 gün ərzində günahkarları həbs etməyə əsas tapa bilmədimi? Ramzan Kadırov doğrudanmı hərbi hava hücumundan müdafiə qüvvələrinin mülki təyyarəyə atəş açdığına görə qohumunu mükafatlandırıb?
Bütün bunların fonunda bir məqam xüsusilə vurğulanmalıdır: Göy bir dənədir və səhvləri bağışlamır. Əgər bu gün Azərbaycan təyyarəsinə atılan raketlərə lazımi reaksiya verilməzsə, sabah başqa bir mülki təyyarə “təsadüfən” vurula bilər. Normal bir cəmiyyətdə belə bir faciənin üzə çıxardığı faktlar hərbi hava müdafiə sistemində və hava nəqliyyatına rəhbərlik edən strukturlarda dərhal ciddi “təmizləməyə” səbəb olmalı idi.
Bakı bu hadisədən mütləq nəticə çıxaracaq. Azərbaycan Rusiya ilə dost münasibətləri qorumaqda maraqlıdır. Amma bu münasibətləri qorumaq yalnız Azərbaycanın vəzifəsi deyil. Öz vətəndaşlarının ölümünə göz yumaraq Moskvanın “protokol gülümsəmələri” üçün hər şeyi unutmaq da gözlənilməməlidir. Belə illüziyalara qapılmaq lazım deyil. Göy səhvləri bağışlamadığı kimi, yer də bağışlamır.
Yazının orijinalı: https://minval.az/news/124445725
Musavat.com
06 Fevral 2025
05 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ