İnsanlara hürriyət, millətlərə istiqlal!

"Sakitcə aparıb qəbirə qoyub gəlin, qoy heç kim bilməsin ki..." - Aybəniz Haşımovadan SENSASİON açıqlamalar

"Aygün Bəylərin vəfatına çox üzüldüm. Onun həkimi ilə çox yaxın münasibətimiz var. Bacımı da müalicə edən onun həkimidir. Ona görə də düşündüm ki, ən düzgün informasiyanı o mənə verə bilər. Həkimlə əlaqə saxlayanda mənə demişdi ki, vəziyyəti çox ağırdır, amma həyatdadır. Mən də bu xəbərə çox sevindim".

Bu sözləri Musavat.com-a Əməkdar artist Aybəniz Haşımova deyib. 

"Mən də dəfələrlə ağır xəstə olmuşam, sonra Allah şans verib yaşamışam. Ona görə də inandım ki, Aygün xanım sağ qalacaq. Onun ölümünü xalq olaraq niyə istəyək axı? Hamı istəyirdi ki, o, sağ qalsın. Hamı yaxşı xəbər gözləyirdi. Nazirliyin Aygün Bəylərin ölüm xəbərini təsdiqləməsi məni çox üzdü, çox məyusam. Axşam halım pərişan oldu. Üstünüzə sağlıq, özüm də xəstəyəm. Əsl sənətkarlar dünyadan gedəndə mənə pis təsir edir, özü də gənc yaşda.

Son zamanlar elə şeylər baş verir ki, bir azdan adam öləndə də heç kim inanmayacaq. O qədər səhv gedir, adam bilmir kimə inana. Evdəkilərə deyirəm ki, mənə nəsə olsa, heç kimə deməyin. Sakitcə aparıb qəbirə qoyub gəlin, qoy heç kim bilməsin ki, rəhmətə getmişəm. Çünki bu qədər yazılar görürəm, bunlar xoşuma gəlmir. O vaxt kimsə öləndə hamı bilirdi ki, bu öldü, qalanda da hamı bilirdi ki, şükr, qaldı. Bəs indi kimə inanaq?

O vaxt İslam Rzayev indiki Mərkəzi Klinikada yatırdı. Mən, Aygün Bayramova, Gülüstan Əliyeva, Zakir Əliyev, Eldəniz Məmmədov, Rövşən Əziz – hamımız yanında oturmuşduq. Gözümüzün qabağında təzyiqi sıfıra düşdü, gözünü yumdu. Hamı təşvişə düşdü ki, İslam müəllim əldən getdi. Sonra həkimlər onu tənəffüs cihazına qoşdular, bacardıqları qədər yaşatmağa çalışdılar. Yadınızdadırsa, o vaxt da nə qədər fikirlər səsləndirdilər. Hətta özüm də çaşbaş qaldım, çünki rəhmətlik yoldaşı zəng elədi ki, rəhmətə getdi. Bir neçə dəqiqədən sonra həkimlər dedilər ki, sağdır.

Bu məsələni bir orqanın üzərinə yıxmaq lazım deyil. Mən eşitdiyimə görə, ilk olaraq Aygün Bəylərin ailəsi paylaşım edib. Bilmirəm, sonra fikirlər niyə dəyişdi…

Düşünürəm ki, Aygün Bəylərin prodüserinin verdiyi açıqlama hamını çaşbaş salıb. Nazirlik, ya da jurnalistlər orada deyil axı. Onun yanında olanlar informasiyanı düz verməlidirlər. Hamı üzülüb. Mən inanmıram ki, kimsə Aygün Bəylərin o halına sevinərdi. İnsanın ölümünə kim sevinə bilər? Aygün xanım çox istedadlı ifaçı idi. Çox üzülürəm, Allah onun yerini behişt eləsin, ruhunu şad eləsin. Elə biz vəziyyətdəyəm ki, özümü də unutmuşam", - A.Haşımova bildirib.

Qeyd edək ki, Əməkdar artist Aygün Bəylər uzun müddət əziyyət çəkdiyi xərçəng xəstəliyindən vəfat edib. Müğənni Ankaraya müalicə üçün getmişdi. 

Aytən Novruz
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR