İnsanlara hürriyət, millətlərə istiqlal!

Sammit səmimiyyəti - “Mehriban düşmənlər” və “intriqalı müttəfiqlər”in şəkilləri yalan deyir

Litvanın paytaxtı Vilnüsdə keçirilən NATO sammitində bir çox maraqlı məqamlarla yanaşı, ABŞ prezidenti Cozef Baydenlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın arasındakı səmimi söhbət də diqqət çəkib.

NATO-nun baş katibi Yens Stoltenberqin yaxın iştirakı ilə onlar bir arada olublar, müzakirə aparıblar, fotoqraflara poza veriblər, aralarında heç nə olmayıbmış kimi davranıblar.

İndi bu görüntülər həm ABŞ-da, həm də Türkiyədə müzakirə mövzusudur.

Çünki hər iki ölkədə, eləcə də digər maraqlı ölkələrin siyasi dairələrində hamı bilir ki, Baydenlə Ərdoğanın bir-birinə münasibəti o qədər də ilıq deyil. Əslində 2016-ci ildən bəri ABŞ-la Türkiyənin münasibəti necədirsə, ölkələrin liderlərinin də münasibəti elədir.

Onlar NATO-da müttəfiq olsalar da, qarşılıqlı ticarətə davam etsələr də aralarında ciddi siyasi problemlər, vaxtaşırı şiddətlənən çəkişmə-dartışma var.

resimid_233509071_23350907.jpg (151 KB)

Burada qeyd olunan “2016-cı ildən bəri” söhbəti boşuna deyil. Düzdür, ondan xeyli əvvəl də ABŞ və Türkiyə arasında Yaxın Şərqlə bağlı fikir ayrılığı və problemlər (ABŞ hərbçilərinin sülhməramlı türk əsgərlərinin başına çuval keçirməsi olayı) vardı, amma qırılma nöqtəsi məhz 2016-cı ilin 15 iyulunda Türkiyədə baş verən hərbi qiyam təşəbbüsü, dövlət çevrilişi cəhdi oldu. İki gündən sonra 7-ci ildönümü olacaq həmin çevrilişə görə Türkiyə açıq mətnlə ABŞ-ı ittiham etmişdi və həmin fikrini dəyişməyib. Çünki qiyama qatılan generallar NATO-ya, mülki şəxslər isə ABŞ-ın Pensilvaniya ştatında xüsusi malikanədə krallar kimi yaşayan Fətullah Gülənə bağlı adamlar idi.

Sonradan Türkiyə qiyam cəhdinin detalları ilə bağlı ABŞ-a çamadan-çamadan sübutlar versə də, ABŞ “Gülən camaatı”nın liderini və fəallarını Türkiyəyə verməkdən imtina etdi.

O vaxtdan bəri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yeri düşdükcə ABŞ administrasiyasını ona və Türkiyəyə qarşı olmaqda ittiham edir. Çevriliş cəhdi zamanı prezident Barak Obama olsa da, Türkiyə tərəfi Ərdoğanın devrilməsinin əsas təşəbbüskarının Co Bayden olduğunu dəfələrlə qeyd edib.

Bu il may ayının 14-də birinci turu, 28-də isə ikinci turu keçirilən prezident seçkisi kampaniyasında da Ərdoğan Bayden və ABŞ əleyhinə ritorikadan istifadə edib.

resimid_233510511_23351051.jpg (203 KB)

May ayının 12-də İstanbulda keçirilən tədbirdə çıxış edən Ərdoğan deyib ki, Baydenin onu devirmək əmri verdiyini bilir və xalq seçki qutusuyla Baydenə cavab verəcək.

Bu gerçək hələ seçki kampaniyasının əvvəlində də, ortasında da, sonunda da tam çılpaqlığı ilə ortadaydı. ABŞ-da və ABŞ-a dəstək verən Avropa ölkələrinin mediasında Ərdoğanın əleyhinə aparılan antitəbliğatın misli-bərabəri yox idi. İndiyədək heç bir başqa ölkədə prezidentliyə namizəd olan birinin əleyhinə belə şiddətli qara piar kampaniyası aparılmayıb.

İndi o günlər arxadadır və bir-birini həzm etməyən liderlər sammitlərdə üz-üzə gələrkən gülümsəməyə, ayaqüstü söhbətlər etməyə məcburdurlar.

Araz Altaylı, Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR