Onlayn ictimai-siyasi qəzet
Tehranın strateji əməkdaşlıq sazişinin imzalanmasını yubatması haqlı suallar doğurub
Rəsmi Tehran Rusiya ilə gələcək onilliklər üçün münasibətləri müəyyənləşdirməli olan strateji əməkdaşlıq sazişini imzalamağı yubadır. Bu barədə Rusiya Xarici İşlər Nazirliyi rəsmi məlumat yayıb.
Rusiya XİN-in Asiya departamentinin direktoru Zamir Kabulov bildirib ki, Rusiya və İran arasında hərtərəfli əməkdaşlıq haqqında yeni sazişin imzalanması Tehran tərəfindən “texniki problemlərə görə” dayandırılıb. Kabulov vurğulayıb ki, bu saziş hər iki ölkə üçün strateji əhəmiyyət kəsb edir, ona görə də onun üzərində işlərin dayandırılması yalnız müvəqqəti tədbirdir. Kabulov əlavə edib ki, saziş üzərində iş prosesi iranlı tərəfdaşlarla problemlərə görə dayandırılıb.
“Biz ilin əvvəlində İrandan daxil olan son düzəlişləri nəzərə alaraq öz təkliflərimizi vermişik və onlar İran tərəfindədir”, - deyə o bildirib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə təsdiq edib ki, sazişin mətni tam razılaşdırılıb, amma “hələlik imzalana bilməz”.
Bəs Moskva ilə Tehran arasında münasibətləri keyfiyyətcə yeni səviyyəyə çıxaracaq sazişin imzalanmasının yubanmasına səbəb nədir?
“Yeni Müsavat” xəbər verir ki, bu səbəblər barədə “Vzqlayad” nəşri yazıb. Nəşr yazır ki, İran prezidenti İbrahim Rəisinin və komandasının təyyarə qəzasında həlak olması sazişi yubadan səbəblərdən biridir. İran indi prezident seçkisi ilə məşğuldur. “Amma yeni prezidentin kimliyindən asılı olmayaraq, belə hərtərəfli sazişi imzalamalıdır. İranın Ali Rəhbəri Əli Xamenei olsa da, onun qanuni səlahiyyətləri yoxdur. İran Konstitusiyasına (57-ci maddə) görə, ölkə prezident tərəfindən idarə olunur. Xamenei rəhbər vəzifəsində Rusiya-İran müqaviləsinin hazırlanması prosesini təqdir edir, lakin saziş icra hakimiyyətinin (dünyəvi) başçısı tərəfindən imzalanmalıdır. İran Xarici İşlər Nazirliyinin müvəqqəti rəhbəri Əli Baqiri Kaninin komandasına sazişin təfərrüatlarını araşdırmaq üçün nə qədər vaxt olduğu bəlli deyil. İkincisi, İranın yeni prezidentinin komandası, demək olar ki, Rusiya ilə strateji sazişə öz düzəlişlərini edəcək. Bu dəyişikliklər fundamental xarakter daşımayacaq, lakin çox güman ki, yeni İran hakimiyyətinin təklifləri də müzakirə edilməli olacaq” deyə, nəşr yazır. Sanki İran Qərbə qarşı Rusiya ilə birləşməkdən yayınır. Bəs bunun səbəbləri nədir?
Əli Orucov
AMİP liderinin köməkçisi, politoloq Əli Orucov Rusiyanın zəifləməsinin ona yaxın olan rejimlərin də işinə yaradığını qeyd etdi: “Rusiya çalışır ki, indiki məqamda müttəfiqlərinin sayını artırsın. Ukrayna ilə müharibə Moskvanı çətin vəziyyətə salıb və bu, tədricən özünü daha artıq dərəcədə hiss etdirməkdədir. Rusiyanın zəifləməsi İran və Şimali Koreya kimi rejimlərin işinə yarayır və Kremli öz maraqlarına uyğun şəkildə güzəştə getməyə vadar edə bilirlər. Çin bu mənada daha çox yararlanmaqdadır. Lakin İranın maraqları bir qədər fərqlənir. İran tarixən Cənubi Qafqaz uğrunda Rusiya ilə rəqib olub və indi də bu əraziləri özününkü sayır. Rəsmi Tehranın Qərblə bağlı problemləri var. Sanksiyalardan əziyyət çəkir. Ancaq Moskvadan fərqli olaraq Qərblə münaqişə vəziyyətində olmaması Rusiyadan üstün vəziyyət yaradır. Bu müharibə İranın müharibəsi yox, Rusiyanın müharibəsidir və həmin müharibəyə də cəlb olunmaq istəmir. Doğrudur, Rusiyaya hərbi avadanlıqlar, silahlar, o cümlədən İnsansız Uçuş Aparatları (İHA) ixracat edir. Ancaq buna müttəfiqlikdən deyil, sırf silah ticarəti prizmasından baxmaq lazımdır”.
Politoloqun sözlərinə görə, Tehranın Moskva ilə müqaviləni uzatması İbrahim Rəisinin ölümü ilə bağlı deyil: “Ukrayna-Rusiya müharibəsinin uzanması İrana sərf edir və bu müharibədən daha çox faydalanmaq Tehranın marağındadır. Odur ki, Rusiya ilə müttəfiqlik sazişinin imzalanmasını yubadır. Yubanma sabiq prezident Rəisinin faciəli şəkildə ölməsi ilə bağlı deyil. Digər tərəfdən İran çalışır ki, Aralıq dənizini Mərkəzi Asiya ilə birləşdirən nəqliyyat xəttindən pay ala bilsin. Həmçinin Şərq-Qərb və Transxəzər nəqliyyat xəttində güclü mövqeyə sahib olsun. İranın öz strateji maraqları var və həmin maraqların təmin edilməsini Rusiyanın beynəlxalq və regional ambisiyalarına qurban verəcəyi inandırıcı deyil. Rusiya ilə İranın strateji, yaxud hərbi müttəfiqliyi Tehranı da zərbə altında qoya bilər. Məncə, İran rəhbərliyi bu sazişi uzatmaqla bunu Rusiya-Qərb münasibətlərinin və Ukrayna müharibənin gedişatına bağlayacaq. Rusiya tələsir, cəbhəni genişləndirməklə Qərbə qarşı totalitar rejimlərdən ibarət koalisiya yaratmağa can atır. Lakin Rusiyanın cəbhə xəttində çətin duruma düşməsi bir sıra Moskvaya meylli rejimləri tərəddüdə buraxır. Şimali Koreyadakı kimi rejimlər isə, daha çox daxili auditoriya üçün istifadə etməyə çalışırlar. İranda hər nə qədər teokratik yapıya sahib dövlət olsa da, dünyəvi idarəetmə mövcuddur və məhdud da olsa demokratik cəmiyyət var. İran dünya siyasətinə müəyyən qədər təsir göstərə bilir. Xüsusən də, İraq, Suriya, Yəmən, Livan və s. kimi dövlətlərdə ciddi mövqelərə malikdir. Ona görə də, Qərblə münasibətlərində üst-üstə düşən cəhətlər olsa da, fərqliliklər də var. İranın beynəlxalq siyasi münasibətlər sistemində öz rolu və öz yeri var. Lazımi məqamlarda Rusiyadan faydalanıb və bundan sonra da faydalanacaq. Bununla belə Moskvanın əlinə oynamaq İrana nə verəcək və nə itirəcək dilemması təbii ki, yeni seçiləcək siyasi rəhbərlik tərəfindən ciddi müzakirə olunandan sonra qərar veriləcək. Bu isə xeyli vaxt aparacaq”.
Kənan Rövşənoğlu
Tanınmış siyasət yazarı Kənan Rövşənoğlu burada İranda 28 iyunda keçiriləcək prezident seçkilərindən çox şeyin asılı olduğunu düşünür: “Hazırda Rusiya və İran arasında əlaqələr yüksək səviyyədədir. Xüsusən də, Rusiyanın Ukraynaya hücumundan sonra iki ölkə münasibətləri daha da dərinləşib. Rusiya İrandan raket və dronlar alır, silah və hərbi texnologiya satışı həyata keçirir. İranlılar ruslara qara bazarda sanksiyalardan yayınmaq təcrübəsini öyrədir. İran Yaxın Şərqdə Rusiya ilə əməkdaşlıq edir. Ancaq iki ölkə münasibətlərində zəif ”nöqtələr" də var. Rusiyanın körfəz ölkələri ilə münasibətlərini düzəltməsi fonunda ərəblərlə yaxınlaşması və çox vektorlu siyasət aparmaq cəhdi Tehran-Moskva arasında soyuqluğa səbəb olub. Xüsusən də, Moskvanın Fars körfəzindəki mübahisəli adamlarla bağlı mövqeyi son bir ildə iki dəfə Tehranın sərt açıqlamasına səbəb olub. Bundan başqa rusların İrana satdığı elan olunan SU-35 qırıcılarını hələ də Tehrana təhvil verməməsi İranda vaxtaşırı yada düşür. Ümumiyyətlə, bir çox ölkələrdə olduğu kimi, İranda da siyasi qüvvələr arasında Rusiya və anti-Qərb cəbhəsi ilə yaxınlaşma tərəfdarı olan şərti olaraq Avrasiyaçı və Qərblə barışıq və yaxınlaşma tərəfdarı olan qüvvələr var. İslahatçılar içərisində əsas qrup qərblə barışıq tərəfdarı, mühafizəkarlar və SEPAH isə Rusiya və Avrasiya xəttindədir. Hazırkı hakimiyyət mühafizəkarlardan ibarətdir və Rusiya ilə əməkdaşlıq tərəfdarıdır. Ancaq məsələn, əgər 28 iyun seçkilərində prezident islahatçı şəxs olsa o zaman həqiqətən də sazişin dayanacağını, ya da azı yubanacağıni gözləmək olar, lakin indiki halda İrandan belə addım atılması üçün səbəb görmürəm. Əksinə, Rusiya uzun illər Qərb sanksiyalarına məruz qalmamaq üçün İranla yaxın əməkdaşlıqdan çəkinib, lakin Ukrayna müharibəsindən sonra artıq Rusiyada belə bir ciddi narahatlıq qalmayıb. İndiki məqamda sazişin İran tərəfindən yubadılması üçün ciddi səbəb yoxdur. Güman ki, seçkilərdən və saziş üzərində düzəlişlər edildikdən sonra imzalanacaq. Çünki indi hər tərəfin buna ehtiyacı var".
Cavanşir ABBASLI
“Yeni Müsavat”
25 Noyabr 2024
08:25 Ermənistan şirkətləri Rusiyaya qızıl ticarətinə qoyulmuş sanksiyadan yan keçməyə kömək edirlər
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ