Onlayn ictimai-siyasi qəzet
Qonşu ölkədə alma istehsalının sürətlə artması, Çinlə ticarətin genişlənməsi Azərbaycan üçün böyük rəqabətin meydana çıxması deməkdir
Azərbaycanın kənd təsərrüfatı ixracında almanın həmişə özünəməxsus yeri olub. Çox böyük gəlirlər gətirməsə də, alma ixracı həmişə davam edib. Son illərdə ixracın həcmində artım diqqəti cəlb edir. 2021-ci ildə 66 min ton olan ixrac 2024-cü ildə 100 min tona yaxınlaşıb. Dövlət Gömrük Komitəsinin açıqladığı məlumata əsasən 2024-cü ilin yanvar-dekabr aylarında Azərbaycandan 61 milyon 900 min dollar dəyərində 97 min 786 ton alma ixrac olunub. Beləliklə, ixrac 2023-cü illə müqayisədə dəyər ifadəsində 4 milyon 655 min dollar və ya 8 faiz, miqdar ifadəsində isə 6 min 557 ton və ya 7 faiz artıb. 2023-cü ildə Azərbaycandan 57 milyon 246 min dollar dəyərində 91 min 229 ton alma ixrac olunmuşdu.
Rəsmi statistikaya əsasən Azərbaycanda alma bağları azalır. Belə ki, 2020-ci ildə 31,2 min hektarda alma bağı vardısa, 2023-cü ildə bu, 27,7 min hektara düşüb. Maraqlıdır ki, bu azalma almanın vətəni sayılan Quba-Xaçmaz iqtisadi rayonunda qeydə alınıb. Bu rayondakı bağların sahəsi 2020-ci ildəki 22,4 min hektarda 2023-cü ildə 19 min hektara qədər azalıb. İstehsala gəlincə, 2020-ci ildə 301,4 min ton təşkil edən alma istehsalı 2023-cü ildə cüzi artımla 301,7 min ton olub. Bu isə o deməkdir ki, alma istehsalı artmasa belə, ixracın artımına nail olunub.
Məlumdur ki, bütün digər kənd təsərrüfatı məhsulları kimi, Azərbaycan almasının da əsas ixrac bazarı Rusiyadır. Dövlət Statistika Komitəsinin məlumatına əsasən 2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycandan ixrac olunan 84 369,55 ton almanın 73 020,91 tonu Rusiyaya satılıb. Doğrudur, son illərdə alma ixracının coğrafiyasında genişlənmə var - Özbəkistan, Qazaxıstan, Körfəz ölkələri, Monqolustan, İraq və sair ölkələrə ixrac artır. Lakin aydın məsələdir ki, bu artım Rusiya bazarını əvəz edəcək səviyyəyə çatmır. Bu baxımdan, Rusiya bazarında mövqeləri qoruyub saxlamaq Azərbaycan istehsalçıları üçün son dərəcə vacibdir.
Rusiyanın özündə alma istehsalının sürətlə artması, həmçinin dünyanın ən böyük alma istehsalçısı olan Çinlə ticarətin genişlənməsi Şimal qonşumuzun bazarında Azərbaycan alması üçün böyük rəqabətin meydana çıxması deməkdir. Rusiya Kənd Təsərrüfatı Nazirliyinin məlumatına əsasən 2024-cü ildə ölkəyə meyvə idxalı 2023-cü ildəki 5,958 milyon tondan 2,4 faiz artaraq 6,103 milyon tona çatıb. Bu zaman çəyirdəkli meyvələrin (alma, armud) idxalı 2023-cü ildəki 611,2 min tona qarşı 627,4 min ton təşkil edib. Sabit tədarükçü ixracı 88 min tondan 93,4 min tona çatdıran Azərbaycandır. Lakin Çin ixracı ən çox artıran tədarükçüdür - 2,5 dəfəyə yaxın.
Son 5 ildə Rusiya hökuməti yerli alma istehsalını artırmaq üçün ciddi və effektiv dəstək mexanizmləri işə salıb. Nəticədə son 3 ildə alma istehsalı 1,3 milyon tondan 1,7 milyon tona qədər artıb. Ölkənin illik alma ehtiyacı 2 milyon ton civarında qiymətləndirilir. 2024-cü ilin sonuna Rusiyanın alma ilə özünütəminat səviyyəsi 79,3 faiz təşkil edib. Bu il göstəricinin 85 faizə yüksəlməsi gözlənilir. Buna yeni salınan alma bağlarından istehsalın həcmində gözlənilən artım imkan yaradacaq. Belə ki, son 3 ildə Rusiyanın cənub və mərkəz regionlarında yüz min hektarlarla yeni intensiv alma bağları salınıb.
Nazirliyin məlumatına əsasən, 2024-cü ildə Rusiyada alma istehsalında illik ifadədə 100 min tona yaxın azalma qeydə alınıb. Bunun əsas səbəbi may ayında alma yetişdirilən cənub və mərkəzi regionlarda xarakterik olmayan güclü şaxtaların düşməsidir. Bu şaxtalar çiçəkli alma bağlarına böyük zərər vurub. Nəticədə alma istehsalı 2023-cü ildəki 1,7 milyon tondan 1,6 milyon tona düşüb. Lakin azalmanın elə bu ildən daha sürətli artımla əvəz olunması gözlənilir, çünki yeni bağlardakı ağaclar bol məhsuldarlıq dövrünə daxil olublar.
Azərbaycanın alma istehsal və ixracatçıları da Rusiya bazarındakı rəqabətin, yerli istehsalın artmasının ixraca təsirini qeyd edirlər. Şimal bölgəsində bağçılıq sahəsində iş quran “Metak” şirkətinin sahibi Alik Kərimov bildirir ki, Azərbaycandan Rusiyadan fərqli ölkələrə alma ixracına nail olmaq, demək olar ki, mümkün deyil: “Məsələn, biz Dubaya mal göndərib, pul qazana bilmirik. Çünki yaxında İran var, sadəcə dənizdən dənizə malını oraya satır, problemsiz. Digər tərəfdən böyük alma istehsalçısı olaraq Çin var. Təsəvvür edin, Çin ildə 44 milyon ton alma istehsal edir, biz Çinlə rəqabət apara bilmərik. İkinci istehsalçı Polşadır, ildə 4 milyon ton ton. Bunlardan başqa, bazarda ABŞ, Argentina, Fransa var. Doğrudur, dad baxımından bizim Azərbaycanın almasının dadına çatan yoxdur, bunu hər yerdə gəzib görürük, almamızın rəqibi yoxdur. Amma onun xaricə çatdırılması logistikası çox baha başa gəlir”(FED.az).
A.Kərimovun dediyinə görə, Rusiya bazarındakı vəziyyəti nəzərə alaraq alma bağlarının sahəsini artırmır, diqqəti başqa meyvələrə yönəldirlər.
Rusiyaya ixracın çətinləşməsi digər sahibkarların da profili dəyişməsinə təsir göstərəcək amildir. Böyük istehsalçılar üçün buna nail olmaq elə də çətin olmayacaq, çünki yeni bağlar məhsul verənə qədər özlərini təmin edəcək maliyyə resurslarına malikdirlər. Lakin bir neçə hektar bağı olan və əsas gəlirini o bağdan götürən kiçik sahibkarlar üçün dəyişikliklər heç də asan olmayacaq. Buna görə də dövlətin belə sahibkarlara yönəlik xüsusi dəstək mexanizmləri tətbiq etməsinə ciddi ehityac var.
Yazını hazırladı: Dünya SAKİT
01 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ