İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın dezinformasiya kampaniyasına qarşı mübarizəmiz uğurlu oldu

"Putin İlham Əliyevdən üzr istəyib ki, Azərbaycan təyyarəsi ilə bağlı insident Rusiyanın hava məkanında baş verib. Prezident İlham Əliyevin keçirdiyi müşavirədə təyyarə qəzasının səbəbləri ilə əlaqədar "müxtəlif versiyalar var" deməsi Azərbaycanın Rusiyanın yalan hekayələr səpmək cəhdlərinə qarşı ilk tutarlı bəyanatı oldu. Azərbaycan bundan sonra ilkin məlumatlar və ağlabatan versiyalar əsasında Rusiyanın dezinformasiya kampaniyasına qarşı mübarizəni uğurla apardı".

Musavat.com xəbər verir ki, bu fikirləri siyasi analitik Aqşin Kərimov bildirib.

AQSİN.jpeg (208 KB)

O qeyd edib ki, Azərbaycan dövlətinin media kanalları vasitəsilə Rusiyanın etdiyi hərəkətlərə dair məntiqli və ağlabatan versiyalar irəli sürməsi, buna verilən güclü ictimai dəstək Bakının Moskva qarşısında geniş izahat tələb etməsinin nümunəsi idi:

"Çünki Azərbaycanın aidiyyəti təhlükəsizlik qurumlarında təyyarənin Rusiya tərəfindən vurulması ilə əlaqədar tutarlı məlumatlar var idi.

Bunlara mediada hökumət mənbələrinə istinadən yayılan məlumatlar və təhlillər də əlavə olunanda Rusiyanın hadisədən götürəcəyi dərslər vurğulanmağa başladı. Rusiya isə bundan sonra çıxış yolunun qalmadığını görüb ekspertlər səviyyəsində də olsa təyyarənin vurulmasını dolayı və açıq dillə etiraf etdi, lakin bu, Azərbaycan üçün yetərli deyildi.

Rəsmi şəkildə isə Kreml hadisəyə görə Azərbaycanla öz ərazi subyekti olan Çeçenistan Respublikasını tərəf müqabili etmək cəhdini dövriyyəyə saldı. Kremlin təşəbbüsü yenə uğursuz oldu, çünki Azərbaycanın hadisəyə görə izahat tələb edəcəyi ölkə birbaşa Rusiya Federasiyası idi.

Rusiya Federasiyası isə faktları və istintaq nəticələrini manipulyasiya etməyə girişməməli, hadisənin motivlərinin obyektiv araşdırılmasına maneə yaratmamalıdır.

Azərbaycanın bu məsələdə - istintaqın gedişatı məsələsində - Qazaxıstandan da gözləntiləri var. Çünki ehtimallar yaranır ki, Qazaxıstan Rusiya rəsmi aparatının versiyalarını bölüşən mövqe göstərsin.

Azərbaycanın qəzanın MDB Beynəlxalq Aviasiya Komitəsi tərəfindən araşdırılması barədə Rusiya və Qazaxıstanın təklifini rədd etməsi də bu fikri gücləndirir.

Azərbaycan Prezidenti İlham Əliyevlə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin telefon danışığı bu kontekstdən də qiymətləndirilə bilər ki, Bakı Astanadan düzgün, ədalətli və obyektiv rəsmi nəticələr hasil etməyi gözləyir".

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Dekabr 2024

28 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR