Onlayn ictimai-siyasi qəzet
Kreml Azərbaycandakı hərbi kontingentini “evə” aparmaq istəyirmi? Politoloq: “Rusiya, əlbəttə, sülhməramlıların Qarabağda daha çox qalmasını istəyə bilər, amma...”
Kreml hesab edir ki, Rusiyadan başqa heç bir dövlət Cənubi Qafqazda qarant rolunu oynaya bilməz. Musavat.com-un məlumatına görə, Rusiya prezidentinin sözçüsü Dmitri Peskov belə deyib.
“Bir sıra ölkələr hələ də Qarabağ ətrafında sabit vəziyyəti pozmağa çalışırlar. Bu, Azərbaycan tərəfinin rəsmi şəkildə bəyan etməsinə səbəb oldu ki, həmin ölkələr birtərəfli mövqe tutduqlarına görə çətin ki, hər hansı vasitəçi roluna iddia edə bilərlər” - Peskov “Rossiya-1" telekanalına müsahibəsində bildirib. Onun sözlərinə görə, birtərəfli mövqe tutanlar heç nə iddia edə bilməzlər, "bu, həm qeyri-mümkündür, həm də yersizdir".
Rusiyadan bölgəyə hansısa bəhanələrlə yerləşmək istəyən Qərb paytaxtları ilə bağlı vaxtaşırı bənzər mövqelər eşidirik. Ancaq bu mövqelər son aylarda daha çox Qərbin Ermənistan planları ilə əlaqədar olurdu. Xüsusilə də ABŞ və Avropa İttifaqının Ermənistanda möhkəmlənməyə çalışması, Rusiyanı bu ölkədən çıxartmaq istiqamətində səyləri Kremldə qıcıq doğururdu. Lakin göründüyü kimi, artıq Peskov səviyyəsində Qərbin Qarabağda sabitliyi pozmaq niyyətindən bəhs olunur. Bəlli olduğu kimi, Qarabağ məsələsi keçmişdə qalıb və burada Azərbaycan dövləti quruculuq işləri ilə məşğuldur. Sanki Rusiya bu kimi açıqlamalarla Qarabağdakı hərbi kontingentinin ömrünün uzadılmasına bəraət qazandırmağa çalışır. Elə Rusiyanın Qarabağdakı müvəqqəti kontingenti tərəfindən antiterror əməliyyatları zamanı ölən rus hərbçilərinin şərəfinə xatirə abidəsinin qoyulması, xüsusi tədbirin keçirilməsi də Kremlin bu bölgədən tezliklə getmək niyyətində olmadığını nümayiş etdirir. Ən azı həmin tədbirdə Azərbaycan nümayəndələri də iştirak etməli idi, çünki abidə Canyataq ərazisində qoyulub. Bundan əlavə, erməni mediası iddia edir ki, Rusiya Qarabağdakı hərbi kontingentinin rotasiyasını başa çatdırıb. Bununla da demək istəyirlər ki, ruslar tezliklə “ev”lərinə dönmək istəmirlər.
Hərbi ekspert Ədalət Verdiyev Turkustan.az-ın suallarına cavabında bildirib ki, Qarabağda qoyulan abidə mürəkkəb bir kompleks deyil, sadəcə, Rusiyanın Qarabağda itirdiyi 6 hərbi qulluqçusunun şəkillərindən ibarət bir qaya parçasının üzərinə tablo yerləşdiriblər: “Burada qeyri-adi bir şey yoxdur. Həmin ərazidə rus şairlərinin büstlərini də görmüşük. Rus kontingentlərinin Azərbaycan ərazisində fəaliyyəti birgə bəyanatla məhdudlaşdırılıb. Yəni 2025-ci il noyabrın 9-na qədər başa çatacaq. Ruslar da həm büstlərini, həm də xatirə tablolarını özləri ilə götürüb daha əvvəl getdikləri kimi, bu dəfə də gedəcəklər. Bu məsələdə Azərbaycanla Rusiya arasında heç bir fikir ayrılığı yoxdur. Bu faktlardan da narahatlıq keçirməyə dəyməz. Anlamaq lazımdır ki, orada xidmət edən komandanlıq, itirdiyi hərbi qulluqçularının xatirəsini bu və ya digər şəkildə yad etmək üçün nəsə etməli idi və onlar da bu tablonu oraya təxminən iki ay sonra yerləşdiriblər. Burada narahatedici heç bir fəaliyyət müşahidə etmirəm”.
Ə.Verdiyevin sözlərinə görə, sülhməramlılar artıq öz fəaliyyətini Qarabağda demək olar ki, 50 faizə qədər məhdudlaşdırıb: “Onların son günlərdə həyata keçirdiyi fəaliyyətlər Azərbaycanın milli və dövlət maraqlarına da zidd deyil. Əksinə, rus kontingent toponimlərin adını da düzəltdi. Azərbaycan ərazisində yaşamağa davam edən Qarabağ erməniləri ilə kontaktların yaradılmasında da müsbət fəaliyyət göstərir və onların bu gün hansısa bir şəkildə Azərbaycanın Qarabağdakı fəaliyyətlərinə heç bir müdaxilə etmirlər. Mən bu fəaliyyətləri öz gözümlə görmüşəm və izləmişəm. Ona görə də bu məsələlərdə hansısa hərbiçilərin həlak olmasına görə yerləşdirilən bir xatirə tablosundan da çox narahat deyiləm”.
Tural İsmayılov
Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov “Yeni Müsavat”a bildirdi ki, Peskov müəyyən mənada haqlıdır: “Çünki Qərb imperializmi tarix boyu ədalətsizliyin qalası olub. Bu gün baş verən absurd göz önündədir. Azərbaycan ərazi bütövlüyünü təmin edib deyə, ölkəmizin üzərinə gəlirlər. Kütləvi şəkildə Azərbaycana qarşı haqsız siyasi təhdidlər nümayiş etdirən Qərb Qarabağ zəfərini həzm edə bilmir. 30 il ərzində ABŞ bizi qane etməyən mövqe nümayiş etdirirdi. Daha sonra Vaşinqton formatına müəyyən ümid yaranmışdı. Amma kollektiv Qərb ABŞ və Fransa timsalında artıq sübut edir ki, o, ancaq regionda Rusiyanı sıxışdırmağa çalışır. Ona görə də birmənalı şəkildə ancaq Ermənistan dəstəklənir. Bölgədə sülh və sabitlik yox, aktiv dava görüntüsü yaratmağa çalışırlar”.
T.İsmayılovun sözlərinə görə, indi Ermənistan ərazisi həm də anti-Rusiya mərkəzi halına gəlib: “Bütövlükdə Ermənistan-Rusiya siyasi "çat"ı iki əsas məsələni qabardır: Birincisi, Ermənistan ərazilərinin Qərb agenturasına meydan olmağı; ikincisi, Azərbaycan və Türkiyəyə qarşı Ermənistanın əli ilə yeni təxribatlar ehtimalı. Proses isə nəticədə Ermənistana böyük zərbə vuracaq”.
Ekspert Rusiyanın Qarabağdakı kontingenti ilə bağlı narahat deyil: “Biz Qarabağa səfərlərimizdə də gördük ki, rus sülhməramlıları artıq orada formal qalıb. Bunu Rusiya rəhbərliyi də bilir. Rusiya, əlbəttə, sülhməramlıların Qarabağda daha çox qalmasını istəyə bilər. Amma hesab edirəm ki, maksimum 2025-ci il, minimum isə gələn ilin əvvəlləri sülhməramlılar artıq Qarabağı tərk edəcək”.
D.Peskovun KTMT və Ermənistan münasibətləri barədə fikirləri də diqqət çəkir. “Rusiya Federasiyası ümid edir ki, bir müddət sonra Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) fəaliyyətində tam şəkildə iştirakını bərpa edəcək”, - Kremlin sözçüsü deyib. “Ümid edirik ki, erməni dostlarımız da təşkilatda geniş iştirakın lehinə öz yanaşmalarını bərpa edəcəklər”, - Peskov bildirib.
Bundan əvvəl Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın KTMT çərçivəsində Minskdə keçiriləcək görüşlərdə iştirak edə bilməyəcəyi məlum olub. Ermənistanın baş naziri Nikol Paşinyan isə Belarus prezidenti Aleksandr Lukaşenko ilə telefon danışığında KTMT-nin iclasında iştirak etməyəcəyini bildirib.
T.İsmayılov Rusiya prezidentinin köməkçisinin İrəvana KTMT mesajı ünvanlamasını normal sayır: “Peskovun KTMT mesaji aydındır. Əslində KTMT ilə müqayisədə inanmıram ki, Rusiya Ermənistana qarşı hansısa hərbi və siyasi addımlar atsın. Ermənistana qarşı ancaq iqtisadi təsir rıçaqları işə salına bilər. Ermənistanın verdiyi vəsiqələr Rusiya ərazisində mübahisələndirilə bilər ki, Peskov artıq bunun siqnallarını verib”.
E.PAŞASOY,
Musavat.com
29 Noyabr 2024
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ