İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyadan miqrant-mütəxəssis axını Ermənistanı dirçəldir - Azərbaycan necə önləsin?

Ekspertlərdən çağırış: “Hökumət bu təhlükəni nəzərə almalıdır”

“Ermənistan Ukraynadakı münaqişə səbəbindən rusların ora köçməsindən ən çox faydalanan ölkədir”. “Yeni Müsavat”ın məlumatına görə, bu barədə “Renaissance Capital”ın (Forbes) Ermənistan iqtisadiyyatına dair hesabatında deyilir.

Belə ki, investisiya şirkəti analitikləri ilin əvvəlində Ermənistan iqtisadiyyatının 5 faiz artacağını proqnoz eləsələr də, artıq bu il ölkə ÜDM-nin 14 faizə qədər artacağını proqnozlaşdırırlar. Builki iqtisadi artımın ikirəqəmli olmasının səbəbləri arasında “S & P Global”ın ekspertləri ölkənin tədiyyə balansını dəstəkləyən əsas faktor olaraq Rusiyadan pul köçürmələrinin kəskin artımını, eləcə də ölkəyə Rusiya vətəndaşlarının kütləvi axını nəticəsində daxili tələbatın artmasını qeyd edirlər. Təkcə iyul-sentyabr aylarında ruslar Ermənistana 267 3000 dəfədən çox daxil olublar.

Bildirilir ki, rusların axını səbəbi ilə İT sektoru Ermənistanda ən sürətlə inkişaf edən sahələrdən birinə çevrilib.

“Biz görürük ki, İT sektoru indi ÜDM baxımından o qədər də böyük deyil, lakin dövlət mütəxəssislərin və ya İT biznesinin köçürülməsinin lokallaşdırılmasına töhfə verir ki, bu da ölkə iqtisadiyyatının əlinə keçir. Biz bu sektorda güclü ikirəqəmli artım görəcəyik”, - deyə “Renaissance Capital”ın Rusiya və MDB üzrə baş iqtisadçısı Sofya Donets bildirib. Onun sözlərinə görə, Ermənistanda qonaqpərvərliyə oriyentasiya edən bütün sektorlar uduşdadır: "Hazırda mehmanxana və restoran, xidmət və ticarət sektorlarında 30 faizə qədər artım var".

Tikinti sektoru da rusların axınından yararlanıb: “Renaissance Capital” şirkətinin hesablamalarına görə, tikinti həcmi qarşıdakı illərdə hər il 15-20 faiz artacaq.

Ölkə iqtisadiyyatı Rusiyaya ixracın artması ilə də dəstək qazanıb. “Renaissance Capital”a görə, 2022-ci ilin 9 ayında ixrac əsasən Rusiya hesabına 60 faiz artıb: “Ermənistan sanksiyalar rejimini pozmur, lakin buna baxmayaraq, logistikanın restrukturizasiyasına başlanılıb. Rusiya Ermənistan üçün əsas ticarət tərəfdaşlarından biridir”.

Donets Ermənistanın Mərkəzi Asiya və Qafqaz ölkələri arasında ən böyük iqtisadi artım göstərməsinin bir neçə səbəbini qeyd edib: “Ölkənin əlverişli geosiyasi mövqeyi var, iqtisadiyyatı kiçikdir və hakimiyyət ziyarətçilərin qalmasını təmin etmək üçün səy göstərir”.

Maraqlıdır ki, bu arada həm də Ermənistanın milli valyutası dramın dollara münasibətdə möhkəmləndiyi bəlli olub.

Əvvəla, ruslar Güney Qafqazda niyə məhz Ermənistanı seçir? İkincisi, bu gəlişmələr, gözləntilər Azərbaycana hansı neqativlər vəd edir, xüsusən də nəzərə alanda ki, Ermənistanın maliyyə-iqtisadi cəhətdən dirçəlməsi, maliyyə imkanlarının artması ilk növbədə onun öz ordusunu dirçəltməsinə, yeni silah-sursat alınmasına və Qarabağdakı separatçı ünsürləri daha fəal dəstəkləməyə səbəb olacaq. Nə etməli?

Qeyd edək ki, Ermənistan Mərkəzi Bankı Ukraynada müharibə başlayan ilk həftələrdə Rusiya ilə iqtisadi əlaqələrdə gözlənilən pisləşməni əsas gətirərək, 2022-ci ildə ölkədə gözlənilən ÜDM artımı proqnozunu 5 faizdən 1,6 faizə qədər endirmişdi. Lakin 9 ayın yekununda qurum illik ÜDM artımı proqnozunu 13 faizə yüksəldib. Bunun əsas səbəbi isə Rusiyadan yüksək səviyyəli mütəxəssislərin Ermənistana kütləvi axınıdır. Bu axın düşmən ölkənin IT sektorunda insan kapitalının 25 faiz artımına gətirib çıxarır. Belə mütəxəssislərin Ermənistanda məskunlaşması ölkə üçün uzunmüddətli müsbət effektin yaranmasını şərtləndirir.

Ermənistanın xarici ticarətinin həcmi yanvar-sentyabr aylarında illik ifadədə 62,5 faiz artaraq 9,3 milyard dollara çatıb. Bu zaman ixracda artım 63,8 faiz, idxal isə 61,6 faiz artıb. Doqquz ayda Ermənistan-Rusiya qarşılıqlı ticarəti 80 faizlik artım dinamikası nümayiş etdirib.

Doqquz ayda Rusiyadan Ermənistana pulköçürmələrinin həcmində də kəskin artım müşahidə olunub. Bu köçürmələr illik ifadədə 155 faiz artmaqla 1,7 milyard dollar təşkil edib. Nəticədə Ermənistan valyutası dram mart-sentyabr aylarında dollara münasibətdə 28 faiz möhkəmlənib.

Onu da qeyd edək ki, Ermənistanın xarici ticarətinin artmasında Qərbin Rusiyaya satışını qadağan etdiyi məhsulların ikili idxalında iştirak mühüm rol oynayıb. Artıq Avropa İttifaqı Ermənistanın Rusiyaya ixracı qadağan olunmuş bir sıra texnikanın ikili çatdırılmasını təşkil etməsindən narahatlıq keçirdiyinə dair mılumat yayıb. “Bloomberg”in yaydığı məlumata görə,  Avropa İttifaqı Rusiyanın Ermənistan üzərindən aldığı məişət texnikalarının bəzi hissələrindən hərbi məqsədlərlə istifadə etdiyi qənaətindədir. “Evrostat”ın məlumatına əsasən, Ermənistan bu ilin yanvar-avqust aylarında Avropa İttifaqından son iki ildəkindən daha çox paltaryuyan maşın idxal edib.

“Bloomberg” qeyd edir ki, 2022-ci ilin birinci yarısında Avropa İttifaqından bu ölkəyə elektrik südsağan aparat ixracında da ciddi artım baş verib. Halbuki Ermənistanda doğum sayı 2021-ci ilə nisbətən azalıb.

Bir neçə gün əvvəl isə ABŞ Maliyyə Nazirliyi Rusiyanın elektronika istehsalı sektorunda çalışan “Milandr” şirkətinin Ermənistanda yerləşən filialı “Milur Electronics” MMC-ni sanksiya siyahısına salıb.

Yuxarıda qeyd olunanlardan kənarda hələlik Qərb dövlətlərindən Ermənistanın Rusiyanın sanksiyalardan yayınmasında roluna dair addımlar atılmayıb. Düşmən ölkə əlinə düşən fürsətdən hərbi gücünü artırmaq və Azərbaycana qarşı revanşa cəhd etməyə çalışır. Bununla bağlı vaxtaşırı narahatlığını diqqətə çatdıran Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün sözlərinə görə, Rusiyadan köçən İT mütəxəssislərin mühüm bir hissəsinin Ermənistana üz tutması ölkəmiz üçün ciddi təhlükədir: “İndiyədək 50 000 İT mütəxəssisi, xüsusən də proqramçılar Rusiyadan Ermənistana relokasiya edib. Bunu Ermənistanın iqtisadiyyat naziri Kerobyan bildirib. O, Rusiyadan son zamanlarda yalnız İT mütəxəssislərin deyil, 20-dən çox İT şirkətinin də Ermənistanda qeydiyyatdan keçdiyini açıqlayıb.  Ümumiyyətlə isə hazırda Ermənistanda vergi ödəyicisi olaraq 850 Rusiya şirkətinin və 350 fərdi sahibkarın fəlaiyyət göstərdiyini, 40 minədək hüquqi və fiziki şəxsin Ermənistan banklarında hesab açdığını bildirib.

Bakı Rusiyadan biznesin böyük köçündən kənarda qalır - səbəblər

Bir müddət öncə Rusiya bazarından çıxan tanınmış Amerika şirkəti NVİDİA da İrəvanda ofis açdı. Həmçinin "Yandex" də İrəvanda 1000 nəfəri işə cəlb etməklə ofis açmışdı. Düşünürəm ki, on minlərlə İT mütəxəssislərinin, İT şirkətlərinin, eyni zamanda xarici ölkələrin İT şirkətlərinin bir anda Ermənistan bazarlarında yer alması və möhkəmlənməsi bizim üçün çox düşündürücü olmalıdır. Fikrimcə, bununla da yaxın perspektivdə bədnam qonşumuzda yeni mühit formalaşaq, hansı ki, bizim milli maraqlarımıza heç də uyğun olmayan bir mühitdən söhbət gedir.

Adi hesablamalarla proqnozlaşdırmaq olar ki, düşmən ölkə yaxın bir neçə ilə nələr əldə edə bilər. Buna görə də bu məsələ bizim üçün yalnız iqtisadi məsələ olmamalıdır, bu, daha çox milli təhlükəsizlik məsələsidir".

Mütəxəssis şübhə etmir ki, ermənilər bu insan reasurslarından yetərincə bəhrələnməyə, dərhal regionda və qlobal səviyyədə üstünlük qazanmağa çalışacaqlar: “Onların elə əvvəldən də dünya bazarına çıxan milyardlıq bir-iki resursları, diasporadan milyonlarla investisiya alan çoxsaylı startapları vardı.

İndi biz nə etməliyik? Gözləməliyik ki, düşmən ölkə qısa bir zamanda dövlət büdcəsini kəskin artırsın, çevik və effektiv rəqəmsal sahibkarlıq infrastrukturu qursun, özünün nəhəng kadr korpusunu hazırlasın, milyardlar gətirən rəqəmsal startaplar yaratsın? Düşünürəm ki, hökumətimiz, qərar qəbul edənlər baş verənlərə ciddi yanaşmalıdır. Ciddi təhlillər, proqnozlaşdırmalar edilməlidir. Bir daha vurğulamaq istərdim ki, bu 50 000 İT mütəxəssisinin Özbəkistana və ya Türkiyəyə getməsi bizim üçün bir ekonomik inkişaf, rəqabət məsələsi ola bilərdi. Amma bu qədər mütəxəssis ordusunun, sahibkarlar və şirkətlərin qısa zaman kəsiyində düşmən ölkəyə cəmləşməsi, düşünürəm ki, bizim üçün milli təhlükəsizlik məsələsidir".

O.Gündüz onu da bildirir ki, ermənilər Zəngəzur istiqamətində sərhəd zonasında peyk müşahidə sistemi qurmaqda çox israrlıdırlar: “Ermənistan İspaniyanın SATLANTİS şirkəti ilə birgə müşahidə peykini orbitə qaldırdıqdan sonra gələn il üçün özünün peyk idarəetmə mərkəzini qurmağı planlayırdı. Sonradan açıqlama veriblər ki, beynəlxalq kreditlər hesabına bu peyk mərkəzi gələn il deyil, elə cari ilin sonunadək hazır olacaq. Yəni çox tələsirlər. İndi də məlumat açıqlanıb ki, Ermənistan İsveçrə ilə birgə peyk məlumatları əsasında ətraf mühitin monitorinq sistemini qurur. Ermənistanın müvafiq qurumları İsveçrənin qrantları, onların Landsat və Sentinel-2 peyklərindən əldə olunan məlumatlarla tədqiqatlar aparılacağını, ərazidəki obyektlərin diversifikasiyası və delimitasiyası üzrə alqoritmlərin hazırlanacağını bildiriblər. Düşünmək olar ki, məğlub ölkənin kapitulyasiya şərtlərinə əməl etməməsi, sülh müqaviləsini, koridor məsələsini və delimitasiya məsələsini uzatması həm də qurmaq istədiyi peyk müşahidə sistemini başa çatdıra bilməməsi ilə bağlıdır”.

Göründüyü kimi, Ermənistan öz ərazisinə üz tutan mütəxəssislərdən həm də hərbi məqsədlər üçün bəhrələnmək niyyətindədir.

Natiq Cəfərli: “Təklifimizi dövlət qəbul etsə, ölkədə qiymət artımının  qarşısı alınacaq”

Natiq Cəfərli

İqtisadçı-ekspert Natiq Cəfərlinin sözlərinə görə, Rusiyadan 100 minə yaxın insan Ermənistana köçüb: “Bu insanların gəlişi ölkədə bir çox sahələrdə canlanmaya səbəb olub. Mütəxəssislərin, şirkətlərin ora köçməsinə səbəb olan amillər var. Məsələn, Ermənistan Rusiya ilə Gömrük İttifaqında, Avrasiya İttifaqında müttəfiq olduğuna görə bir sıra vergi və rüsum güzəştlərinə malikdir. Ölkənin bank sektoru da Rusiya bank sistemi ilə sıx inteqrasiya olunub”.

Ekspertə görə, Rusiyanın IT şirkətləri Ermənistanda İrəvan üçün deyil, Rusiya üçün çalışırlar: “Yəni hazırkı məqamda onlar əlverişli vergi rejimindən, sanksiyasızlıq mühitindən Rusiyaya çalışmaq üçün istifadə edirlər. Lakin bu mütəxəssislərin Ermənistanda cəmləşməsi yerli sektorun da inkişafına təkan verir ki, bu da Azərbaycan üçün bir sıra təhlükələr formalaşdırır. Bunu Azərbaycan hökuməti mütləq nəzərə almalıdır”.

Dünya SAKİT,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR