İnsanlara hürriyət, millətlərə istiqlal!

Sahibə Qafarova: “İkinci Dünya müharibəsindən sonra Azərbaycan işğal olunmuş torpaqlarını azad edən yeganə dövlətdir”

 

Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün, 21 iyun tarixli plenar iclasında çıxış edib.
 
Musavat.com spikerin çıxışını təqdim edir: 
 
 “Hörmətli həmkarlar!
Bildiyiniz kimi, iyunun 17-də və 18-də Bakıda Milli Məclisin ev sahibliyi ilə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının bir sıra tədbirləri keçirilmişdir. Qeyd edim ki, ötən yarım il ərzində bu beynəlxalq təşkilata Azərbaycan parlamenti sədrlik etmişdir.
İyunun 17-də Parlament Assambleyasının 70-ci Büro və 65-ci Daimi Komitəsinin iclasları keçirildi. Təşkilatın ötən dövr ərzində fəaliyyəti və digər məsələlər müzakirə edildi, müvafiq qərarlar qəbul olundu.
 
Hörmətli həmkarlar!
İyunun 18-də Milli Məclisin sədrliyi ilə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının 65-ci Baş Assambleyası keçirildi. Qeyd edim ki, tədbirdə təşkilatın üzvü olan 10 ölkə parlamentinin və 8 beynəlxalq təşkilatın 115 nəfərə qədər təmsilçisi iştirak etdi.
Toplantıda “Qara dəniz iqtisadi əməkdaşlıq regionunda intellektual və dayanıqlı nəqliyyat infrastrukturu vasitəsi ilə əlaqələrin möhkəmləndirilməsi və çevikliyin artırılması” mövzusu ətrafında müzakirələr aparıldı. Mən öz çıxışımda Azərbaycanın təşəbbüsü ilə transmilli enerji layihələrinin həyata keçirilməsi, nəqliyyat infrastrukturunun inkişafı sahəsində görülmüş işlərin əhəmiyyəti barədə danışdım. Qeyd etdim ki, Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizinin inkişafı ilə bağlı layihələr Xəzərin yaşıl enerji ehtiyatlarının Avropaya ixracına imkan yaradacaq, ölkələrimizin yaşıl inkişaf gündəliyinə töhfə verəcək.
Müasir dövrün problemləri ilə əlaqədar təşkilatın daha da gücləndirilməsi, onun qarşısında dayanan hədəflərin əldə edilməsi yolları barədə baxışlarımı bölüşdüm.
Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi uğurlar haqqında danışarkən onu da vurğuladım ki, Azərbaycan bu gün həm müasir çağırışların öhdəsindən gələn, həm də regional və qlobal gündəmi fəal şəkildə formalaşdıran, sülh, inkişaf və bərabər hüquqlu əməkdaşlığı müdafiə və təşviq edən dövlətdir.
Eyni zamanda, xatırlatdım ki, İkinci Dünya müharibəsindən sonra Azərbaycan işğal olunmuş torpaqlarını azad edən, ərazi bütövlüyünü özü öz gücü ilə bərpa edən yeganə dövlətdir.
 
Hörmətli deputatlar!
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasına növbəti müddət üçün sədrlik Bolqarıstan Respublikasının Milli Assambleyasına təhvil verildi.
Sessiya çərçivəsində ikitərəfli görüşlər də keçirildi. Bolqarıstan Milli Assambleyasının sədri Nataliya Kiselova  və həmin günlərdə Azərbaycanda rəsmi səfərdə olan Şimali Makedoniya Assambleyasının sədri Afrim Qaşi ilə görüşlərimdə regional və beynəlxalq parlament təşkilatlarında əməkdaşlıq, parlament dostluq qruplarının fəaliyyəti, parlament diplomatiyasının əhəmiyyəti  və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıldı”.
S.Qafarova daha sonra bunları söylədi:
“Hörmətli deputatlar!
Bildiyiniz kimi, tədbirin iştirakçısı olan xarici ölkə parlamentlərinin təmsilçiləri Füzuli rayonunu, Şuşa və Xankəndi şəhərlərini ziyarət etmişlər. Düşünürəm ki, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 illik işğalı dövründə törədilmiş dağıntılar, eləcə də azad edilmiş torpaqlarımızda həyata keçirilən geniş miqyaslı bərpa-quruculuq işləri ilə tanışlıq ölkəmiz barədə həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından böyük əhəmiyyətə malikdir.
Hörmətli həmkarlar!
Hesab edirəm ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının bütün tədbirləri uğurla keçdi. Bununla əlaqədar mən tədbirlərin təşkilində əməyi olan Milli Məclisin deputatlarına, Aparatın və İşlər İdarəsinin əməkdaşlarına minnətdarlığımı bildirirəm”.
 
E.Paşasoy,
Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR