İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyadan Bakıya absurd ittiham - Moskva işğalçı Ermənistanı illərlə silahlandıranda...

Azərbaycanın Ukraynaya vaxtaşırı etdiyi humanitar yardımlar artıq Rusiyada qıcıq yaratmağa başlayıb. Belə ki, ölkəmizdən son olaraq Ukraynaya elektrik avadanlıqlarının göndərilməsi Rusiya XİN-də az qala isterika doğurub.

“Azərbaycanın humanitar yardım kimi Ukraynaya transformator və generatorların təhvil verilməsi qərarı Moskva üçün başadüşülən deyil”.

Bu barədə TASS Rusiya XİN-dəki mənbəyə istinadən məlumat yayıb. “Onsuz da Ukraynada vəziyyəti kökündən dəyişdirə bilməyəcək Azərbaycan tədarükləri humanitar yardım sayıla bilməz”, - diplomatik mənbə bildirib.

Xatırladaq ki, dekabrın 10-da Azərbaycan Ukraynaya elektrik avadanlıqları şəklində humanitar yardım göndərib. Yardım paketi 45 güc transformatoru və 50 generatordan ibarət olub. Görəsən Rusiya XİN-dəki “mənbə” niyə narahat olub? Olmaya düşünürlər ki, Bakıdan Ukraynaya “humanitar dəstək” adı altında başqa şeylər göndərilir? Ya generatorlar nə vaxtdan hərbi təyinatlı avadanlıq sayılır? Deyəsən Rusiyada yenə öz adlarını bizə qoymaq istəyirlər. Sanki Azərbaycanın 44 günlük Qarabağ savaşı dövründə də işğalçıya gizli reyslərlə (Türkmənistan - İran üzərindən) silah-sursat, hərbi texnika göndərən Rusiya deyildi. Guya ki, Rusiya tərəfdaşlığa, müttəfiqliyə sadiq dövlətdir? Biz hələ onu demirik ki, Rusiya on illərlə təcavüzkar Ermənistanı ən ucuz qiymətə, bəzən havayı ölkəmizə qarşı silahlandırıb, ona hətta “İsgəndər M” taktiki raket sistemləri verib. O zaman bizim gözümüzdə tük axtarmaqdansa, nədən öz gözündəki tiri görmür? “İsgəndər” sistemləri hara, generatorlar hara? Rusiyanın məhz indi Azərbaycana bu şəkildə narazılıq ifadə eləməsi görəsən nə ilə bağlı ola bilər, nəyə işarədir?

Peqova qarşı cinayət işi - təhvil verilməsə, özümüz... - Azinforum.az  İnformasiya Portalı

Elşən Mustafayev: “Azərbaycanı ittiham etmək Rusiyanın işğalçılıq mahiyyətindən irəli gəlir”

Beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev Azərbaycanın bu yardımlarla Ukraynada insanların həyatlarını qoruduğunu qeyd etdi: “Rusiya Ukrayna müharibəsində klassik vasitələrlə qələbə qazanmaq şansını artıq itirdiyini anlayır. Çoxlu sayda canlı qüvvə və texnika itkiləri, ilk günlərdə tutduğu ərazilərdən geri çəkilmə məcburiyyətləri, orduda döyüş ruhunun demək olar ki, olmaması əvvəllər onu çox narahat edirdisə, hazırda sözün əsl mənasında qəzəbləndirir. O səbəbdən özü üçün çıxış yolunu Ukrayna ərazilərinə raketlərlə zərbə endirməkdə görür. Bu zərbələr əsasən mülki yaşayış məntəqələrinə, xüsusilə böyüklü-kiçikli elektrik stansiyalarına, ölkənin yaşayışını təmin edən digər obyektlərə olunur. Atılan raketlərin bir çoxu məhv edilsə də, hədəfə çatan raketlərin sayı da çoxdur. Bununla da rəsmi Kreml qış vaxtı Ukraynada insanları bir növ cəzalandırmaq, Ukraynanın isə iradəsini sındırmaq istəyir. Təbii ki söhbət nəticə etibarı ilə dinc insanların fəlakətə uğramasından gedirsə, çox ölkələr kimi Azərbaycanın da Ukraynaya enerji təminatını bərpa etmək üçün transformatorlar və s verməsi ilk növbədə dinc əhalinin həyatlarını qorumaq üçün atılan addım kimi qiymətləndirilməlidir. Rusiyanın bundan narazı qalmasi isə öz problemidir. Bizim elədiyimiz yardımlar sərt qış şəraitində ukraynalıların soyuqdan donmaması və əhalinin təminatında elektrikdən asılı olan sahələrdə işlərin dayanmaması üçündür. Bunu bütün dünya edir. 44 günlük müharibədə Rusiyanın Ermənistana etdiyi yardımlar isə insanların həyatına son qoymağa xidmət edirdi. Yəni bir neçə transformatorun verilməsinə reaksiyanı bu şəkildə bildirəndə özünün hansı işlərlə məşğul olduğunu da düşünməlisən. Tək buna görə Rusiyanın heç bir haqqı yoxdur ki, ittihamlarla danışsın. Bu şəkildə yardımların olunması səbəbindən Azərbaycanı ittiham etmək Rusiyanın işğalçılıq mahiyyətindən irəli gəlir. Görünür ki, onlar üçün hədəfə çatmaqda istənilən yol və vasitə məqbuldur. Yəni dinc əhalinin, qocaların, uşaqların enerji problemlərindən dolayı əziyyət çəkməsi, məhv olması öncədən düşünülmüş bir siyasətdir. Əks halda belə reaksiyanı heç cür izah etmək olmur. Artıq xeyli vaxtdır ki, Rusiya TV -də açıq şəkildə deyirlər ki, raket zərbələrində əsas məqsəd Ukraynanı elektriklə təmin edən obyektlərin məhv edilməsi və dövlətin müqavimət ruhunu sıradan çıxarmaqdır. Amma əslində bu addım ilə dinc insanların həyatlarına birbaşa qəsd olunur. O səbəbdən həm insanlıq naminə, həm də Ukrayna və Azərbaycan arasında olan münasibətlər səbəbindən edilən yardımlar davam etdirilməlidir və buna etiraz edənlərin cavabları dərhal verilməlidir”.

Xankəndi müqaviməti daha uzunmüddətli olacaq”-Asif Nərimanlı-ÖZƏL - NEWS

Asif Nərimanlı: “50 generator vəziyyəti dəyişdirmək baxımından az ola bilər, amma...”

Siyasi analitik Asif Nərimanlı Ukraynaya edilən belə yardımların normal hal olduğunu söylədi. Bunun təkcə Azərbaycanla bağlı olmadığını da qeyd etdi: “Azərbaycanın Ukraynaya humanitar yardımı müharibənin başlanmasının ilk dövründən həyata keçirilib və indi də davam edir. Hazırda həyata keçirilən humanitar yardımlar - generatorların göndərilməsi Rusiyanın müharibədə tətbiq etdiyi yeni taktikaya ziddir. Rusiya döyüş meydanında məğlub olandan və geri çəkilməyənə başlayandan sonra Ukraynanı enerji infrastrukturunu sıradan çıxarmaq taktikasına əl atdı. Bu, müharibənin gedişində effekt verə biləcək taktikadır. Azərbaycanın humanitar yardımında generatorların olması da bu məsələdə Ukraynaya dəstəkdir. Təbii ki, 50 generator vəziyyəti dəyişdirmək baxımından az ola bilər, amma ən azı tərəfimiz bəllidir. Rusiyanı bu narahat edir. Lakin bunu indi gündəmə gətirmələri Qarabağda baş verənlər fonunda Moskvanın Bakıya təzyiqi kimi qiymətləndirilə bilər. Xankəndi yolunda aksiyanın başlanmasından sonra Rusiya gözləmədiyi vəziyyətlə üzləşib və problemlərin yeganə həlli aksiya iştirakçılarının tələblərinin qəbul edilməsindən keçir. Rusiya bunu istəmir və müxtəlif kanallarla Bakıya təsir etməyə çalışır. Görünür, Azərbaycan rəhbərliyi aksiya iştirakçılarını dəstəkləmək mövqeyini dəyişdirə bilmirlər, Ukraynaya humanitar yardımın bu formada gündəmə gətirilməsi də rəsmi Bakıya təzyiq məqsədi daşıyır”.

Cavanşir ABBASLI
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR