Onlayn ictimai-siyasi qəzet
Ötən il dekabrın 25-də “Azərbaycan Hava Yolları”na məxsus “Embraer E190AR” təyyarəsinin Aktauda qəzaya uğramasında birbaşa səbəbkar olan Rusiya hələ də günahı hər vəchlə özündən uzaqlaşdırmağa, beynəlxalq təhqiqatın yönünü özünə sərfəli səmtə yönəltmək üçün ictimai rəyi çaşdırmağa çalışır. Həmişəki kimi, bu işdə Kremlə yaxın media qurumları öndə gedir.
Hətta Azərbaycanı qaralamağa belə cəhdlər edilir-baxmayaraq ki, Rusiya prezidenti Vladimir Putin dekabrın 28-də faciəvi olaya görə həmkarı İlham Əliyevlə telefon danışığı zamanı üzrxahlıq edib.
Kreml Prezident İlham Əliyevin Rusiyadan təzminat və təyyarənin vurulmasına görə cinayətkarların müəyyənləşdirilməsi tələbini yerinə yetirmək əvəzinə Rusiyada hökumətə bağlı blogerlər və bəzi jurnalistlər tərəfindən Azərbaycana qarş təbliğat başlanıb. “Azərbaycan Ukraynaya dəstək verir”, “Təyyarənin vurulmasına görə Ukrayna günahkardır”, “İkinci Qarabağ müharibəsi zamanı rusiyalı sülhməramlılara atəş açılmışdı” kimi həqiqəti əks etdirməyən bəhanələr gətirirlər. Məqsəd nədir bu ant-təbliğatda? Azərbaycan buna rəsmi etiraz etməlidirmi? İndi belə davranışı necə başa düşək? Burda deyiblər, “həm suçlu, həm güclü”. Yaxud “üzrü günahından betər”...
Milli Məclisin deputatı Elçin Mirzəbəyli “Yeni Müsavat”a bildirdi ki, SSRİ-nin süqutundan sonra Rusiyanın nəinki postsovet məkanında, hətta keçmiş Varşava müqaviləsi ölkələrinin bir hissəsində də təbii lider missiyasına sahiblənmək şansı olsa da, imperiya ambisiyaları, qonşu ölkəyə uğur gətirməyən səltənətçilik (velikoderjava) şovinizmi buna imkan vermədi. Və təəssüf ki, hələ də Moskvada Rusiyanı liberal avrasiyaçılıqdan uzaqlaşdıraraq, sivilizasiyaların qarşıdurması avantürasının tərəfinə çevirmək istəyən siyasətçilər var: “Həmin siyasətçilər, Kremlin tərəfdaş, müttəfiq, yaxud ümumiyyətlə Rusiya ilə iqtisati, mədəni və humanitar əlaqələrin genişləndirilməsində maraqlı olan ölkələri hədəfə almaqla, əslində öz ölkələrinin inkişaf perspektivinə və təhlükəsizliyinə zərbə vururlar. Dünyanın “yumşaq güc” (soft power) mərhələsindən “hibrid və yumşaq güc” (hybrid and soft power) mərhələsinin ən mürəkkəb mexanizmlərinə şahidlik etdiyi bir zamanda, Rusiyanın bir sıra siyasətçilərinin və onların informasiya məkanındakı propoqandaçılarının sərt və barışmaz güc amili üzərindən mövqe sərgiləmələri, arxaik və heç bir perspektiv vəd etməyən yanaşmaların təzahürüdür.
Çəkindiricilik, müəyyən həddə qədər vacib amildir. Amma müəyyən həddə qədər! Elan edilməyən, real güc mexanizmlərinin yer aldığı çəkindiricilik amili, aşırı təbliğatın, təhdid və aqressiv açıqlamaların predmetinə çevriləndə öz əhəmiyyətini itirir. Çəkindiricilik iqtisadi imkanlar, daha təhlükəsiz və firavan gələcək perspektivi ilə yanaşı təqdim olunanda daha effektiv olur və ağrısız qəbul olunur.
Doğrusu, hazırda simonyanların, solovyovların yenidən meydan suladığı Rusiya təbliğatının hədəfinin nədən ibarət olduğunu anlamaq çox çətindir. Rusiya ilə əks qütbdə dayananlar, bu ölkəni etibarsız, perspektivsiz, müttəfiq və tərəfdaşlarını hər addımda əzməyə, güdaza verməyə hazır olan, dövlətlərarası münasibətlərdə klassik dövlətçilik ənənələrindən və prinsiplərindən çıxış etməyən dövlət kimi təqdim edirlər. Rusiyanın təbliğat maşınının bir hissəsi də, dolayısıyla Rusiyaya qarşı aparılan bu siyasətin içərisində yer almaqdadır və bu da, artıq təəccüb yox, ikrah doğurur. Nəyə nail olmaq istəyirlər? Rusiyanın tamamilə təklənməsinə, bu ölkə ilə mədəni, humanitar və iqtisadi bağları olan dövlətlərin özünümüdafiə instinktlərinin daha da güclənməsinə və əks proseslərin içərisində yer almasına? Hələ 2014-cü ildə ABŞ-ın Rusiyadan “xoxan” düzəltməklə müttəfiqlərinin mərkəzdənqaçma meyllərinə mane olmağa, eləcə də müdafiələri üçün NATO-ya daha çox pul ödəməyə sövq etməyə çalışdığını yazmışdım.
Məsələnin maraqlı tərəfi də budur ki, Rusiya hakimiyyətinin yanında yer alan propoqondistlər də Rusiyanı nəinki rəqiblərinə, hətta dostlarına da “xoxan” kimi təqdim etmək üçün dəridən-qabıqdan çıxırlar. Məsələni dostlara, müttəfiq və tərəfdaşlara gələndə “xoxandüzəltmə” təbliğatını daha da sərtləşdirirlər. Və bu heç də yaxşı perspektivdən xəbər vermir”.
Deputatın sözlərinə görə, Azərbaycana qarşı irəli sürülən iddialar isə o qədər gülüncdür ki, hətta tamamilə manqurtlaşmış qrupları belə, özləri istəmədikləri halda buna inandırmaq mümkün deyil: “Bu yalançı, böhtançı, şər-şəbədə təbliğatı ilə heç nəyə nail olmaq mümkün deyil. Azərbaycana məxsus mülki təyyarənin vurulması və nəticədə çoxsaylı insan tələfatının baş verməsi böyük faciədir və belə məsələlərdə, xüsusi, bu günədək görünməyən hansısa addımların atılmasına ehtiyac yoxdur. Sadəcə adam və normal dövlət kimi davranmaq lazımdır. Azərbaycanın tələblərinin içərisində xüsusi heç nə yoxdur. Bu baxımdan, indi hikkə yox, insanlıq və hüquqi davranış nümayiş etdirmək lazımdır. Propoqandaçıların da ipinin çəkilməsi, daha doğru olardı. Çünki onların bütün fəaliyyəti Rusiyanın deyil, öz maraqlarının təmin edilməsinə yönəlib”.
Politoloq Elxan Şahinoğlu bildirib ki, İrandakı rəsmi dairələrə bağlı qruplar kimi, Rusiya hakimiyyətinə bağlı Z-blogerlər də (Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsini dəstəkləyənlər) Azərbaycan və dövlət başçımız İlham Əliyev əleyhinə qara təbliğata başlayıblar. Azərbaycanı hədəf seçən Z-blogerlərini “irəli” çəkilməsində, “Azərbaycan Ukraynaya dəstək verir”, “Təyyarənin vurulmasına görə Ukrayna günahkardır”, “İkinci Qarabağ müharibəsi zamanı rusiyalı sülhməramlılara atəş açılmışdı” kimi həqiqəti əks etdirməyən fikirlərin yazılmasında məqsəd əsas mövzudan yayınmaqdır. İranda Azərbaycanı hədəf seçənlər hakimiyyətin mühafizəkar qruplarına aid olduğu kimi, Rusiyadakı Z-blogerlər də Moskvada informasiya siyasətini müəyyənləşdirən rəsmi strukturlara aiddir. Ona görə də İranın Azərbaycandakı müvəqqəti işlər vəkilindən sonra Rusiya səfirinin də Xarici İşlər Nazirliyinə çağırılmasına ehtiyac var”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
08 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ