Onlayn ictimai-siyasi qəzet
“ABŞ-ın nüfuzlu media qurumları Rusiyanın Suriyada yerləşən bazalarındakı hərbi texnikaları yığıb Liviyaya apardığını bildirirlər. Digər bir məlumata görə isə sanksiyalar təhlükəsi səbəbindən Sudan da öz ərazisindəki Rusiya hərbi dəniz bazasının yerləşdirilməsindən boyun qaçırıb”.
Siyasi şərhçi Heydər Oğuz Musavat.com-a açıqlamasında bildirib ki, bu iki hadisə arasında arqonik bir bağlantı mövcuddur:
“Əvvəla, ona görə ki, məlumatlarda adı keçən ölkələrin 3-ü (Suriya, Liviya və Sudan) də eyni geopolitik məkanda – Şərqi Aralıq dənizində yerləşir. Və hər 3 ölkənin 3-ü də qlobal dəniz yollarının ən strateji nöqtəsi sayılan Süveyş kanalı üzərindədir. Üstəlik, Rusiyanın əsrlər boyu yürütdüyü Aralıq dənizinə nəzarət strategiyası bu ölkələrlə birbaşa əlaqəlidir. Bu isə ondan xəbər verir ki, sözügedən su hövzəsində yaşananlar beynəlxalq dəniz yolları uğrunda getdikcə qızışan geosiyasi mübarizənin yeni təzahürləridir”.
Müasir dövrdə dünya ticarətinin təxminən 90 faizi dəniz yolu ilə həyata keçirildiyini xatırladan Heydər Oğuz bildirib ki, dəniz nəqliyyatı digər nəqliyyat növləri ilə müqayisədə bir çox üstünlüklərə malikdir:
“O, dəmir yolu nəqliyyatından 3,5 dəfə, hava nəqliyyatından 20 dəfə, avtomobil nəqliyyatından 7 dəfə ucuz başa gəlir. Yanacaq sərifiyatı baxımından, avtomobil yolundan 4 dəfə, dəmir yolundan isə 2 dəfə daha üstündür. Bütün bunlar gözardı edilməyəcək kritik iqtisadi göstəricilərdir. Odur ki, dünyanın bütün böyük gücləri dənizlərə nəzarət uğrunda mübarizə aparırlar. Konkret Rusiyaya gəldikdə isə şimal qonşumuz I Pyotr dövründən, yəni 18-ci əsrdən indiyədək Aralıq dənizinə sahiblənmək uğurunda mübarizə aparır. 19-cu əsrin sonlarında Süveyş kanalı açıldıqdan sonra isə Rusiya üçün bu regionun dəyəri birə-beş artdı. Çünki ona sahiblənmək isti dənizlərə, o cümlədən Çinə və Hindistana ən qısa yol kimi dəyər qazandı”.
Heydər Oğuzun bildirdiyinə görə, Rusiya Aralıq dənizinə, ən əsası, Süveyş kanalına nəzər etmək üçün onun şərti olaraq “liman üçbucağı” adlandırdığı 3 limana nəzarət etmək uğrunda mübarizəyə başladı:
“Bu limanlardan biri Suriyanın Tartus limanıdır ki, Moskva ilə Dəməşq arasında hələ 1970-ci illərdə bağlanan müqavilə ilə həmin liman Rusiyanın Qara dəniz donanmasının istifadəsinə verildi. Daha sonra isə Rusiya Liviya və Sudan liderləri ilə bağlanan bənzər anlaşmalarla Liviyanın Binqazi və Sudanın Port-Sudan limanlarına sahiblənmək istədi. Binqazi limanına Şərqi Liviyanın separatçı lideri Xəlifə Hafteri hakimiyyətdə saxlamaqla nail oldu. Son illərə qədər Rusiyanın “liman üçbucağı” strategiyasında qarşılaşdığı ən mühüm əngəl isə Sudanda yaşandı. Belə ki, 2019-cu ilin ilk günlərində Sudanın devrilmiş lideri Ömər əl-Bəşir ilə Rusiya prezidenti Putin arasında bağlanan hərbi anlaşmaya görə, port-Sudan limanı Rusiyanın ixtiyarına veriləcəkdi. Müqavilənin imzalanmasından qısa müddət sonra, 2019-cu ilin aprelində Ömər əl-Bəşir hərbi çevriliş nəticəsində devrildi. Beləcə, müqavilə Sudan parlamentində ratifikasiya olunmadan təxirə düşdü. Rusiya o gündən bəri Port-Sudan üzərində “legitimlik haqqı” uğrunda mübarizə aparır. Yeni hökumət isə ABŞ-ın təhdidləri nəticəsində bu haqqı tanımağa tələsmirdi. Dünən isə Sudan hakimiyyəti nəhayət Kremlə “yox” cavabı verdi”.
Heydər Oğuzun fikrincə, Suriyanın Tartus, Liviyanın Binqazi, Sudanın Port-Sudan limanında lövbər salmaq planı baş tutsaydı, Aralıq dənizinin Hind okeanına açılan yeganə qapısına – Süveyş kanalına nəzarət tamamilə Rusiyanın əlinə keçəcəkdi:
“Amma ABŞ və NATO ittifaqı, xüsusilə də Türkiyə buna imkan vermədi. ABŞ-ın təhriki ilə Rusiyaya bu haqqı verən Sudan lideri Ömər əl-Bəşir Putinlə bağladığı müqavilə legitimlik qazanmamış 4 aprel 2019-cu ildə devrildi və hərbi məhkəmə tərəfindən mühakimə olunub həbsxanaya göndərildi. Ardınca isə Türkiyənin müdaxiləsi ilə Xəlifə Haftərin Liviyanın paytaxtını ələ keçirmək planı alınmadı və onun əsgərləri Binqaziyə qədər qovuldu. İndi də Rusiyanın Suriyanı tərk edərək hərbi qüvvələrini Liviyaya çəkməyə çalışır. Orada hansı hərbi bazalara yerləşəcəyi barədə tam məlumat verilməsə də, yəqin ki, hərbi dəniz bazası kimi Binqazini, hava bazası kimi isə Cufra şəhərini seçəcək”.
Bəs 3 ayağından ikisini itirəcəyi gözlənilən “liman üçbucağı” strategiyası bundan sonra bir işə yaraya bilərmi?
Əməkdaşımızın sualına Heydər Oğuzun cavabı belə oldu:
“Yəqin ki, bu sual ritorikdir. Zira, “Saç ayağı” deyilən bir anlayış var. Yəni hər hansı bir nəsnə ən azı 3 ayaq üzərində dayana bilər. Deməli, Rusiyanın bu təşəbbüsü iki ayağını itirdiyindən indidən iflasa uğrayıb. Bununla belə, Süveyş kanalının yaxınlığında yerləşən Binqazinin Rusiyanın nəzarətində qalması ilə də NATO qüvvələri razılaşa bilməz. Çünki bu, kritik zamanlarda Avropanın Süveyş kanalı istiqamətində gediş-gəlişinə maneəyə çevrilə bilər. Bu baxımdan yaxın zamanlarda Liviyada da Xəlifə Hafterə qarşı mübarizənin başlayacağını gözləmək olar”.
Böyük ehtimalla, bu mübarizənin də birbaşa Türkiyəyə həvalə olunacağını bildirən siyasi şərhçi fikrini 7-8 mart 2024-cü il tarixlərində Vaşinqtonda keçirilən ABŞ-Türkiyə Strateji Mexanizminin yeddinci toplantısında aparılan və qarşılıqlı şəkildə razılaşdırılan müddəalarla əsaslandırdı.
“Qeyd edim ki, ABŞ Dövlət Departamentinin yayımladığı press-reliz mətnində iki dövlət yetkiləri arasında müzakirələrdə Afrika məsələsinin də yer aldığı bildirilir. “Tərəflər həmçinin Yaxın Şərq və Afrikadakı daha geniş məsələlərə, o cümlədən iqtisadi və təhlükəsizlik sahəsində əməkdaşlığın artırılması yolu ilə regional sabitliyin və əlaqələrin qurulması ehtiyacına toxunublar”, press-relizdə qeyd olunurdu”, - Heydər Oğuz bildirib.
O əlavə edib ki, “dünyanın ən strateji nöqtələrindən birində Türkiyənin öz mövqelərini möhkəmləndirməsi onun geosiyasi gücünün də artması və tədricən regional super gücə çevrilməsi anlamına gəlir”.
E. MƏMMƏDƏLİYEV,
Musavat.com
20 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ