Onlayn ictimai-siyasi qəzet
Qanunsuz separatçı xuntanın keçmiş lideri Samvel Şahramanyan Paşinyanı ifşa edən bir açıqlama ilə çıxış edib. O deyib ki, Qarabağ separatçılarının ordusu təslim olmanın son saniyəsinə qədər Ermənistan Müdafiə Nazirliyinə tabe olub və onun ərazi bölməsi olub.
Musavat.com qeyd edir ki, Şahramanyan vurğunu birbaşa Nikolun üzərinə "yükləyib": "Paşinyan bunu çox gözəl anlayır".
Separatçıların son lideri deyib ki, "Artsaxın (qondarma) hərbi-siyasi rəhbərliyi canlı girov olaraq qaldı ki, xalq sağ-salamat çıxsın".
Musavat.com bildirir ki, S.Şahramanyanın bu açıqlaması Ermənistanın baş nazirinə açıq "danışaram ha", təhdidi sayıla bilər. Redaksiyamızda olan məlumatlar da bu istiqamətdədir ki, Qarabağ separatçılarının bütün hərbi - siyasi cinayətlərinə əslində Paşinyan baş komandan və dövlət rəhbəri olaraq birbaşa və birinci dərəcədən məsuliyyət daşıyır.
Bu barədə Bakıda həbsdə olan separatçıların digər lideri Araik Arutyunyan da Azərbaycan istintaqına təfsilatlı ifadə verib. Həmin ifadələrdən, eyni zamanda Qarabağda ələ keçirilən arxivlərdən mötəbər sübut növü kimi istifadə etməklə, Azərbaycan dövləti olaraq Nikol Paşinyanı müharibə və insanlıq əleyhinə cinayətlərdə suçlaya bilərik.
İstər Arutyunyanın ifadələrindən, istərs də Xankəndində ələ keçirilən hərbi - siyasi arxivlərdən aydın olur ki, 44 günlük Vətən müharibəsi dövründə Qarabağdakı separatçı quldur dəstələrinin Azərbaycan ordusuna və dinc əhaliyə qarşı bütün hərəkətləri Paşinyanla razılaşdırılıb, bir çox hallarda isə birbaşa onun yazılı və şifahi əmri ilə həyata keçirilib.
O cümlədən, Musavat.com-un bundan öncə də yazdığı kimi, Gəncənin və Bərdənin qadağan olunan raketlərlə vurulması da Paşinyanın əmri ilə baş verib.
Belə bir vəziyyətdə, Paşinyana ən yaxın adam olan Araik Arutyunyanın Bakıda, sonuncu qondarma "prezident" Şahramanyanın isə İrəvanda verəcəyi açıqlamalar Paşinyanı Azərbaycan dövlətinin gözündə Sərkisyan və Köçəryanla eyni sıraya qoymuş olur.
Paşinyan son günlər yenidən oyun oynamağa, sülh müqaviləsindən yayınmağa başlayıb. Belə davam edərsə, sülh müqaviləsindən tam cayarsa, təbii ki, rəsmi Bakı da gərəkəni edəcək.
Bu gərəkənlər sırasında Araik Arutyunanın verdiyi video - ifadənin yayınlanması da var.
Bəlli olduğu kimi, həmin açıqlama müvafiq film halında bir neçə dəfə anons edilib. Lakin (bizə görə) məhz sülh müqaviləsi və konstruktiv münasibətlər naminə nümayiş etdirilməyib.
Paşinyan destruktiv xəttə qayıdırsa, işpozanlıq edirsə, daha o filmi saxlamağın da mənası qalmır...
Musavat.com
26 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ