İnsanlara hürriyət, millətlərə istiqlal!

Şad xəbər: qeyri-neft gəlirlərimiz artır - Gözlənti

Beş aylıq göstəricilər açıqlandı: investisiya qoyuluşu azalıb, ərzaq inflyasiyası isə...

2025-ci ilin may ayında Azərbaycanda istehlak qiymətləri indeksi 2024-cü ilin may ayı ilə müqayisədə 6,3 faiz yüksəlib. Dövlət Statistika Komitəsindən “Yeni Müsavat”a verilən məlumata görə, beş ayda qida məhsulları, alkoqollu içkilər və tütün məmulatlarının qiyməti 7,8 faiz, qeyri-qida məhsullarında 2,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlərdə 7,3 faiz artıb.

May ayı ərzində istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,1 faiz azalıb, yanvar-may aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,9 faiz artıb. Rəsmi statistika orqanına görə, 2025-ci ilin may ayında qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,4 faiz azalıb, yanvar-may aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,5 faiz artıb. O cümlədən cari ilin may ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından daha çox bahalaşma mal ətinin, kolbasa məmulatlarının, kərə, günəbaxan və qarğıdalı yağlarının, limonun, almanın, armudun, kivinin, ağ kələmin, brokkolinin, süfrə çuğundurunun, təbii balın, qəhvənin, kakaonun, ucuzlaşma isə yumurtanın, bananın, çiyələyin, göyərtinin, xiyarın, pomidorun, şirin bibərin, badımcanın, sarımsağın, soğanın, kartofun qiymətlərində müşahidə olunub. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

2025-ci ilin may ayında qeyri-qida məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,2 faiz, yanvar-may aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,7 faiz yüksəlib. May ayında əvvəlki ayla müqayisədə qeyri-qida məhsullarından bahalaşma yay geyimlərinin, sementin, məişət cihazlarının, ucuzlaşma isə kəsilmiş taxtanın, kərpicin və planşet kompüterlərin qiymətlərində müşahidə olunub.

May ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,2 faiz, yanvar-may aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,6 faiz artıb. May ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən bahalaşma əsasən tibbi xidmətlərin, restoran və kafelər tərəfindən göstərilən iaşə xidmətlərinin qiymətlərində müşahidə olunub, ucuzlaşma qeydə alınmayıb.

Azərbaycan Mərkəzi Bankının proqnozuna görə, 2025-2026-cı illərdə Azərbaycanda inflyasiya hədəf diapazonu daxilində, yəni 4-6 faiz civarında olacaq. Tənzimləyiciyə görə, Azərbaycanda inflyasiyaya təsir edən əsas amillər xarici faktorlardır.

Rəsmi statistikanın açıqladığı məlumatlar ölkə iqtisadiyyatında yanvardan bəri qeydə alınan durğunluğun qismən aradan qalxdığını göstərir. Belə ki, 2025-ci ilin yanvar-may aylarında Azərbaycanda 50 milyard 99,5 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,5 faiz çoxdur. Rəsmi statistikaya görə, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 3,0 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 3,9 faiz artıb. Müqayisə üçün qeyd edək ki, ötən ilin eyni dövründə ölkdə 4.2 faizlik ÜDM artımı qeydə alınmışdı. O cümlədən neft-qaz sektorunda artım olmasa da, qeyr neft-qaz sektorunda 7,3 faizlik böyümə olmuşdu.

Cari ilin 5 ayında ÜDM istehsalının 36,2 faizini təmin edən sənaye sahəsində sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 26 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,6 faiz az sənaye məhsulu istehsal edilib. Sənayenin neft-qaz sektorunda məhsul istehsalı 2,8 faiz azalıba (ötən il 0,2 faiz azalma), qeyri neft-qaz sektorunda isə 6,4 faiz(7 faiz artım) artıb.

Sənaye məhsulunun 62,2 faizinin əldə olunduğu mədənçıxarma sektorunda, əmtəəlik neft hasilatı 4,9 faiz azalıb(azalma 5,7 faiz), əmtəəlik qaz hasilatı isə 1,7 faiz(artım 4,1 faiz) artıb. Bu rəqəmlərdən aydın olur ki, neft hasilatının azalma sürəti xeyli yavaşıyıb. Bu, ötən ilin aprelindən Azəri-Çıraq-Günəşli yatağında ACE platformasından hasilatın başlanması ilə bağlıdır. Platformadan hasilatın gündəlik 100 min barelə çatdırılması nəticəsində ümumi yataqdan hasilatın azalma tempi yavaşıyıb. Qaz hasilatı sahəsində artımın aşağı olması isə ən böyük yataq olan “Şahdəniz”də yanvar ayında texniki problemə görə 10 gün müddətində hasilatın məhdudlaşdırılması ilə bağlıdır.

DSK-nın məlumatına görə, 2025-ci ilin yanvar-may aylarında Azərbaycan iqtisadiyyatına investisiyalar 6 milyard 694,6 milyon manat təşkil edib. Bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,8 faiz azdır. Beş ayda neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 21,9 faiz azalıb, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 11,7 faiz artıb. Əsas kapitala yönəldilmiş investisiyaların 5 milyard 48,7 milyon manatını və ya 75,4 faizini daxili investisiyalar təşkil edib. Ötən ilin eyni dövründə iqtisadiyyata investisiya qoyuluşları 11 faiz, o cümlədən neft-qaz sektoruna 9,2 faiz, qeyri neft-qaz sektoruna isə 12,1 faiz artmışdı.

Bu ilin beş ayında ölkənin pərakəndə ticarət şəbəkəsində istehlakçılara 23 milyard 341,3 milyon manat mal və məhsul satılıb. Bunun 13 milyard 73,4 milyon manatı ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 10 milyard 267,9 milyon manatı isə qeyri-ərzaq mallarının alışına sərf olunub. 2024-cü ilin yanvar-may ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,8 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,6 faiz, qeyri-ərzaq malları üzrə 6,5 faiz artıb.

2025-ci ilin yanvar-may aylarında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 51,4 faizi ərzaq məhsullarının, 4,6 faizi içkilər və tütün məmulatlarının, 13,0 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,3 faizi avtomobil benzini və dizel yanacağının, 4,4 faizi elektrik malları və mebellərin, 2,6 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,2 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,5 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.  Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 456,2 manat xərcləyib ki, bunun da 255,5 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 200,7 manatı isə qeyri-ərzaq mallarının alınmasına sərf edilib.

Beş aylıq göstəricilərdə müsbət məqam iqtisadi artımın sürətlənməsidir. Bu sırada qeyri-neft ixracındakı artım diqqəti cəlb edir. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac icmalı”nın iyun sayının ilkin məlumatlarına əsasən 2025-ci ilin yanvar-may aylarında Azərbaycanın qeyri-neft ixracı 1,4 milyard dollara bərabər olub. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 11.6 faiz artım deməkdir.

Yanvar-may aylarında yeyinti məhsulları üzrə ixrac 14,4 faiz artaraq 417.7 milyon ABŞ dollarına bərabər olub. Həmçinin kimya sənayesi məhsulları ixracı ötən ilin müvafiq dövrünə nəzərən 46,8 milyon ABŞ dolları və ya 45,9 faiz, şəkər 3 milyon ABŞ dolları və ya 30,1 faiz, pambıq iplik 1,3 milyon ABŞ dolları və ya 14,5 faiz, meyvə-tərəvəz 48 milyon ABŞ dolları və ya 19,1 faiz, qara metallar və onlardan hazırlanan məmulatlar 3,8 milyon ABŞ dolları və ya 11,3 faiz artıb.

Qeyd olunan dövrdə ixrac olunan aqrar məhsullar 17.2 faiz artaraq 331,2 milyon ABŞ dolları, aqrar-sənaye məhsulları 5,9 faiz artaraq 115.6 milyon ABŞ dollarına bərabər olub. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 14 faiz artaraq 446,7 milyon ABŞ dolları təşkil edib.

Qeyri-neft ixracındakı bu artıma rəğmən, onun səviyyəsini, ölkənin ümumi ixracındakı payını yetərli saymaq qeyri-mümkündür. Belə ki, cari ilin yanvar-aprel aylarında Azərbaycanın ümumi ixracı 8 milyard 785 milyon dollar təşkil edib. Bu ixracın cəmi 1,1 milyard dolları qeyri-neft sektorunda istehsal olunan məhsulların payına düşüb. Azərbaycan statistikası bir qayda olaraq təbii qaz və mazutdan əldə olunan elektrik enerjisi, həmçinin qazdan istehsal edilən gübrələri də qeyri-neft məhsulu kimi qeydə alır. Bu isə o deməkdir ki, real qeyri-neft ixracının  həcmi açıqlanan rəqəmdən daha aşağıdır. Uzun müddətdir ölkədə qeyri-neft sahəsinin inkişafına yönəlik siyasət yürüdülsə də, ciddi nəticənin əldə olunduğunu söyləmək mümkün deyil. Buna görə də ölkə bazarı, inflyasiya kimi proseslər xarici təsirlərə həddən artıq həssasdır. Bu həssaslığı əsas ixrac məhsulu olan neftin dünya bazar qiyməti daha da artırır. Belə ki, getdikcə artan idxal fonunda son aylarda neft qiymətlərinin azalması baş verir. Nəticədə ölkəyə idxalı təmin etmək üçün zəruri olan valyuta axını azalır. Yanvar-apreldə ixrac idxaldan cəmi 651,79 milyon dollar çox olub ki, bu da illik ifadədə 4.15 dəfə azalma deməkdir.

Dünya SAKİT,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR