Onlayn ictimai-siyasi qəzet
Moskva onun üçün qurulan tələyə düşəcəkmi; ekspertlərin fikirləri müxtəlifdir
Uzun zamandır Ukrayna müharibəsinin fonunda taktiki nüvə silahından istifadə ediləcəyinə dair xəbərdarlıqlar edilir. Görünən budur ki, müəyyən güclər Rusiyanı sanki buna təhrik edir və bununla onu qlobal tora salmağa çalışırlar.
Bəzi dövlətlərin öz silahları ilə Rusiya ərazisinin vurulmasına icazə verməsi, Fransa prezidenti Emmanuel Makronun ukraynalılara təlim keçmək üçün öz qoşunlarını göndərmək planları Rusiyanın cavab olaraq nüvə zərbəsi endirə biləcəyi ilə bağlı narahatlıqları artırıb.
Bu barədə amerikalı professor Rajan Menon “Quardian” nəşrində yazdığı məqalədə bildirib. Qeyd olunur ki, eskalasiya risklərini müəyyən etmək son dərəcə çətindir. Nüvə müharibəsi ilə bağlı proqnoz vermək mümkün deyil.
Professorun fikrincə, Vladimir Putin ABŞ və ya Avropaya nüvə zərbəsi endirməyəcək, çünki bu, “intihar” olar.
O hesab edir ki, nüvə zərbəsi Qərbi Ukraynaya endirilə bilər, lakin bu da çox sayda insanın ölümünə səbəb olar. (Axar.az)
Maraqlıdır, Putin bu tələyə düşəcəkmi? Yoxsa Rusiya rəhbəri bu plandan xəbərdardır və emosional danışsa da, davranışları fərqli olacaq? Əgər real davranışda da emosional qərar verib, taktiki nüvə silahı istifadə edərsə, bu, Rusiyaya, Putinə nə vəd edir? Qarşılığı nə ola bilər?
Azər Badamov
Deputat Azər Badamov düşünür ki, Rusiya-Ukrayna müharibəsində Qərbin gözləntiləri reallaşmadı: “Birləşmiş Qərb hesab edirdi ki, Ukraynaya dəstək verməklə Rusiyanı qısa zaman kəsiyində çökdürə biləcək. O cümlədən Rusiyaya qarşı mümkün qədər sanksiyalar da tətbiq olundu. Qərbin tətbiq etdiyi sanksiyalar bumeranq effektini yaratdı və bu sanksiyaların əks-təsiri oldu. Belə ki, Avropa İttifaqı ölkələrinin iqtisadiyyatlarına fəsadları böyük oldu. Amma Rusiyanın iqtisadiyyatı yatmış iqtisadiyyat rejimindən ayılaraq aktiv iqtisadiyyat rejiminə qayıtdı və məhz sanksiyalara məruz qalması sayəsində Rusiya özünün istehsal proseslərini genişləndirməyə məcbur oldu. Bu da Rusiyanın son illərdə olmadığı qədər iqtisadi artımlara nail olmasına yol açdı. Ukrayna müharibəsinə görə isə Rusiya yeni silahların istehsalını genişləndirdi və Qərbin dəstəyinə baxmayaraq Ukraynanın şəhər və kəndlərini yavaş-yavaş tutmağa davam edir. Yaranmış vəziyyətin kritikliyini görən ABŞ və Avropa Ukraynaya uzaqmənzilli raketlər və "F-16" təyyarələrinin verilməsi məsələsini reallaşdırmağa çalışır. O cümlədən Ukraynaya Rusiyanın dərinliyində olan hədəflərini vurmağa icazə verir. Bu da Qərbin Rusiyanı birbaşa təhdid etməsi deməkdir. Rusiya nüvə ölkəsidir və Ukraynadan olunan raket hücumlarına qarşı çarəsiz duruma düşərsə, strateji nüvə silahlarından istifadə olunacağını açıq şəkildə bəyan edir. Rusiyanın hərbi doktrinasında ölkəsinə qarşı təhlükə yaranarsa, nüvə silahından istifadə etməyə icazə verildiyi yazılıb. Bu baxımdan Rusiyanın dövlət rəhbərliyi strateji nüvə silahlarından istifadə oluna biləcəyi ilə bağlı məsələni gizlətmir. Ona görə də nüvə daşıyıcıları olan gəmiləri ABŞ və Avropanın sahillərinə göndərib. O cümlədən Karib dənizində hərbi təlimlər keçirməyə başlayıb. Bu, həm də ABŞ-a birbaşa əzələ nümayişidir. Bəzi Qərb siyasətçiləri Rusiyanın strateji nüvə silahını ancaq Ukraynada işlədə biləcəyi ilə bağlı səhv fikirlər səsləndirir. Amma Ukrayna müharibəsi başlanan ilk vaxtlarda Putin açıq şəkildə bizim olmayan dünya bizə lazım deyil demişdi. Bu da nüvə silahını işlədə biləcəyi ilə bağlı bir mesaj idi. Bu gün Ukrayna müharibəsi günü-gündən gərginləşir. Birləşmiş Qərb Rusiyanın qalib gəlməməsi üçün əlindən gələni edir. Amma bunun çox yanlış hərəkət olduğunu hesab edirəm. Çünki dünyanın ən böyük nüvə ölkəsi olan Rusiya ilə zarafat edib verdiyi bəyanatlara ciddi yanaşmamaq olmaz. Bu baxımdan Rusiya məcbur olarsa, nüvə silahını Avropa İttifaqı ölkələrindən birinə və yaxud da ABŞ-a qarşı istifadə edə bilər. Həm də hesab edirəm ki, sonu görünməyən Rusiya-Ukrayna müharibəsi nüvə silahının işlədilməsi ilə başa çata bilər. Nüvə silahının işlənməməsi üçün isə Birləşmiş Qərb Rusiya-Ukrayna müharibəsinə baxışlarını dəyişməlidir. Əks halda, bütün dünyanı böyük bir faciə gözləyir”.
Əhəd Məmmədli
AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli: “Rusiya taktiki nüvə silahını istifadə edəcəyini dəfələrlə bəyan edib. Buna müxtəlif dövlət simaları xüsusi vurğu ediblər. Rusiya Ukrayna ilə müharibədə yorulub və ciddi miqyaslı ərazi uğurlarına da nail ola bilməyib. Doğru, cəbhə boyunca irəliləyişdədirlər, amma bu nəticə Moskvaya çox böyük canlı və texnika itkisi ilə başa gəlir. Ruslar da bunun günahını Qərbin Ukraynaya dəstəyində görürlər. Rusların baxış bucağı odur ki, Qərb təkcə silahları, könüllüləri, muzdluları ilə deyil, rəsmi hərbi birlikləri ilə də Ukraynanın tərəfindən çıxış edəcəksə və raketləri ilə Rusiyanın ərazisini hədəfə alacaqlarsa, bunun cavabı mütləq, həm də taktiki nüvə silahından istifadə etməklə verilməlidir. Rusiya bunu demək istəyir ki, məni məğlub etməyə çalışmayın, yoxsa özümlə bərabər hamınızı yandıraram”.
Niyaməddin Orduxanlı
Ədalət, Hüquq, Demokratiya Partiyası sədrinin müavini, politoloq Niyaməddin Orduxanlı nüvə silahına əl atılacağı ehtimalını az görür: “Rusiya-Ukrayna müharibəsi başlanan ilk gündən Rusiyanın rəsmi şəxsi Medvedyev nüvə silahından istifadə ediləcəyini deyirdi. Rusiyanın hər zaman nüvə silahı ilə təhdid etdiyini görürük. Bu müharibəyə başqa ölkələrin qoşunlarının cəlb olunması ilə bağlı verdiyi açıqlamaları birbaşa Rusiyanın təhdidi kimi qəbul edirəm. Çox az inanıram ki, Qərb bu addımı atsın. Əslində iki ildən artıqdır ki, müharibə gedir, tək Ukrayna tərəfindən yarım milyon insan həyatını itirib və ya yaralanıb, ancaq Amerika və Qərb ən müasir silahları Ukraynaya vermir. Belə olduğu təqdirdə, dünyanın ən güclü nüvə dövləti olan Rusiyaya qoşun göndərər? Təsəvvür edin, dünya üzrə 8 ölkənin 11 000 nüvə başlığı var. Ancaq tək Rusiyanın 5700 nüvə başlığı var. Faktiki yarıdan çoxu Rusiyanın payına düşür. İnanmıram ki, Putin Ukraynada nüvə silahından istifadə etsin, Qərbin hazırladığı tələyə düşsün. Çünki Putin çox yaxşı bilir ki, Amerikada son illərdə qətiyyətli bir lider yetişə bilmir. Nüvə müharibəsini ABŞ Rusiya ilə etməz. Putin Krımı Rusiyanın ərazisinə birləşdirəndə kim onun qabağına çıxdı? Avropa və ABŞ yalnız sanksiya oyunu ilə Rusiyanı zəiflətmək siyasətinə əl atdı. Əslində isə Avropanın bir sıra ölkələri hələ də Rusiya ilə ticari əlaqələrini davam etdirir. Bu gün Amerikanın Rusiyaya çox böyük ehtiyacı var. Çünki Amerika Rusiyanı Avropa üçün "xoxan" obrazında təqdim edib, öz maraqlarını təmin edir".
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ