İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın saxta xəbərlərinə görə yeni qanun təklif olunur

Böyük Britaniya hökuməti Rusiyanın və digər xarici dövlətlərin sosial media vasitəsilə yaydığı saxta xəbərlərlə mübarizəni gücləndirmək üçün yeni qanunun qəbul olunmasını təklif edir.

Novator.az saytı “Euronews” kanalına istinadla bildirir ki, hökumət yeni qanunun əsasən xarici dövlətlərin “Facebook” və “Twitter” kimi platformalarda yaratdığı saxta hesablardan Britaniyada seçkilərə və məhkəmə çəkişmələrinə təsir etmək imkanlarının qarşısını almağa yönəldiyini bəyan edir.

Qanunun milli təhlükəsizlik və internet təhlükəsizliyi haqda qanunvericiliklərə düzəlişlər yolu ilə qəbul ediləcəyi gözlənir.

Layihəyə əsasən, Britaniyanın teleradio və rabitə sahəsində tənzimləyici orqanı olan “Ofcom” agentliyi sosial media qurumlarının saxta xəbərlərlə mübarizəsinə yardım etmək üçün yeni qaydalar hazırlayacaq və qaydaları pozanları cərimələmək səlahiyyətinə yiyələnəcək.

Britaniyanın rəqəmsallaşma, KİV, mədəniyyət və idman naziri Nadin Dorris bildirib ki, Ukrayna müharibəsi Rusiyanın özünə bəraət uydurmaq üçün sosial mediadan necə yararlandığını əyani şəkildə göstərir: “Biz xarici dövlətlərin və onların marionetlərinin öz düşmənçiliklərini, yalanlarını sərbəst şəkildə internetlə yaymasına imkan verə bilmərik. Ona görə biz xüsusilə media şirkətlərinin xarici dövlətlərin sosial şəbəkələrdə dəstəklədiyi dezinformasiyaları üzə çıxarmasını, yalanların kökünü kəsməsini təmin etmək işimizi gücləndirməliyik”.

2014-cü ildə Rusiya Ukraynanın Krım yarımadasını işğal edərək özünə birləşdirib, Donetsk və Luqansk vilayətlərinin bir hissəni tutaraq həmin ərazilərdə iki separatçı rejim qurub. 2022-ci il fevralın 21-də Rusiya həmin rejimləri müstəqil dövlətlər kimi tanıyıb, fevralın 24-dən isə Ukraynada total hərbi əməliyyatlar aparır, ölkənin ümumilikdə 126 min kvadrat kilometrdən çox ərazisini zəbt edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR