Onlayn ictimai-siyasi qəzet
Sentyabrın 3-də Rusiyanın paytaxtı Moskvada Andrey Stenin adına X Beynəlxalq Fotojurnalistika Müsabiqəsi başa çatıb. Fotojurnalist Aleksandr Oşçepkovun "Uşaqlar qorxur, amma mən özüm atayam" fotosu "Portret. Dövrümüzün Qəhrəmanı" kateqoriyasında birinci yeri tutub.
Musavat.com xəbər verir ki, bu barədə ngs.ru məlumat yayıb. Aleksandr müsabiqəyə Novosibirsk şəhərinin Leninski rayonu Petropavlovskaya küçəsindəki istilik magistralında baş verən partlayış zamanı 20-si məktəbli olmaqla 30-a yaxın insanın həyatını xilas etməsi ilə yaddaşlarda qalan həmyerlimiz Rza Rzayevin hadisə yerindən fotosunu təqdim edib. O bildirib ki, kommunal qəza zamanı Rzanı təsadüfən görüb.
“Qaynar sudan keçərkən diqqətimi işıqforları yandıran yol polisi maşını, yanında isə uşaqları, qadınları xilas edən Rza çəkdi. Mən onun bir neçə fotosunu çəkdim”, -deyə fotoqraf bildirib.
Musavat.com-un əməkdaşı Novosibirskdə hər kəsin “Xalq qəhrəmanı” adlandırdığı Rza Rzayevlə söhbətləşib. Həmyerlimiz 1979-cu ildə Göyçay rayonunun Çərəcə kəndində anadan olub. Ailəlidir və iki qız övladı var. 2010-cu ildə işləmək üçün Novosibirskə köçüb. Orada fəhlə işləyir.
“Hadisənin baş verdiyi yer bizim evdən çox da uzaqda deyildi. Partlayış nəticəsində qaynar su 6-7-ci mərtəbədən də yüksəyə qalxırdı. Bu? Novosbirskdə ikinci hadisə idi. Suyun təzyiqi elə güclü idi ki, “Land Cruiser” maşınlarını qaldırıb çevirirdi. Suyun hərarəti 100 dərəcə olardı. 14 nəfər yanıq xəsarəti ilə xəstəxanaya aparılmışdı.
İşdən gəlirdim, polislər yolları kəsmişdi, həmin əraziyə heç kimi buraxmırdılar. Göz-gözü görmürdü. Telefonun işığını yandırdım. Yaxınlıqdakılardan nə baş verdiyini soruşdum. Bu dəm ikinci partlayış oldu. Gözlərimə inanmadım.
Partlayış yerinin yaxınlığında məktəb yerləşir. Həmin məktəbdə mənim qızlarım da oxuyublar. Uşaqlar qorxub qışqırırdılar ki, “kömək edin, Allah xatirinə”. Ruslar var idi ki, baxıb keçirdilər, qorxurdular, girmirdilər. O yol kanala çevrilmişdi. Adam baxanda belə vahimələnirdi. İsti su o qədər sürətlə fontan vururdu ki...
Mən taxtaları yola düzüb körpü düzəltmək istədim. Birinci cəhdimdə alınmadı. Su taxtanı vurub apardı. Böyürdə balaca bazar var. Oradan yenə taxta gətirib, keçid düzəltdim və birinci uşağı götürüb, keçdim. İkincini xilas etmək üçün addımlayanda ayağımın suda yandığını hiss etdim. Həyatımı riskə atıb onları xilas edirdim. Çünki gözümün qabağına balalarım gəldi. Uşaq sevən adamam. Havada 30 dərəcə şaxta var idi. Çıxdım qırağa ki, ayağım soyusun, yenidən suya girim... Növbəti məktəblini qucağıma götürdüm, anasına dedim ki, qorxmayın indi hamını xilas edəcəyəm.
Beləliklə düzəltdiyim körpüyə bənzər taxtalar vasitəsi ilə 20-dən çox uşağı xilas etdim. Həmin an sanki Allah mənə güc verdi. Çox təhlükəli idi. Ayağım bir az büdrəsəydi, suya düşüb yanacaqdım.
Həmin vaxt heç özümün də xəbərim olmadan jurnalistlər şəkillərimi çəkiblər. Saat yarımdan çox mən orada oldum. Ümumilikdə isə 30-dan çox insanı xilas etdim. Deyirdim, ay Allah, sən mənə özün güc ver, bu uşaqlara heç nə olmasın. Məndən nə üçün belə fədakarlıq etdiyimi soruşurdular. Cavabımda “çujix detey ne bıvaet”(Yad uşaq olmur) deyirdim. Hadisə yadıma düşəndə indi də ürpənirəm”.
Rza Rzayev deyir ki, hadisə zamanı onun özü də xəsarət alıb, ayağı yanıb:
“İnsanlara kömək edəndən sonra evə gəldim. Soyuqdan titrəyirdim, suyun içindəydim. Şalvarım əynimdə donmuşdu. Dostum Nicat gəlib məni evinə apardı. Orada geyimlərimi qurutduq və səhəri günü işə getdim. Allah elə etdi ki, heç xəstələnmədim də. Axşam isə Jenya adlı tanış rus zəng edib dedi ki, xilas etdiyim anın fotoları bütün internetdə yayılıb və saytlar məni axtarır.
İki saat ərzində mənim adıma 71 min 524 rubl pul yığılmışdı. Həmin pulu Novosbirskdə əlil uşaqlar üçün olan bağçanın hesabına yolladım.
Həmin fotonu 3 gün bundan əvvəl jurnalist Anna Skok bizə gəlib müsahibə edəndə hədiyyə etdilər. Bu, dünya rekordudur. Çox sevindim. Belə bir şeyi gözləmirdim. Hətta Novosibirskin daxili işlər naziri də zəng edib mənə təşəkkür etdi.
Məni tədbirə dəvət edib “Xalq mükafatı” verdilər. Rusiyanın tanınmış adamlarından, məmurlarından, qubernatorlarından, prokurorlardan ibarət 1800 nəfərin qatıldığı tədbir idi. Qəhrəmanlıq edən şəxsləri ora dəvət edirlər. Hətta həmin tədbirdə mənə sürpriz olaraq ailəmdən alınmış müsahibəni də təqdim etdilər. Hamı ayağa qalxıb alqışladı. Orada çox güclü sponsorlar var idi. Mən orada suşi təqdim edən sponsoru seçdim. Bu ilin sonuna kimi hər ay mənə pulsuz suşi gətirirlər.
Mənə bildiriblər ki, vətəndaşlıq verəcəklər. Qızlarımın istədiyim gimnaziyada təhsil almasına şərait yaratdılar. Üç gün bundan öncə AZAL-ın prezidenti nömrəmi axtarıb. Dedilər ki, mənə zəng edəcək və mükafatlandıracaq”.
Şahanə Rəhimli
Musavat.com
27 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ