İnsanlara hürriyət, millətlərə istiqlal!

Sahibə Qafarova: “1 şəhid anası və 4 qazi Milli Məclisin Aparatında və İşlər İdarəsində işlə təmin olunub”

 

Milli Məclisin sədri Sahibə Qafarova parlamentin 30 dekabr 2022-ci il tarixli plenar iclasında ilin və payız sessiyasının yekunlarına dair çıxış edib.

Musavat.com çıxışın tam mətnini təqdim edir:

 

“Hörmətli həmkarlar!

Bu gün payız sessiyasının son iclasıdır. Və bu gün biz həm sessiyaya, həm də bu ilə, yəni 2022-ci ilə yekun vururuq.

Mən sessiya və il ərzində görülmüş işlər haqqında sizə qısa məlumat vermək istəyirəm.

Öncə onu söyləyim ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin altıncı çağırış Milli Məclisin birinci iclasında verdiyi tövsiyələrə uyğun olaraq parlamentin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində görülən tədbirlər bu dövrdə də ardıcıl davam etdirilmişdir.

Milli Məclis Konstitusiya ilə nəzərdə tutulan səlahiyyətlərini tam həcmdə yerinə yetirmişdir. Payız sessiyasında parlamentin 19 iclası keçirilmiş, 206 qanun və qərar qəbul edilmişdir. Ümumiyyətlə isə, 2022-ci ildə 37 plenar iclas olmuş, 320 qanun və qərar layihəsinə baxılmışdır. Bir çox qanunlara və məcəllələrə mühüm dəyişikliklər qəbul edilmişdir. Qanunvericilik aktlarının böyük əksəriyyəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatların hüquqi mexanizmini möhkəmləndirməyə yönəlmişdir.

Hörmətli həmkarlar !

Qeyd etmək lazımdır ki, qanunvericilik və qanunyaratma fəaliyyətinin səmərəsini artırmaq üçün ictimai  dinləmə formatından geniş istifadə edilmişdir. Deyə bilərəm ki, bu il ərzində 10 dinləmə keçirilmiş, böyük ictimai maraq doğuran qanun layihələri və digər məsələlər hərtərəfli müzakirə edilmişdir.

Xocalı soyqırımının 30 illiyi, Vətən müharibəsinin başlanmasının ildönümü, 8 noyabr – Zəfər Günü ilə əlaqədar Milli Məclisin bəyanatları qəbul  olunmuşdur. Digər bir bəyanatla Milli Məclis Fransada fəaliyyət göstərən erməni lobbisinin və ermənipərəst siyasi dairələrin təhriki ilə Fransa parlamentinin hər iki palatasının qəbul etdiyi qətnamələrə etirazını bildirmişdir. Bu sənədlər Ermənistan Respublikasının Azərbaycana qarşı həyata keçirdiyi etnik nifrət, düşmənçilik və qəsbkarlıq siyasətinə, ərazi iddialarına haqq qazandırmaq niyyəti güdən qərəzli aktlar kimi qiymətləndirilmişdir.  

Qeyd edim ki, həm bu, həm də bir sıra digər məsələlər ilə əlaqədar xarici ölkələrin parlamentlərinə və beynəlxalq parlament təşkilatlarına Milli Məclisdən çoxsaylı məktublar göndərilmişdir.

Hörmətli həmkarlar!

Milli Məclis nəzarət funksiyasını səmərəli surətdə həyata keçirmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Hesablama Palatasının, İnsan hüquqları üzrə müvəkkilin, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun, gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının hesabat, məruzə və məlumatları dinlənilmişdir.  

Hörmətli həmkarlar!

Milli Məclisin deputatları seçki dairələrində fəal iş aparmışlar. Millət vəkilləri öz seçiciləri ilə müntəzəm görüşlər keçirmiş, onları düşündürən məsələləri Milli Məclisin iclaslarında, eləcə də digər hakimiyyət orqanları qarşısında qaldırmışlar. Xüsusən, şəhid ailələrinin və qazilərin  problemlərinə diqqət göstərilmişdir. Yeri gəlmişkən, qeyd edim ki, 1 nəfər şəhid anası və 4 nəfər qazi Milli Məclisin Aparatında və İşlər İdarəsində işlə təmin olunmuşlar.

Hörmətli həmkarlar!

Bu il Milli Məclisdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması sahəsində  də lazımi tədbirlər  həyata keçirilmişdir. Qeyd edim ki, Milli Məclisin rəhbərliyi, komitə sədrləri və Aparatın şöbə müdirləri tərəfindən 2700-ə qədər vətəndaş qəbul edilmiş, parlamentdə 20 minə yaxın vətəndaş müraciətinə baxılmışdır.

Hörmətli həmkarlar!

Başa çatmaqda olan il Milli Məclisin beynəlxalq əlaqələrinin intensivliyi baxımından da məhsuldar bir dövr olmuşdur. Nümayəndə heyətlərimiz üzv olduğumuz beynəlxalq parlament təşkilatlarının fəaliyyətində iştirak etmişlər. İl ərzində deputatlarımız 59 ölkəyə 116 səfər həyata keçirmişlər. Başqa sözlə deyilsə, 85 deputat 292 dəfə xarici ölkələrə ezam olunmuşdur.

Milli Məclisin sədrinin 14 ölkəyə rəsmi və işgüzar səfərləri olmuşdur. Bütün xarici səfərlərdə Milli Məclisin deputatları parlamentlərarası əlaqələrin inkişafı məsələlərini, müasir dövrdə dövlətlərin qarşılaşdığı problemlərin həllində parlament diplomatiyasının imkanlarını müzakirə etmişlər.

Bütün görüşlərdə deputatlar 44 günlük Vətən müharibəsindən sonra Cənubi Qafqaz bölgəsində mövcud olan vəziyyət və Ermənistanla Azərbaycan arasında sülh perspektivləri barədə məlumat vermişlər. Qeyd edilmişdir ki, Qarabağ münaqişəsi artıq tarixə çevrilmişdir. Hazırda Azərbaycan işğal dövründə Ermənistan tərəfindən dağıdılmış şəhər və kəndlərdə  bərpa-quruculuq işləri həyata keçirir. Hörmətli həmkarlarım həmişə sülh prosesini və quruculuq işlərini ləngidən ən mühüm problemlərə - Ermənistanın təxribatlarının davam etməsinə və ərazilərə çoxlu sayda minalar basdırılmasına da diqqət çəkmişlər. Bu məlumat da çatdırılmışdır ki, Azərbaycan dünyanın ən çox minalanmış ölkələrindən biri olsa da, minatəmizləmə fəaliyyətində hələ də ən az beynəlxalq dəstək alan ölkələrdən biridir.

Hörmətli həmkarlar!

Milli Məclisin sədrinin səfərləri gedişində Özbəkistanın qanunvericilik orqanı ilə əməkdaşlıq haqqında saziş və "Yol xəritəsi", Türkmənistan parlamenti ilə əməkdaşlığa dair Anlaşma Memorandumu, Kamboca parlamenti ilə Anlaşma Memorandumu da imzalanmışdır. Bundan əlavə, Azərbaycan Milli Məclisi ASEAN Parlamentlərarası Assambleyasında müşahidəçi statusu almışdır.

Hörmətli həmkarlar!

Bu il 42 xarici dövlətin və  14 beynəlxalq təşkilatın 100-ə qədər nümayəndə heyəti və təmsilçisi Milli Məclisdə olmuşdur. Beynəlxalq təşkilatların xətti ilə 4 böyük tədbirə ev sahibliyi edilmişdir.

Bu tədbirlər sırasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin iyun ayında Bakıda Heydər Əliyev Mərkəzində keçirilən birinci konfransı xüsusi yer tutur. Əminliklə söyləmək olar ki, dünyada BMT-dən sonra ikinci ən böyük təşkilatın parlament ölçüsünün məhz bizim ölkəmizin səyləri ilə təsis edilməsi və fəaliyyətə başlaması Azərbaycan dövlətinin xarici siyasətinin növbəti böyük nailiyyəti hesab edilməlidir.

Azərbaycanın dövlət başçısının konfransda etdiyi əhatəli və dərin məzmunlu çıxış yeni dialoq və əməkdaşlıq platformasının fəaliyyət istiqamətlərinin müəyyən edilməsi baxımından çox əhəmiyyətli olmuşdur.

Bakı konfransında xarici ölkələrin və beynəlxalq təşkilatların 50-yə yaxın nümayəndə heyətinin, başqa sözlə, 400-ə qədər nümayəndənin, o cümlədən 15 parlament sədrinin, 17 sədr müavininin iştirak etməsi bu mötəbər tədbirə göstərilən böyük maraq və diqqətin təzahürü idi.

Hörmətli həmkarlar!

Azərbaycanın parlament diplomatiyasının uğurlarını artırmaq üçün Milli Məclisdə keçirilmiş digər beynəlxalq tədbirlərin imkanlarından da lazımınca istifadə edilmişdir. Bu baxımdan may ayında Milli Məclisdə keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransının önəmini  xüsusi vurğulamaq istəyirəm.

Konfransda Parlament Assambleyasına sədrlik Pakistan Milli Assambleyasından Azərbaycan Milli Məclisinə təhvil verilmişdir. Konfransın yekununda qəbul olunmuş Bakı Bəyannaməsində bölgədə iqtisadi və sosial inkişafın təmin edilməsində, inteqrasiya və əməkdaşlıq proseslərinin inkişafında parlamentlərin rolu qeyd edilmişdir. Sənəddə 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi qələbənin regionda davamlı sülh və iqtisadi tərəqqiyə yol açacağına inam ifadə olunmuşdur.

Bu tədbirlərdən əlavə, 7-ci Beynəlxalq Sosial Elmlər Konqresini və Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin VII üçtərəfli birgə iclası kimi beynəlxalq tədbirləri də qeyd etmək olar.

Hörmətli həmkarlar!

Parlamentin beynəlxalq əlaqələrinin inkişafına yönələn tədbirlərdən biri də 18 ölkənin qanunvericilik orqanları ilə əlaqələr üzrə yeni işçi qruplarının yaradılması olmuşdur. Təcrübə göstərir ki, parlament üzvlərinin şəxsi təmasları parlamentlərarası əlaqələri gücləndirməyin mühüm bir amilidir.  Və hesab edirəm ki, yeni yaradılan qrupların bu istiqamətdə fəaliyyəti səmərəli olacaqdır.

Hörmətli həmkarlar!

Milli Məclisin Şuşa gündəliyi haqqında fikirlərimi də sizinlə bölüşmək istəyirəm. Bildiyiniz kimi, bu ilin aprel ayından başlayaraq Milli Məclisin bir sıra komitə iclasları Şuşa şəhərində təşkil edilmişdir. Artıq bütün komitələrimiz Azərbaycanın mədəniyyət paytaxtında iclaslarını keçirmişlər.

Hesab edirəm ki, komitə iclaslarının Şuşa şəhərində baş tutması müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə edilmiş şanlı Zəfərin yaratdığı yeni reallığın təzahürlərindən biridir. Eyni zamanda, möhtərəm cənab Prezidentin sərəncamı ilə elan edilmiş “Şuşa ili”nə töhfə vermək niyyəti ilə bağlıdır.

Bütün bunlarla yanaşı, hörmətli həmkarlar, Milli Məclisin ev sahibliyi ilə keçirilən bütün beynəlxalq tədbirlərin iştirakçısı olan parlament təmsilçilərinin Şuşa şəhərinə ziyarətləri təşkil edilmişdir.

Hesab edirəm ki, bu ziyarətlər Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından çox əhəmiyyətli olmuşlar. Qonaqların Füzuli Beynəlxalq Hava Limanına enməsi, qəhrəman Azərbaycan əsgərinin açdığı Zəfər yolunu keçərək Şuşa şəhərinə getməsi, mədəni, dini  və tarixi  abidələri seyr etməsi, eləcə də şəhərdə aparılan  bərpa və quruculuq işləri ilə tanış olması onların ölkəmiz və xalqımız barədə təsəvvürlərini daha da zənginləşdirmişdir.

Beləliklə, hörmətli həmkarlar, Milli Məclis payız sessiyasını və 2022-ci ili uğurla başa çatdırır. Bununla əlaqədar mən sizə səmərəli iş üçün təşəkkür edirəm.

Hörmətli həmkarlar, qarşıdan bayramlarımız gəlir. Sabah xalqımız Dünya azərbaycanlılarının həmrəyliyi gününü, daha sonra isə Yeni ili qeyd edəcəkdir.

Mən bayramlar münasibəti ilə sizin hər birinizi səmimi qəlbdən təbrik edirəm, media nümayəndələrini təbrik edirəm !

Eyni zamanda, hörmətli həmkarlar, təklif edirəm ki, möhtərəm Prezidentimiz İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya Milli Məclis adından təbrik məktubları ünvanlayaq və Azərbaycan dövlətinin daha da möhkəmlənməsi və inkişaf etməsi, xalqımızın rifahının yüksəlməsi naminə dəyərli fəaliyyətlərində onlara yeni böyük uğurlar  arzulayaq”.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR