İnsanlara hürriyət, millətlərə istiqlal!

Sahibə Qafarova: “torpaqların azad edilməsi regionda yeni reallıqlar və imkanlar yaradıb”

Milli Məclisin sədri Sahibə Qafarovanın parlamentin növbədənkənar sessiyasının bu gün keçirilən plenar iclasında çıxış edərək Türkiyəyə son səfəri barədə deputatları məlumatlandırıb.

Spiker bildirib ki, iyunun 19-da və 20-də mənim rəhbərliyimlə Milli Məclisin nümayəndə heyəti Türkiyənin İstanbul şəhərində işgüzar səfərdə olub: “Səfərdə məqsəd Qlobal Parlament Konfransında iştirak etmək idi. Türkiyə Böyük Millət Məclisi ilə Parlamentlərarası İttifaqın birgə təşkil etdikləri bu mötəbər toplantı müasir dövrün aktual problemlərindən olan miqrasiya və qaçqınlar probleminə həsr edilmişdi. Konfransın birinci panelinin əsas məruzəçisi kimi etdiyim çıxışda mən miqrantların və qaçqınların qəbulu və yerləşdirilməsi, cəmiyyətə və iqtisadiyyata daha səmərəli inteqrasiyasının təmin edilməsi, onların ləyaqətli, təhlükəsiz şəraitdə doğma ölkələrinə qaytarılması məsələləri barədə fikirlərimi bildirdim. İllər öncə Avropa Şurası Parlament Assambleyasının Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin sədri olarkən topladığım təcrübəyə əsaslanaraq qeyd etdim ki, müvafiq qlobal sazişlər miqrantların və qaçqınların hüquqlarının qorunması üçün bu sahədə beynəlxalq əməkdaşlığın zəruriliyini göstərir. Mən bu sahədə Azərbaycanın təcrübəsi haqqında məlumat verərək vurğuladım ki, miqrasiya proseslərinin beynəlxalq normalara və milli qanunvericiliyə uyğun idarə edilməsi, həmçinin miqrantların hüquqlarının qorunması dövlətimizin miqrasiya siyasətinin prioritetlərini təşkil edir. Çıxışımda qeyd etdim ki, Azərbaycan miqrasiya və qaçqınlar haqqında hər iki qlobal Sazişə qoşulan ilk ölkələrdən biri, regionda BMT-nin Miqrasiya Şəbəkəsini milli səviyyədə ilk dəfə yaratmış ölkədir”.

S.Qafarova daha sonra bunları bildirdi: “Ölkəmizin 2020-ci ildə Vətən müharibəsində əldə etdiyi Zəfər barədə məlumat verərkən söylədim ki, 30 il ərzində işğalın ağır sosial-iqtisadi yükünə baxmayaraq, Azərbaycan 1 milyona yaxın qaçqının və məcburi köçkünün ehtiyaclarını ödəmək üçün bütün lazımi tədbirləri həyata keçirib. Bildirdim ki, işğal olunmuş torpaqların azad edilməsi regionda yeni reallıqlar və imkanlar yaradıb. Bu qələbə sayəsində məcburi köçkünlərin doğma yurdlarına qayıtmaq hüququ təmin olunub və Azərbaycan bu gün dinamik daxili miqrasiya proseslərinin astanasındadır. Azad edilmiş ərazilərin bərpası və yenidən qurulması, eləcə də ölkə iqtisadiyyatına reinteqrasiyası üçün görülən tədbirlər Qarabağı və Şərqi Zəngəzuru turizm və investisiyalar üçün cəlbedici bir məkana çevirəcək”.

 Sədr bildirdi ki, İstanbul şəhərinə işgüzar səfər çərçivəsində Türkiyə Böyük Millət Məclisinin sədri cənab Mustafa Şentopla ikitərəfli görüş də keçirilib: “Söhbət zamanı Azərbaycanla Türkiyə arasında münasibətlərin dostluq və qardaşlıq prinsiplərinə söykənərək uğurla inkişaf etməsindən məmnunluq ifadə olundu. Hər iki ölkənin bütün məsələlərdə eyni mövqedən çıxış etdiyi, dostluq və qardaşlıq nümayiş etdirdiyi vurğulandı. Azərbaycanın və Türkiyənin dövlət başçıları arasında yüksək səviyyəli münasibətlərin ikitərəfli əməkdaşlığın dinamik inkişafına töhfə verdiyi nəzərə çatdırıldı. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edildi”.

 Yekunda spiker Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri hörmətli Əhliman Əmiraslanova və nümayəndə heyətinin digər üzvlərinə minnətdarlığımı bildirdi.

E.Paşasoy,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR