İnsanlara hürriyət, millətlərə istiqlal!

Şagirdlər özünü pedofillərdən müdafiə edə bilərmi?

Ekspert: “Məktəblinin özünü müdafiə edə bilməsi üçün müəyyən təhsil proqramları hazırlana bilər”

Son vaxtlar azyaşlı uşaqlara, məktəblilərə, yeniyetmələrə qarşı qeyri-etik hərəkətlər edilməsi, bəzən cinsi istismara məruz qoyulması hallarında artım müşahidə olunur. Son olaraq bir neçə gün öncə Bakıda azyaşlılara qarşı qeyri-etik hərəkət edən manyakın ortaya çıxmasını misal göstərmək olar.

Bu cür cinayətkarların sayının  son vaxtlarda artması cəmiyyətdə böyük narahatlıq doğurub. Valideynlər artıq övladlarını məktəbə tək göndərməkdən, təhlükəsizliyi ilə bağlı məsələlərdən qorxur.

Ekspertlər qeyd edir ki, son vaxtlar ölkədə pedofil şəxslərin, uşaqlara qarşı qeyri-etik davranışlar edən, onları cinsi təcavüzə məruz qoyan manyakların sayının artmasında koronavirusun, pandemiyanın, həmçinin narkomaniyanın artmasının mühüm təsiri var. Bu baxımdan, valideynlər daha diqqətli, məsuliyyətli olmalı, övladlarını psixoloji baxımdan doğru yönləndirməlidirlər ki, uşaq nadürüst, problemli qrupların və insanların qurbanına çevrilməsin.

Bu məsələdə təkcə valideynlər məsuliyyətli olmalıdır?

Oxu.az - Kəmalə Ağazadə: Donmamaq üçün elektrik şitinin içində ölən uşaqdan  sonra sığınacaq yaratdım - MÜSAHİBƏ

Kəmalə Ağazadə 

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə “Yeni Müsavat”a deyib ki, bu məsələdə təkcə valideyn deyil, məktəblərin də üzərinə çox böyük məsuliyyət düşür və bununla bağlı xüsusi proqramlar hazırlanmalıdır: “Çünki uşaq, yeniyetmə vaxtının çox hissəsini təlim-tərbiyə müəssisələrində keçirir. Lakin uşaqlara qarşı edilən qeyri-etik hərəkətlər zamanı uşaqlar özünü necə müdafiə etməlidir məsələsində ailənin çox böyük rolu olmalıdır. Valideyn uşağına başa salmalıdır ki, yolla gedərkən kənar şəxslə ünsiyyət qurmaq olmaz, qurduğu təqdirdə nələrə diqqət, ehtiyat etməlidir və sairə. Ümumiyyətlə, uşağın özünümüdafiəsi istiqamətində işlər görülməlidir və biz bunu çoxdan etməliydik. Uşaqlarla mütləq şəkildə həm cinsi tərbiyə, həm təhlükəsizlik, həm də özünü müdafiə mövzusunda iş aparılmalıdır. Bəlkə də bununla bağlı məktəblərdə hansısa metodiki vəsaitlər də keçmək olar”.

Təhsil eksperti Kamran Əsədov dedi ki, məktəblərdə ümumilikdə 1,6 milyon şagird var və etiraf  edək ki, dövlət orta ümumtəhsil məktəblərində şagirdlərin  təhlükəsizliyi ilə bağlı ciddi problemlər yaşayırıq: “Çox təəssüflər olsun ki, son 2 il ərzində  məktəblərin iştirakı ilə bağlı baş verən neqativlərin sayında kəskin artım  var. Həmçinin kənar şəxslərin məktəbə müdaxiləsi, prospekt və küçələrdə, məktəblərə yaxın ərazilərdə şagirdlərin bu və digər şəxslər tərəfindən fərqli məqsədlər üçün istismar edildikləri ilə bağlı faktlarla qarşılaşırıq. Bu cür məsələlərdə təkcə valideynin deyil, həm də məktəbin məsuliyyəti çoxdur.

2009-cu ildə qəbul edilmiş “Təhsil haqqında” Qanun və 2011-ci ildə  qəbul olunmuş “Orta ümumtəhsil məktəblərinin nizamnaməsi”nə görə bu istiqamətdə  məktəblərin ciddi öhdəlikləri var. Yəni məktəblər təkcə şagirdlərə təhsil, bilik vermir,  eyni zamanda onların cəmiyyətə hazırlamasında, cəmiyyətdən kənar neqativ hallardan müdafiə  olunmasında bacarıqları  formalaşdırmalıdır. Lakin təəssüf ki, məktəblər bu  öhdəliyini yerinə yetirmir.

Hesab edirəm ki, burada valideyn  məsuliyyəti də olmalıdır, yəni şagirdlərin təhlükəsiz mühiti ilə bağlı müəyyən artıq müasir dövrün texniki tələbləri var - birincisi məktəbin,  ikincisi valideynin öhdəliyi.

Məktəbin öhdəliyi ondan ibarətdir ki, mütləq şəkildə  bütün sinif otaqlarında, koridorlarda, eyni zamanda məktəbin  inzibati ərazisində şagirdlərin kamera təhlükəsizliyi təmin edilməli, yəni mütləq şəkildə  tam nəzarət olunan kameralar olmalıdır. İzlənilməlidir ki, məktəbin inzibati ərazisinin divarından çölünə qədər kənar  şəxslər gözləyirmi və yaxud şagirdlər çıxdıqda onlara kimsə yaxınlaşırmı - bu, məktəb tərəfindən öhdəlikdir.

Eyni zamanda məktəbdə şagirdlərə müəyyən təlimlər  keçirilməlidir ki, onlara kimsə yaxınlaşsa ondan necə qorunmaq, hansı  həyəcan təbili çalmaq lazımdır. Yaxşı olardı ki, şagirdlər  eyni zamanda məktəbdən buraxılsın ki, onlar yolda birlikdə getsinlər. Və yaxud şagirdlərə elektron saatlar verilə bilər, hansı ki, onlar məktəbdən çıxandan sonra saat aktivləşsin və şagirdin hərəkəti, kənar video, səslər düşsün.

Hesab edirəm ki, şagirdlərin özünü müdafiə edə bilməsi üçün müəyyən təhsil proqramları hazırlana bilər. Lakin bunu bədən tərbiyəsi fənnində də aşılamaq olar. Əslində bədən tərbiyəsi dərsində şagirdlərə özünü müdafiə, hər hansı  kənar müdaxilə olanda özünü ilkin qorumaq bacarıqları formalaşdırılmalıdır. Məsələn, Cənubi Koreya, Sinqapur kimi ölkələrin məktəblərində bu var. Amma bizim məktəblərdə bədən tərbiyəsi dərsləri necə keçirilir? Şagirdlər, sadəcə, topun arxasınca qaçır və sairə".

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "Elmi-kütləvi, mədəni-maarif, təhsil peoqramlarının hazırlanması" mövzusunda hazırlanıb.

Xalidə GƏRAY
"Yeni Müsavat"

 

 

 

 

 

 

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR