Onlayn ictimai-siyasi qəzet
Erməni baş nazir səmimidirsə, kilsəyə qarşı mübarizəsini “artsax ofisi”nə də adekvat şəkildə başlamalıdır
2025-ci ilin yarısı bitmək üzrədir. Bu il Azərbaycan-Ermənistan barışığı yönündə yeganə müsbət hadisə hələ ki, mart ayında sülh sənədi mətninin tam razılaşdırılması sayılır. Təəssüf ki, daha da qabağa gedib iki qonşu xalq arasında düşmənçilik səhifəsini çevirmək, iqtisadi-ticari əlaqələrin və diplomatik münasibətlərin qurulmasını yaxınlaşdırmaq mümkün olmayıb.
Səbəb məlum: erməni tərəfinin qeyri-konstruktivliyi, davam edən söz oyunu və sülh oyunbazlığı, sənədin imzalanması üçün Bakının iki məlum şərtini təmin etməyə tələsməməsidir. Bu azmış kimi İrəvanda “artsax” tamaşası davam edir. Həm də Nikol və komandasının seyrçi münasibəti fonunda.
Qeyd edək ki, separatçıların Qarabağda qurduğu xunta rejiminin sonuncu “rəhbəri” Samvel Şahramanyanın mayın 21-də “səlahiyyətləri” bitəndən sonra özlərinə yeni “lider” seçməsələr də uydurma “artsax parlamenti”nə təzə “sədr” seçiblər. İki gün öncə isə separatçı ünsürlər üstəlik, sanki paralel dünyada yaşayırmışlar kimi, Njde İskəndəryan ad-soyadlı zatı “artsax”ın yeni “dövlət katibi” təyin ediblər.
Bəs ərazi bütövlüyümüzə qarşı bu kimi demarşlara sülhpərvər və “real Ermənistan” tərəfdarı Paşinyan niyə sərt reaksiya vermir? Separatçı ünsürlərin ipini niyə yığmır? Nədən hələ də Minsk Qrupunun rəsmən buraxılmasının sülh müqaviləsinin imzalanması ilə əlaqələndirir? İrəvanın sülh bəyanatlarının səmimiliyinə inanmaq mümkündürmü? Paşinyan doğrudanmı Azərbaycan və Türkiyə ilə barışıq xətti tutub?
Aydın Hüseynov
Bu mövzuda deputat Aydın Hüseynov “Yeni Müsavat”a bildirdi ki, rəsmi İrəvan Azərbaycan və Türkiyə ilə barışıq xətti tutduğunun səmimi olub-olmadığını bir neçə addımla təsdiqləməlidir: “Nikol Paşinyan və Ermənistan hakimiyyətinin bir sıra yüksək vəzifəli şəxsləri az qala hər gün sülh sazişinə hazır olduqlarından danışırlar. Ancaq sülh sazişinin imzalanmasına maneələrin aradan qaldırılması üçün addım atmırlar. Sülh sazişinin imzalanmasına, Azərbaycan və Türkiyə ilə barışın yaranmasına, əlaqələrin qurulmasına bir nömrəli əngəl Ermənistan konstitusiyasının preambula hissəsində Azərbaycana qarşı ərazi iddiasının olmasıdır. Həmçinin Ermənistanın ana qanununda, dövlət gerbində Türkiyəyə də qarşı ərazi iddiası əksini tapır. Bakı dəfələrlə bəyan və tələb edib ki, Ermənistan bunları aradan qaldırsın. Ancaq İrəvan hələ də bu məsələni həll etməyib və vaxtı uzatmaqda davam edir”.
Deputat qeyd etdi ki, Paşinyan ATƏT-in Minsk Qrupunun ləğvi üçün Azərbaycanla birlikdə rəsmi müraciət etməyi də qəsdən yubadır. “Bu məsələ barədə verdiyi açıqlamalarda da qeyri-səmimi olduğunu ortaya qoyur. Bundan başqa, 10 noyabr üçtərəfli bəyanatda üzərinə götürdüyü öhdəliyi - Zəngəzur dəhlizinin açılması məsələsini də Ermənistan rəhbəri yerinə yetirmir. Azərbaycan və Türkiyə ilə əlaqələrin qurulmasına, sülhə manelərdən biri də budur”,_ deyə deputat vurğuladı.
Onun fikrincə, Paşinyan Qarabağdan köçmüş quldur dəstəsinin İrəvanda yuva qurmasına faktiki olaraq şərait yaradır. Deputat onu da qeyd etdi ki, həmin cinayətkar quldur dəstəsi Azərbaycanın ərazi bütövlüyünə qarşı bəyanatlar verir, müxtəlif qondarma tədbirlər keçirirlər, “seçki” tamaşaları qururlar: “Onlar bu anti-Azərbaycan fəaliyyəti Paşinyanın gözünün qarşısında İrəvanda qurduqları və ”artsax respublikasının nümayəndəliyi" adlandırdıqları ofisdə həyata keçirirlər. Hətta hərdən bir daha da irəli gedərək kütləvi aksiyalar təşkil edirlər. Azərbaycanla sülhə hazır olmaqdan danışan Paşinyan və onun yaxın ətrafı isə həmin tör-töküntülərə qarşı tədbir görmürlər, əksinə, onlara fəaliyyət imkanı yaradırlar. Məqsədlərdən biri Azərbaycan guya öz aləmlərində təzyiq göstərmək, digər məqsəd isə “artsax dəstək” adı altında xaricdən, erməni diasporundan maliyyə yardımı qoparmaqdır. Paşinyan kilsə ilə mübarizə apardığı kimi Qarabağdan Ermənistana köçən və orada “artsax” oyununa davam edən və son vaxtlar fəallaşan separatçılara qarşı da aparmalıdır. Nə qədər ki, həmin quldur dəstəsinə İrəvanda fəaliyyət göstərmələri üçün şərait yaradılır və onlara qarşı heç bir tədbir görülmür, Paşinyanın guya sülh sazişi imzalamağa, Azərbaycanla əlaqələr qurmağa hazır olduğu barədə dediklərinin səmimiliyinə inanmaq mümkün deyil".
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
15 Iyun 2025
14 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ