Onlayn ictimai-siyasi qəzet
İqtisadçı: “Baytarlıq tələblərinin sərtləşdirilməsi və ya bu qaydalara daha diqqətlə riayət edilməsi səbəbindən Azərbaycan vaxtaşırı problemlərlə qarşılaşır”
Rusiyanın qonşuları ilə arasında siyasi münasibətlər gərginləşəndə bir qayda olaraq həmin ölkədə istehsal olunan müxtəlif məhsulların Rusiya Federasiyasına ixracında problemlər yaranır. Bu dəfə də istisna deyil.
Hazırda Rusiya Ermənistan, Moldova, Gürcüstan, Özbəkistan kimi ölkələrin məhsullarına qadağa tətbiq edir. Azərbaycan da qıraqda qalmayıb. Keçən il ölkəmizdən külli miqdarda yumurta alan Rusiya bu dəfə eyni məhsulu almaqdan imtina edib, nəticədə yerli yumurta istehsalçıları ziyana düşüb. Bunun AZAL-ın təyyarəsinin Qroznı üzərində vurulmasından sonra gərginləşən münasibətlər fonunda baş verdiyinə dair fikirlər var. Bu baxımdan siyasi problemlərin çözülmədiyi müddətdə yerli məhsullarımızın Rusiya bazarına çıxmasının çətin olacağı gözlənilir.
Hazırda Rusiya tərəfdən ölkəmizin hansı məhsullarına idxal qadağası qoyulub? Bu qadağalar nə dərəcədə əhatəli və sərtdir?
Eldəniz Əmirov
Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan iqtisadçı ekspert Eldəniz Əmirovun sözlərinə görə, beynəlxalq səviyyədə siyasi və iqtisadi güc olaraq getdikcə zəifləyən ölkələr təsir imkanlarını itirdikcə onların təsir alətləri də zəifləyir. “Bu kontekstdə biz Rusiyanın Azərbaycana, Ermənistana, Gürcüstana, Özbəkistana və Moldovaya göstərdiyi təzyiqləri müşahidə edə bilərik. Artıq bu təsir vasitələri o qədər zəifləyib ki, gəlib pomidor, yumurta səviyyəsinə enib. Bunun üçün Rusiya tərəfi gömrük prosedurlarından və fitosanitar qaydalardan bir vasitə kimi istifadə edir”, - ekspert deyib.
İqtisadçı qeyd edir ki, baytarlıq tələblərinin sərtləşdirilməsi və ya bu qaydalara daha diqqətlə riayət edilməsi səbəbindən bu ölkələr, o cümlədən Azərbaycan vaxtaşırı problemlərlə qarşılaşır: “Həm Azərbaycan, həm də postsovet ölkələrinin böyük əksəriyyəti hələ də ixraclarını yetəri qədər diversifikasiya edə bilmədiklərindən Rusiya üçün bu fürsəti açıq saxlayırlar. Çünki həm idxalda bu ölkədən asılılıq ciddi şəkildədir, həm də ixracda. Diversifikasiyanın həyata keçirilə bilməməsi bir sıra obyektiv və subyektiv səbəblərlə bağlıdır. Burada başlıca faktor isə logistik xərclərdir.
Çünki daha uzağa ixrac olunan məhsullar daha baha başa gəlir. Bu isə həmin xarici bazarlarda bizim məhsulların rəqabətə tab gətirə bilməməsi, daha ucuz çatdırılan məhsullar qarşısında dayanıqlı olmaması ilə nəticələnir və satış olmadığı təqdirdə, təbii ki, ixrac da sonradan dayanır".
E.Əmirov bildirir ki, digər bir məsələ keyfiyyət göstəriciləridir: “Artıq dünyanın bir çox ölkələri, o cümlədən Azərbaycanın özü də kənardan idxal etdiyi məhsulları qida standartlarına, daha keyfiyyətli və problemsiz qidalara, yəni baytarlıq və fitosanitar tələblərə, beynəlxalq standartlara uyğunluğuna görə seçir və əks-istiqamətdə olanları, keyfiyyətsiz məhsulları qadağan edir. Bu, bir tendensiyadır və getdikcə daha da artacaq. Bunun azalacağını heç vaxt görməyəcəyik.
Buna görə də yerli sahibkarlarımız mütləq şəkildə daha keyfiyyətli qida istehsalına fokuslanmalıdır. Çünki beynəlxalq bazarlarda diversifikasiyaya nail olmaq istəyiriksə, ixrac üçün birinci növbədə duran məsələ keyfiyyət olmalıdır. Təbii ki, qiymət faktoru da önəmlidir. Daha ucuz başa gələn məhsul istehsal etmədən, təkcə keyfiyyət yaratmaq kifayət etməyəcək, çünki baha məhsulu ixrac etmək mümkün olmayacaq. Yəni keyfiyyət və qiymətin bir yerdə kəsişdiyi nöqtədə rəqabətqabiliyyətlilik təmin olunmasa, Rusiya bazarlarına alternativ tapmaq mümkün olmayacaq. Bu, birmənalıdır.
Çünki daha uzağa ixrac olunan məhsullar daha baha başa gəlir. Bu isə həmin xarici bazarlarda bizim məhsulların rəqabətə tab gətirə bilməməsi, daha ucuz çatdırılan məhsullar qarşısında dayanıqlı olmaması ilə nəticələnir və satış olmadığı təqdirdə, təbii ki, ixrac da sonradan dayanır".
E.Əmirov vurğulayır ki, bu faktor hər zaman Rusiyanın əlini gücləndirən amil olacaq: “Biz bunu hər zaman müşahidə edə biləcəyik. Çünki artıq ticarət siyasi mübarizəni, hətta hərbi müharibələri əvəz edir və qarşıdakı dövrdə də əvəz edəcək. Yəni bir ölkəni məğlub etmək üçün həmin ölkədən məhsul almayacaq və yaxud da ona məhsul satmayacaq və nəticədə bu ölkə iqtisadi cəhətdən çökmüş olacaq.
Bir daha qeyd edim ki, hər hansı bir ölkə elmi, mədəni, siyasi, hər cəhətdən nə qədər güclü olursa-olsun, iqtisadiyyatı güclü olmayan ölkə gələcəyin ölkəsi olmayacaq. Gələcəyin ölkəsi iqtisadi cəhətdən güclü olan ölkə olacaq".
Xalidə GƏRAY,
“Yeni Müsavat
13 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ