İnsanlara hürriyət, millətlərə istiqlal!

Sanksiyalar Rusiyanı durdurmur: Qərbin B planı varmı...

Şahin Cəfərli: “Sanksiyalar dərhal - bu gündən sabaha nəticə verməyə hesablanmayıb, o, tədricən öz effektini göstərəcək”

Rusiyanın Ukraynaya hücumu ilə başlanan müharibə artıq iki aydır davam edir. Bu müddət ərzində Rusiya Qərb dövlətləri tərəfindən dünyada görünməmiş səviyyədə sanksiyalara məruz qoyulub. Ölkə regional və beynəlxalq səviyyəli bütün tədbirlərdən - sərgilərdən tutmuş mədəniyyət festivalları, idman yarışlarına qədər uzaqlaşdırılıb.

İki ayda Ukraynanın onlarla yaşayış məntəqəsi yerlə bir edilib, bütöv şəhərləri demək olar ki, yer üzündən silinib. Qərb dövlətləri Ukraynanın ehtiyac duyduğu ağır silahları son həftələrdə verməyə başlayıblar.

Ötən iki aylıq müddətdə iki gözləntinin real olmadığı aydınlaşıb. Bunlardan birincisi, Rusiyanın 2-3 günə Kiyevi götürərək Ukraynanı diz çökdürəcəyidir. Müharibəyə başlayarkən Rusiyanın, elə əksər dövlətlərin gözləntisi məhz beləydi. Lakin Ukrayna mübarizə aparmaqdan çəkinməyərək çox tezliklə ordusunu nizama salıb Rusiyanı böyük itkilərə məruz qoymaqla tutduğu ərazilərin bir hissəsindən çəkilməyə vadar etdi.

Doğrulmayan ikinci gözlənti Rusiyanın ağır sanksiyalar qarşısında duruş gətirə bilməyərək tezliklə Ukraynadan çıxmasını nəzərdə tuturdu. Bu gözləntiyə rəğmən Rusiya iqtisadiyyatında hələlik ciddi geriləmə qeydə alınmır. Əksinə, Rusiya Avropaya öz qazını yalnız rublla satacağı tələbini qoymaqla faktiki olaraq onu bu tələblə razılaşmağa məcbur edə bilib. Belə ki, ötən cümə günü Avropa Komissiyası qitə şirkətlərinin Rusiya qazına görə rublla ödəniş mexanizmindən sanksiyaları pozmadan istifadə yolları tapmasının mümkün olduğunu bəyan edib. Komissiya hesab edir ki, şirkətlər Rusiyadakı tərəfdaşları ilə danışaraq qazın dəyərini avro ilə ödəyə, qarşı tərəf isə özü onu rubla çevirə bilər.

Digər tərəfdən, böyük ölçüdə asılı olduğu Rusiya qazından deyil, Avropa Birliyi hələ də neftin idxalından belə imtina barədə yekdil qərara gələ bilməyib. Avropa İttifaqının xarici siyasət idarəsinin rəhbəri Jozep Borrelin aprelin 24-də verdiyi açıqlamada açıq qeyd edilir ki, Rusiya nefti-qazına sürətli embarqo ilə bağlı razılıq yoxdur. Avropa Birliyi Rusiyaya qarşı ən effektiv təsirə malik silahdan - neft alışından imtinadan istifadəni hələ də təxirə salır: “Neft və qazın idxalının dayandırılması, yaxud onlara əlavə rüsumların təyini Putinə təzyiq edərək onu danışıqlar stolu arxasına gətirmək üçün ən təsirli yol ola bilər. Lakin hazırda bizdə - Avropa Birliyində bu məsələ üzrə vahid mövqe yoxdur”.

Borrelin sözlərinə görə, Birliyin bir neçə ölkəsi Rusiya neft-qazına embarqo, yaxud əlavə rüsum qoyulmasını dəstəkləməyəcəklərini açıq bəyan ediblər. Bu ölkələrdən Almaniya və Avstriya embarqonu ona görə dəstəkləmirlər ki, Rusiya qazından böyük ölçüdə asılıdılar və onu əvəz etmək üçün alternativ mənbə tapmaqları mümkün deyil. Macarıstan hökuməti isə sırf Rusiyaya rəğbət hissindən irəli gələrək, Avropa Birliyinin bu ölkədən neft-qaz alışına embarqo nəzərdə tutanda hər hansı qərarına veto qoyacağını açıqlayıb.

Rusiya neftinin alışının dayandırılmasına dair qərar olmasa belə, artıq əksər Avropa ölkələri başqa mənbələrə üz tuturlar. Belə ki, artıq Səudiyyə Ərəbistanından Avropaya neft daşınması üçün 10-larla tankerin kirayələndiyi məlum olub. “Reuters”in yazdığına görə, 1 milyon barel neftlə dolu ilk tanker Avropaya doğru yola çıxıb.

Bundan əlavə, Avropa Birliyinin Rusiyaya qarşı sayca 6-cı sanksiya paketinə neft alışını məhdudlaşdıracaq bəzi addımların daxil ediləcəyinə dair məlumatlar da yayılmaqdadır. Avropa ölkələri həmçinin martın 19-dan etibarən yeraltı qaz anbarlarını doldurmağa başlayıblar. Aprelin 19-na qədər artıq anbarlarda keçən ilin eyni dövründəkindən 7 faiz bəndi yüksək həcmdə - 29,6 faiz qaz olub. Bu, 32 milyard kubmetr qaz deməkdir.

Şahin Cəfərli/ Foto: pressklub.az · Mikroskop

 Şahin Cəfərli

Politoloq Şahin Cəfərlinin sözlərinə görə, Qərb və Ukrayna siyasi dairələrində sanksiyaların bir neçə həftəyə Rusiyanı müharibəni dayandırmağa məcbur edəcəyi barədə gözləntilər yox idi: “Rusiya nəhəng dövlətdir və onun maddi, hərbi resursları və ehtiyatları müəyyən müddət bu ekspansiyanı davam etdirməyə imkan verir. Eyni zamanda Rusiya hələ ki özünün əsas gəlir mənbəyi olan neft və təbii qazın ixracını davam etdirir, bu da ən azından müharibəni maliyyələşdirməyə imkan yaradır.

Sanksiyalar dərhal - bu gündən sabaha nəticə verməyə hesablanmayıb, o, tədricən öz effektini göstərəcək və biz görürük ki, bu siyasət sərtləşərək davam edir. Artıq Rusiyanın əsas ixrac məhsulları olan enerji resurslarına sanksiyaların tətbiqinə start verilib. Bu proses kömür embarqosu ilə başladı, avqust ayndan etibarən Qərb Rusiyadan kömür idxalını dayandıracaq. Növbə neftə çatıb. Bu həftə və ya uzağı gələn həftə Avropa Birliyi 6-cı sanksiya paketi çərçivəsində Rusiya neftinə qadağa qoymağa hazırlaşır, amma bu proses də birdən-birə yox, mərhələli şəkildə aparılacaq, çünki dövlətlər alternativ bazarlar tapmalıdır ki, sanksiyalar onların öz iqtisadiyyatına zərbə vurmasın. İlin sonuna qədər AB ölkələrinin Rusiya neftinin idxalını tam dayandıracağı gözlənilir. Qeyd etmək lazımdır ki, Yaponiya kimi Asiyanın böyük dövləti də bu məsələdə Qərblə paralel hərəkət edir. Neftdən sonra sıra qaza gələcək, amma Rusiya qazından imtina bir qədər vaxt aparacaq. Çünki neftdən fərqli olaraq, Rusiya qazından Avropanın asılılıq səviyyəsi daha çoxdur (40 faiz), digər tərəfdən, alternativ mənbələr tapmaq nisbətən daha çətindir. Avropada Rusiya qazının əsas istehlakçısı olan Almaniya 2022-ci ilin sonuna qədər bu sahədə Rusiyadan asılılığı üçdə iki həcmdə azaldacağını vəd edib, İtaliya alternativ bazarlar axtarışında ciddi uğurlara nail olub, AB-nin digər lider dövlətlərindən olan Fransa isə Rusiya nefti və qazından tezliklə imtina edəcəyini açıqlayıb. Bu addımların nəticəsində Rusiya enerji gəlirlərindən tam məhrum olmasa belə, onun əldə edəcəyi gəlirlərin getdikcə azalacağı şəksizdir. Yəni sanksiyaların təsirsiz qalacağı ilə bağlı narahatlıqlar əsaslı deyil".

Ş.Cəfərli bildirir ki, 2014-cü il hadisələrindən sonrakı sanksiyalar daha çox Qərbin öz simasını qorumasına, necə deyərlər, gözdən pərdə asmağa hesablanmışdı: “O mənada ki, ”baxın, biz beynəlxalq hüququ pozan Rusiyanı cəzalandırırıq". O zaman Qərb daxilində ciddi ikitirəlik və bölünmələr vardı, həm də problemlərin dialoq yolu ilə həllinə ümidlər davam edirdi. Rusiyanın Ukraynaya genişmiqyaslı hücumundan və Avropa coğrafiyasında törətdiyi böyük müharibədən sonra isə Qərbdə Rusiya və Putin rejimi ilə bağlı mövcud olan bütün illüziyalar dağıldı. Artıq Qərbdə anlayırlar ki, Putini Ukraynada dayandırmaq lazımdır, əks halda, o, daha da irəli gedəcək. Bu səbəbdən, 2014-cü ildən sonrakı mərhələdən indiki mərhələnin prinsipial fərqi bundan ibarətdir ki, hazırkı sanksiya siyasəti kollektiv Qərbin strateji qərarıdır. Rusiyanın maliyyə, ticarət, nəqliyyat, hətta humanitar istiqamətlər üzrə “boğulması” prosesi aparılır. Məqsəd rus dövlətini qlobal iqtisadiyyatdan təcrid etmək, onun tədarük zəncirlərini qırmaq, idxalını və ixracını məhdudlaşdırmaq, kritik önəmə sahib müasir, həssas texnologiyalar əldə etməsini əngəlləmək, beynəlxalq elmi-mədəni-təhsil əlaqələrini və mübadilələrini kəsməkdir. Artıq ABŞ və Avropa ölkələri öz limanlarını və ərazilərini dəniz və quru daşımaçılığı üçün Rusiyaya qapadıblar. Hava məkanlarını isə daha öncə bağlamışdılar. Yəni bu, faktiki olaraq, Rusiyanın ticarət blokadasına alınması deməkdir. Bütün sanksiya tədbirləri qətiyyətlə və uğurla tətbiq olunacağı təqdirdə, ortamüddətli perspektivdə Rusiyanın iqtisadi sistemi iflas edəcək. Və biz görürük ki, ABŞ və Avropa Birliyi sanksiyaların icrasına da ciddi nəzarət edir, aşkar olunan boşluqları qapadır və Çin başda olmaqla, digər dünya ölkələrinə davamlı xəbərdarlıqlar edirlər ki, sanksiyalardan yayınmaqda Rusiya hökumətinə kömək etməsinlər".

Taking Stock of U.S. Sanctions on Russia - Foreign Policy Research Institute

Politoloqun sözlərinə görə, sanksiyaların ilkin təsirlərindən də danışmaq olar: “Bununla bağlı Rusiya Mərkəzi Bankının sədri Elvira Nabiullina yəqin ki, ən qatı Rusiya tərəfdarları üçün də mötəbər mənbə sayıla bilər. Nabiullina aprelin 18-də Dövlət Dumasında çıxışında bildirdi ki, sanksiyalar artıq maliyyə sektoruna təsir edib, yaxın vaxtlarda isə real sektora təsir göstərməyə başlayacaq. O, xarici ticarətdə idxal və logistika məhdudiyyətlərini, eləcə də bundan sonra baş verəcək ixrac məhdudiyyətlərini əsas problemlər kimi göstərib. İnflyasiya da getdikcə yüksəlir, istehlak bazarında qiymət artımları baş verir. Qərb şirkətlərinin Rusiyadan çıxması nəticəsində işsizlik artır. Qərbdəki tərəfdaşlarını itirən bəzi yerli şirkətlər əməkdaşları məcburi məzuniyyətə göndərir, Rusiya hava limanlarının fəaliyyəti xeyli məhdudlaşdığından, orada da iş qrafiki azaldılır, bir çox əməkdaşlar evə göndərilir. E.Nabiullina etiraf edir ki, nəinki idxaldan asılı sahələr, hətta yerli istehsalı təşkil olunmuş və çox minimal səviyyədə idxal məhsuluna ehtiyac duyan sahələr də problemlə üzləşib. Çünki bir məhsulun istehsalında 1 faiz də olsa xarici komponentə ehtiyac varsa, sanksiyalardan sonra həmin məhsulu buraxmaq, ya da ən yaxşı halda əvvəlki keyfiyyətdə buraxmaq mümkün olmayacaq.

Sanksiyalar öz yerində, amma qısamüddətli perspektivdə hərb meydanında Rusiyanın qalib gəlməsinə və öz məqsədlərinə nail olub, müharibəni bu şərtlərdə dayandırmasına imkan verməmək də Qərbin marağındadır. Bu məqsədlə Ukraynanın silahlandırılmasında keyfiyyətcə yeni mərhələ başlayıb. Ukraynaya müasir silahlar, Rusiya ordusunda olmayan uzaqvuran artilleriya qurğuları, kamikadze dronlar göndərilir. Artıq hər kəs - həm Qərb, həm də Ukraynanın özü gördü ki, Rusiya ordusu məğlubedilməz deyil. Ukraynanın cəsur və qəhrəmancasına müqaviməti Qərb liderlərini də cəsarətləndirib və müharibənin ilk həftələri ilə müqayisədə onların ritorikasında radikal dəyişiklik müşahidə olunur. Onlar artıq Ukraynanın qələbə ehtimalından danışmağa və bunun üçün hər cür dəstək verəcəklərini açıq bəyan etməyə başlayıblar. Hətta Ukraynaya hərbi yardımlarda hələ də tərəddüd edən, bu səbəblə Qərbdə ən çox tənqid olunan Almaniya kansleri Şolts bildirib ki, Putinin şərtləri əsasında sülhə getmək olmaz. Ona görə də Ukrayna ordusunun uğurla müdafiə olunması, hətta yaxın həftələrdə əks-hücumlara başlayıb, ərazilərini azad etməsi üçün lazımi silahların göndərilməsinə qərar verilib. 

Bir önəmli məqamı da qeyd etmək lazımdır ki, Ukrayna savaşının nəticələrindən asılı omayaraq, nə qədər ki, Putin hakimiyyətdədir, Qərb-Rusiya münasibətləri heç vaxt əvvəlki səviyyəyə qayıtmayacaq. Əlbəttə ki, Rusiya ilə dialoq qapıları qapadılmayacaq, lakin Putin dönəmində əlaqələrin təkrar inkişafını gözləmək yanlış olar. Qərb (eləcə də Yaponiya) Putin rejiminin iflasında maraqlı olduğunu gizlətmir. Rusiya ilə münasibətlərin inkişafı yalnız Moskvadakı köklü siyasi dəyişikliklərdən sonra mümkün olacaq". 

Dünya SAKİT,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR