Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, Amerika Birləşmiş Ştatlarının prezidenti Co Bayden rusiyalı dissident Aleksey Navalnının həbsxanada ölümünə görə Rusiyaya qarşı 500-dən çox yeni sanksiya tətbiq etmək qərarına gəldiklərini açıqlayıb. Ağ Evin rəsmi saytında verilən məlumata görə, Bayden Rusiya ilə Ukrayna arasında müharibənin ikinci ili ərəfəsində paylaşdığı mesajında Navalnının ölümü ilə əlaqədar rəsmi Moskvaya qarşı yeni sanksiyalar elan edib. O bəyan edib ki, A.Navalnının ölümü və Rusiya-Ukrayna müharibəsinin ikinci ili ilə əlaqədar Rusiyaya qarşı 500-dən çox yeni sanksiya tətbiq olunacaq.
Yaxın günlərdə isə Böyük Britaniya Xarici İşlər Nazirliyi Rusiyaya qarşı sanksiyalar siyahısının daha 50 maddə genişləndirildiyini də açıqlayıb.
Ümumiyyətlə, Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Rusiyaya qarşı tətbiq edilən sanksiyaların ardı-arası kəsilmir. Bu minvalla Rusiya artıq çoxdan bataqlığın girdabına düşməli idi. Amma görünən odur ki, Rusiya bu dönəmdə nəinki çöküb, hətta iqtisadi və hərbi gücünü daha da artırıb. Bəs Rusiya bu sanksiyalardan necə yan keçə bilir?
Yeri gəlmişkən, Britaniyanın nüfuzlu “Sky News” kanalı xəbər yayıb ki, Britaniyadan Qırğızıstan, Ermənistan və Özbəkistan kimi ölkələrə ixrac edilən dronlar və ağır texnikalar daha sonra Rusiyaya göndərilir. “Sky News”un iqtisadiyyat və data redaktoru Ed Convey bunun Böyük Britaniyanın Rusiyaya tətbiq etdiyi rəsmi sanksiya rejimini sarsıtdığını deyib. Məqalədə bildirilib ki, Böyük Britaniya firmalarının Rusiyaya birbaşa ixracatı məlum sanksiyalardan sonra kəskin azalıb. Ancaq müharibə başlayandan bəri Britaniyadan 4 ölkəyə: Gürcüstan, Ermənistan, Qırğızıstan və Özbəkistana ixracat 500%-dən çox artıb. Xəbərdə iddia edilir ki, Böyük Britaniyanın bu sxemlə ixracatı Rusiyanın Ukraynadakı müharibə imkanlarını genişləndirir.
Beynəlxalq Maliyyə İnstitutunun (IIF) keçmiş baş iqtisadçısı Robin Bruksun sözlərinə görə, son 1 ildə Ermənistanın Rusiyaya ixracatında kəskin artım qeydə alınıb. O bunun bir müddətdir davam etdiyini və digər Avropa ölkələrinin, xüsusən Almaniya və Polşanın da bu dövlətlər vasitəsilə Rusiyaya böyük miqdarda texnika göndərdiyini söyləyib.
İqtisadçı-ekspert Natiq Cəfərli mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, Rusiyanın sanksiyalardan yan keçməsi üçün postsovet ölkələrindən istifadə etməsi yeni xəbər deyil:
“Bu məsələlərdə Rusiyaya yardım edən ölkələrdən biri Ermənistandır. Sözdə onların münasibətləri pis olsa da, guya gərginlik yaşasalar da, son iki ildə Ermənistanla Rusiya arasında ticarət dövriyyəsi 3.7 dəfə artıb. Keçən il rekord olaraq 7 milyard dollara çatdı. Bu, Ermənistanın təbii gücünə mümkün deyil. Bu reeksport hesabına mümkün idi, yəni uzun zamandır Ermənistan Rusiyaya lazım olan məhsulların alınmasına və Rusiyaya ötürülməsinə xidmət edən bir hab rolunu oynayır. Bu müharibə başlayandan bəri belədir və Rusiyaya sanksiyalardan yan keçməyə kömək edir. Başqa ölkələr də, o cümlədən, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın da adı hallanırdı. Amma həmin ölkələrdə qanunvericilik şəklində bu işlər sərtləşdirildi. Rusiya ilə ən azından bank köçürmələrində müəyyən məhdudiyyətlər gətirildi. Amma Ermənistan hələ də heç bir məhdudiyyət gətirmədən iqtisadi olaraq bundan hətta gəlir də götürür və Rusiyaya kömək edir”.
İqtisadçı-ekspert Eldəniz Əmirov isə Co Bayden və Vladimir Putin arasında münaqişənin şəxsi sanksiyalar müstəvisinə keçdiyi məqama toxunub:
“ABŞ sanksiyalar olmadan da illərdir ki, Rusiyanın ətrafında halqanı daraldır və bunu daha çox enerji dəhlizləri üzərindən edir. 2013-cü ildə Rusiyanın milyardlar xərclədiyi “Yamal-Avropa-2” qaz kəmərinin tikintisi Amerikanın səyi ilə Polşa tərəfindən dayandırıldı. 2014-cü ildə amerikalı konqresmenlərlə görüşdən sonra Bolqarıstanın Baş naziri Rusiyanın “Cənub Axını” kəmərinin tikintisinin Bolqarıstan ərazisində yarımçıq saxlanıldığını elan etdi. Ölkələrdə keçən kəmərlərində problem çıxardıqlarını görə Rusiya dənizlərin diblərində kəmərlər inşa etməyə başladı. Onda da dənizin dibində kəmərləri sıradan çıxartdılar. Bizim TAP-dan 10 dəfə böyük olan, yəni illik 110 milyard kubmetr qaz ixrac edə bilən “Şimal Axinı” kəmərlər sistemi isə Şimal dənizinin dibində partladıldı. Diametri az qala 1,5 metrə çatan 4 boru kəmərindən 3-ü duzlu dəniz suyu ilə doldu və korroziya səbəbindən heç indidən sonra da istifadə yaramayacaqdır. Odur ki, Amerika Rusiyanı sadəcə bir dəfəlik deyil, tədricən, yavaş-yavaş çökdürmək siyasətini əvvəldən məharətlə davam etdirir.
Bir həqiqəti anlamaq lazımdır ki, Amerika Rusiyanın qəfil çökməsini və ya parçalanmasını istəmir. Yoxsa, idarə edilə bilməyən xaos yarana bilər. ABŞ isə idarə edilə bilən xaoslar yaratmağı və idarə etməyi sevir və bacarır. Odur ki, bəzən Ukraynaya pul vermirəm şousu, bəzən də başqa şoular göstərir. Amma nə baş verirsə, A planın bir komponentidir”.
Afaq MİRAYİQ,
“Yeni Müsavat”
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ