Onlayn ictimai-siyasi qəzet
Süni intellekt vasitəsilə yaradılmış aktrisa Tilli Norvud artıq bir neçə istedad agentliyinin diqqətini cəlb edib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə aktrisa, komediya ustası və prodüser Eleyn Van der Velden Zürix Kino Festivalı çərçivəsində keçirilən “Zurich Summit” panelində bildirib.
Tilli Norvud yaxınlarda istifadəyə verilmiş “Xicoia” adlı AI-ist talent studiyasının ilk “yaradılmış” aktrisasıdır. “Xicoia” isə Van der Veldenin AI prodakşn studiyası “Particle6”nın törəmə layihəsidir. Variety xəbər verir ki, studiya artıq yeni AI layihələrini təqdim etməyi planlaşdırır.
“Biz Tillini ilk dəfə təqdim edəndə insanlar soruşurdular: ‘Bu nədir?’ İndi isə tezliklə onun hansı agentlik tərəfindən təmsil olunacağını elan edəcəyik”, – deyə Van der Velden əlavə edib.
İyul ayında Tilli Norvud “Facebook” səhifəsində ilk rolunu açıqlamışdı. “İnanılmazdır… mənim ilk rolum artıq onlayndadır! Mən “AI Commissioner”da rol alıram – televiziya gələcəyini yumorla araşdıran yeni komediya skeçi. Mən süni şəkildə yaradılmış ola bilərəm, amma indi həqiqi emosiyalar yaşayıram. Gözləyə bilmirəm, bundan sonra nələr olacaq!”, – deyə Tilli “yazmışdı”.
Eleyn Van der Velden vurğulayıb ki, layihənin məqsədi Tillini gələcəyin “Scarlett Johansson” və ya “Natalie Portman”ına çevirməkdir. Onun sözlərinə görə, kino və televiziya sənayesindəki iqtisadi reallıqlar getdikcə AI prodakşnuna daha çox üstünlük verir: “İnsanlar anlayırlar ki, onların yaradıcılığı büdcə ilə məhdudlaşmamalıdır – heç bir yaradıcı çərçivə yoxdur və məhz buna görə süni intellekt müsbət alət ola bilər”.
Süni intellekt vasitəsilə yaradılmış aktrisa Tilli Norvud artıq istedad agentliklərinin maraq dairəsinə düşüb və ilk rolunu da ifa edib. Prodüserlər bunu kino sənayesinin gələcəyi kimi təqdim etsələr də, əslində bu, aktyor sənəti üçün xəbərdarlıqdır: əgər tendensiya davam etsə, yaxın illərdə biz Tom Kruz, Skarlett Yohansson, Bred Pitt kimi ulduzların yerinə süni intellekt tərəfindən yaradılmış obrazların ekranlara hakim olduğunu görə bilərik.
Musavat.com
29 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ