Onlayn ictimai-siyasi qəzet
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq əməkdaşı 7 nəfərə qarşı dələduzluqda ittiham olunaraq məsuliyyətə cəlb edilib. O, vəzifəli şəxslərlə əlaqələrinin olduğunu deyərək ayrı-ayrı şəxslərdən işə düzəltmək və başqa vədlərlə pul alıb.
Musavat.com xəbər verir ki, Müşfiq Əlirzayev dələduzluqda təqsirli bilinərək hakim qarşısına çıxarılıb.
İttihama görə, 36 yaşlı M.Əlirzayev bir nəfərdən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işə düzəldəcəyi vədi ilə 13 min 600 manat alıb. Bundan başqa, tanışı olan şəxsin avtomobilini öz adına keçirərək 22 min manata satıb. İki nəfərdən əlillik dərəcəsi düzəltmək vədi ilə hər birindən 12 min manat alıb. Başqa bir nəfəri dövlət işinə düzəldəcəyini deyərək 20 min manat alaraq aldadıb. Bir nəfərdən isə viza məsələsini həll edəcəyini deyərək 2 min manat alıb.
Bir xanımdan 15 min manat alıb. Həmin xanım 150 min dollarlıq borcunu ala bilmirmiş. Müşfiq həmin xanıma 150 min dollarını hüquq-mühafizə orqanlarındakı tanışları vasitəsi ilə alacağını vəd edib. Zəhmət haqqı kimi isə 15 min manat istəyib.
Zərərçəkmişlərin ifadəsindən məlum olub ki, Müşfiq özünü DTX əməkdaşı kimi təqdim edib. Əmək və əhalinin sosial müdafiəsi nazirinin köməkçisi ilə dost olduğunu deyib.
Məhkəmə istintaqı zamanı məlum olub ki, Müşfiq zərərçəkmişlərin pulunu ödəyib, onlarla barışıb. Əməlindən peşman olduğunu deyən Müfiq barəsində yüngül cəza təyin edilməsini xahiş edib.
Zərərçəkmiş şəxslər də Müşfiq Əlirzayevi bağışlayıb və onun həbs edilməsini istəməyiblər.
Məhkəmənin hökmü ilə Müşfiq barəsində 3 il azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.
İ.Muradov
Musavat.com
28 Aprel 2025
27 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ