İnsanlara hürriyət, millətlərə istiqlal!

“Rusiyanın gec-tez Şimali Kipri tanıması qərarını eşidəcəyik” - politoloq

“Ərdoğan hakimiyyətinin Rusiyaya yönəlik davranışı Moskva üçün həyati əhəmiyyət daşıyır”

Rusiyanın ilin sonunadək  Şimali Kipr Türk Cümhuriyyətində konsulluq açacağı gözlənilir.  Bundan əlavə, bölgəyə birbaşa uçuşların başlanacağı deyilir. Rusiyanın “İzvestiya” qəzetinə danışan yüksək səviyyəli mənbələr Rusiyanın birbaşa uçuşlar açacağını təsdiqləyib. Bildirilir ki, Rusiya Federasiyası Kıbrısın şimalında konsulluq açmaq imkanını nəzərdən keçirir. Bu mövzuda da işlər aparılır. Çünki 10 mindən çox Rusiya vətəndaşı orada yaşayır və onlar üçün konsulluq xidmətləri mövcud deyil. 2022-ci ilin sonuna qədər açılması planlaşdırılan bu konsulluq binası Şimali Kipr Türk Cümhuriyyəti olması göstərilmədən “Şimali Lefkoşada Rusiya konsulluğu”adlandırılacaq.  Türkiyə Prezidenti Ərdoğan isə bir müddət öncə Rusiyadan Şimali Kiprin müstəqilliyini tanımağı gözlədiyini bildirib. 

Bu barədə politoloq Anar Əliyev “Yeni Müsavat”a bildirdi ki, Şimali Kipr Türk Cümhuriyyətində Rusiya konsulluğunun açılacağı ilə bağlı bəyanatların səsləndirilməsi kifayət qədər ciddi diplomatik hadisədir. Xüsusilə bu, Türkiyənin uzun illərdir apardığı Şimali Kipr Türk Cümhuriyyətinin tanınması üçün gərgin mübarizəyə çox ciddi bir töhfə verəcək. Bu, həm də Türkiyə-Rusiya münasibətlərinin son dövrlər yüksələn xətlə inkişaf eləyən xəttinə əlavə bir töhfə qatacaq: “Çünki xüsusilə 2022-ci il fevralın 24-dən başlayaraq Rusiyanın Ukrayna ərazisinə müdaxiləsindən sonra Rusiyaya qarşı kollektiv Qərbin sərgilədiyi birgə mübarizə siyasətinə Türkiyənin qoşulmaması, Rusiyaya qarşı tarixdə misli görünməmiş sanksiyaların tətbiq edilməsi və Türkiyənin bu sanksiyalarda yer almaması Moskva tərəfindən kifayət qədər yüksək qiymətləndirilir.ə

Anar Əliyev: “Bölgəmizə sülh qətirəcək addımların atılmasına başlanılıb”

Anar Əliyev 

Əslində bu gün Türkiyənin Rusiyaya sərglədiyi mövqe fərqli olardısa, Türkiyə Qərbin yanında olardısa, Rusiyanın indiki halda Qərbə göstərdiyi müqavimət daha zəif olardı və müqavimət imkanları çox zəifləyərdi. Rəcəb Tayyib Ərdoğan hakimiyyətinin Vladimir Putin və onun komandası ilə isti münasibətləri, Rusiyaya sərgilədiyi davranış Rusiya üçün həyati əhəmiyyət daşıyır. Buna cavab olaraq Rusiya da özünün xarici siyasətində müəyyən dəyişikliklər etməkdədir. Bu dəyişikliklər sırasında başlıca olanlardan biri də Türkiyə üçün prinsipial məsələ olan Şimali Kipr Türk Cümhuriyyətində Rusiya konsulluğunun açılmasıdır. Hesab edirəm ki, artıq sözügedən respublikanın tanınması istiqamətində atılan bir addımdır. Türkiyə Prezidentinin gözləntisi də bundan ibarətdir. Şimali Kipr Türk Cümhuriyyətinin müstəqilliyinin Rusiya tərəfindən hələ rəsmi tanınmaması isə daha çox Rusiyanın Yunanıstanı ciddi narazı sala biləcək addımlara hələlik getmək istəməməsi ilə bağlıdır. Rusiya hələ ki Yunanıstanla körpüləri yandırmaq istəmir. Mümkün qədər Türkiyə ilə münasibətləri inkişaf etdirməklə həm də Yunanıstanla münasibətləri qoruyub saxlamağa çalışır. Ancaq gec-tez biz Rusiya tərəfindən Şimali Kipr Türk Cümhuriyyətinin tanınması qərarını da eşidəcəyik”.

Politoloq eyni zamanda hesab edir ki, Rusiya Türkiyənin sərgilədiyi qonşuluq siyasətinə, Rusiyanın dağıdılması, məhv edilməsi planlarında yer almamasına cavab olaraq daha bir sıra ciddi addımlar atır və atmaqdadır: “Bu addımlardan biri də Türkiyənin Ak Kuyu ərazisində Atom Elektrik Stansiyasının ilk turbininin gələn ilin mart ayında fəaliyyətə başlaması ilə bağlı həyata keçirilən işlərdir. Həmçinin ikinci AES-in tikilməsi ilə bağlı layihələrin hazırlanmasıdır. Eyni zamanda Rusiya qazının dünya bazarına çıxarılması ilə bağlı Türkiyənin böyük bir qovşağa çevrilməsi istiqamətində həyata keçirilən işlərdir. Hesab edirəm ki, bütün bunlar Türkiyə ilə Rusiya arasında bu gün mövcud olan yüksək səviyyəli münasibətlərin ruhuna tamamilə uyğundur”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR