Onlayn ictimai-siyasi qəzet
Ukraynanın Böyük Britaniyadakı səfiri Azərbaycanın Londondakı diplomatik nümayəndəliyində olub və Aktauda baş verən təyyarə qəzası ilə bağlı başsağlığı verib.
Musavat.com xəbər verir ki, bu barədə Ukrayna səfirliyinin mətbuat xidməti məlumat yayıb.
“Ukraynanın səfiri, general Valeriy Zalujnı çoxlu insanın ölümünə səbəb olan J2-8243 reysinin faciəsi ilə əlaqədar Azərbaycan xalqına dərin hüznlə başsağlığı verib”, - məlumatda deyilir.
Qeyd olunur ki, Zalujnı başsağlığı kitabında həlak olanların ailələrinə dəstək sözlərini ifadə edərək, bu kədəri yaşayan hər kəsə mətanət və cəsarət arzulayıb.
“Ukrayna sizin kədərinizi bölüşür”, - deyə Ukrayna diplomatik missiyası qeyd edib. Bu isə bütün nöqteyi-nəzərdən - insani və siyasi baxımdan çox düzgün addım idi. Azərbaycan Aktauda baş vermiş təyyarə qəzası ilə bağlı dünyanın hər yerindən ölkəmizə və xalqımıza başsağlığı verən hər bir siyasətçiyə, diplomata, ictimai xadimə, jurnalistə və bloggerə dərin minnətdarlığını bildirir.
Eyni zamanda, təəssüf ki, Ukrayna Prezidenti Vladimir Zelenski heç vaxt Azərbaycan Prezidenti İlham Əliyevə zəng etməyə, Azərbaycanın Kiyevdəki səfirliyinə baş çəkməyə, hətta Facebook sosial şəbəkəsindəki səhifəsində başsağlığı sözləri yazmağa vaxt tapmadı. Yumşaq desək, Zalujnı ilə müqayisədə Zelenski artıq azərbaycanlıların gözündə uduzub.
Musavat.com bildirir ki, Zalujnı baş sağlığı ziyarəti ilə bağlı özünün "X" hesabında paylaşım da edib.
Onu da qeyd edək ki, dünya çapında olan əksər ekspertlər Valeriy Zalujnını Ukraynanın yaxın gələcəkdəki Prezidenti kimi dəyərləndirirlər.
Musavat.com
27 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ