İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın buğda bazarında təlatümlər - Azərbaycan nə edəcək...

Gələn ilin məhsulu üçün payızlıq buğda əkinlərinin sahəsi kəskin şəkildə azalıb

Rusiya hökuməti Avrasiya İqtisadi İttifaqından kənar ölkələrə taxıl məhsullarının ixracı üçün 10,6 milyon ton tarif kvotası müəyyən edib. Musavat.com xəbər verir ki, bununla bağlı qərar Rusiya Nazirlər Kabinetinin saytında yerləşdirilib. Sənədə əsasən kvota 2025-ci il fevralın 15-dən iyunun 30-dək qüvvədə olacaq.

Bildirilir ki, qərar daxili bazarda dənli bitkilərin istehsalı və istehlakının proqnoz balansı nəzərə alınmaqla qəbul edilib: “İmzalanan qərara əsasən, buğda və meslin üçün ixrac kvotası 10,6 milyon ton, arpa, çovdar və qarğıdalı üçün 0 ton təşkil edəcək”.

2023-cü ilin sonunda Rusiyadan taxıl ixracı üçün 2024-cü il fevralın 15-dən iyunun 30-dək kvota 24 milyon ton müəyyən edilmişdi. Aprel ayında kvota daha 5 milyon ton artırıldı. Bu isə o deməkdir ki, 2025-ci ildə ixrac kvotası 3 dəfəyə yaxın azaldılıb. 

Ərzaqlıq buğdaya olan tələbatının, demək olar ki, hamısını Rusiyadan təmin edən Azərbaycan üçün bu qərar kifayət qədər ciddi çağırışlar formalaşdırır. Yerli istehsal ölkənin illik 1.2-1.3 milyon ton təşkil edən ərzaqlıq buğda tələbatını ödəməyə imkan vermir. Buna görə də həmin həcmlər xaricdən idxal olunur. Son illərdə əsas idxal mənbəyi kimi Rusiya çıxış edir. Xarici ticarət statistikasına görə, 2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycana 241 milyon 94 min ABŞ dolları dəyərində 1 milyon 117 min 277 ton buğda idxal edilib. Bu göstərici 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 2 faiz və ya 22.3 min ton çox, məbləğ baxımından isə 15 faiz və ya 42.3 milyon ABŞ dolları azdır. İdxal demək olar ki, bütünlüklə Rusiyadan reallaşıb. Bu ölkədə cari mövsümdə hava şərtlərinə görə buğda istehsalı kəskin azalıb - keçən ilki 93 milyon tondan 82 milyon tona qədər. Bu isə ölkənin ixrac imkanlarının daralması deməkdir.

Azərbaycan 2024-cü ilə 400 min ton buğda ehtiyatı ilə keçib. Yerli istehsal isə xeyli azalıb. Bu il Azərbaycanda 1 milyon 685,7 min ton buğda yığılıb. Buğda üzrə orta məhsuldarlıq 30,9 sentner təşkil edib. Ötən il ölkədə 1 milyon 833,8  min ton buğda yığılıb, məhsuldarlıq 33,8 sentnerə bərabər olub. Beləliklə, bu il buğda yığımı 8 faiz, məhsuldarlıq isə 8,6 faiz azalıb. Bu isə idxal buğdasına tələbatın daha da artacağı deməkdir. Əsas idxal bazarında ixrac imkanlarının 3 dəfəyə yaxın məhdudlaşması Azərbaycanın əldə edəcəyi buğdanın qiymətinin bahalaşmasını şərtləndirəcək ki, bu da daxildə un və şörək qiymətlərində əksini tapacaq. Nəzərə alsaq ki, dövlət buğda idxalını rüsum və ƏDV-dən, daxili bazarda un və çörək satışını ƏDV-dən azad edib, onda belə bahalaşmanın qarşısını almaq üçün rıçaqların çox az olduğunu söyləmək olar. 

Onu da qeyd edək ki, 2022-ci ildən ölkədə yüksək keyfiyyətli ərzaqlıq buğda istehsalının stimullaşdırılması üçün xüsusi dəstək mexanizmi tətbiq olunur. Prezident İlham Əliyevin “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” 19 iyul 2022-ci il tarixli fərmanına görə, əsasən müasir suvarma sistemlərinin tətbiq edildiyi təsərrüfatlarda istehsal olunmuş, Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına təhvil verilmiş ərzaqlıq buğdanın hər tonuna görə istehsalçılara 100 manat məhsul subsidiyası ödənilir. Lakin bu mexanizmin yüksək stimullaşdırıcı effekti qeydə alınmamaqdadır. Belə ki, rəsmilərin açıqladığı məlumata əsasən Azərbaycanda 2022-2023-cü illərdə 28 təsərrüfatla 22,6 min hektar, 2023-2024-cü illərdə isə 26 təsərrüfatla 23,8 min hektar ərazidə ərzaqlıq buğda istehsalına dair müqavilələr bağlanıb. Hazırda Azərbaycanda tətbiq edilən pivot suvarma sistemləri cəmi 60 min hektar ərazidə istifadə olunur ki, bu da ölkənin ərzaqlıq buğda tələbatını ödəmək üçün yetərli deyil.

Maraqlıdır ki, Azərbaycanda gələn ilin məhsulu üçün payızlıq buğda əkinlərinin sahəsi də kəskin şəkildə azalıb. Rəsmi statistikaya əsasən bu il dekabrın 1-dək Azərbaycanda təmiz herik şumu daxil olmaqla cari ilin payızlıq əkinləri üçün 933,9 min hektar sahədə şumlama həyata keçirilib. Bu, ötən ilin eyni dövründəkindən 106,4 min hektar və ya 10,2 faiz azdır. 

Həmçinin gələn ilin məhsulu üçün 663,5 min hektar sahədə dən üçün payızlıqlar səpilib ki, bu da illik ifadədə 166,6 min hektar və ya 29,1 faiz azdır.  Səpin aparılan sahələrin 364,1 min hektarını buğda(125,4 min  hektar və ya 25,6 faiz az), 299,3 min hektarını arpa(41,1 min hektar və ya 12 faiz az) və 0,1 min hektarını(0,1 min hektar və ya 50 faiz az) çovdar təşkil edir. Bu isə o deməkdir ki, gələn mövsüm Azərbaycanda buğda istehsalı cari ildəkindən daha az olacaq.

Rusiya Kənd Təsərrüfatı Nazirliyinin məlumatına əsasən payız fəslində qeydə alınan quraqlıq ölkədə 30 faizdən çox payızlıq taxıl əkinlərinin məhv olmasına gətirib çıxarıb. Bu, gələn mövsümdə əsas idxal bazarımızda da istehsalın azalmasına səbəb olacaq. Nəticə yenə idxalçı ölkə kimi Azərbaycan üçün təhdid formalaşdırır. 

Yeri gəlmişkən, Azərbaycan Nazirlər Kabineti strateji əhəmiyyətli malların monitorinqi qaydası və həmin mallar üzrə qısamüddətli kəskin qiymət dəyişməsinin müəyyən edilməsi meyarlarını təsdiqləyib. Yeni qaydaya əsasən strateji əhəmiyyətli malların monitorinqi dövlət ehtiyatları üzrə məsul orqan - Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi tərəfindən həyata keçirilir.

Monitorinqin məqsədi ölkənin strateji əhəmiyyətli mallarla təchizat dayanıqlığının təmin edilməsi üzrə vəziyyətin öyrənilməsi və həmin mallar üzrə qısamüddətli kəskin qiymət dəyişməsinin qarşısının alınması istiqamətində tədbirlər görülməsinin zəruriliyinin qiymətləndirilməsidir.

Monitorinq Dövlət Statistika Komitəsinin məlumatları;  internet resurslarından və mediadan əldə edilən məlumatlar; həmçinin bazar iştirakçılarından əldə edilən məlumatlar əsasında aparılacaq. 

Monitorinq strateji əhəmiyyətli malların siyahısına daxil edilmiş hər bir mal üzrə ayda 1 (bir) dəfə 5 (beş) gün müddətində həyata keçiriləcək. Strateji əhəmiyyətli malların pərakəndə satış qiymətlərində kəskin qiymət dəyişməsi baş verdikdə növbədənkənar monitorinq həyata keçiriləcək. Monitorinqin həyata keçirilməsi məqsədilə Agentlik tərəfindən mütəxəssislər dəvət oluna bilərlər. Monitorinqin nəticələrinə əsasən strateji əhəmiyyətli mallarla təchizat dayanıqlığının pozulması və həmin mallar üzrə qısamüddətli kəskin qiymət dəyişməsi ehtimalına dair arayış Agentlik tərəfindən tərtib ediləcək və hər ayın 15-dək Nazirlər Kabinetinə təqdim ediləcək.

Strateji əhəmiyyətli mallar üzrə qısamüddətli kəskin qiymət dəyişməsi dedikdə, pərakəndə satış qiymətinin son 10 (on) gün müddətində 10 (on) faizdən çox dəyişməsi; qiymət dəyişməsinin 1 (bir) aydan çox olmayan müddətdə davam etməsi ehtimalı nəzərdə tutulur.

Bu qaydanın əsas strateji məhsul olan buğda və un qiymətlərindəki dəyişikliklərlə bağlı hansı effekt verəcəyini yəqin ki, gələn il müşahidə edə biləcəyik...

Dünya SAKİT,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR