Onlayn ictimai-siyasi qəzet
Bu ilin yanvar-may aylarında Rusiyada qaz hasilatı ötən ilin eyni dövrü ilə müqayisədə 15,3 faiz azalıb.
Musavat.com Rusiya Statistika Komitəsinə istinadən xəbər verir ki, 5 ayda ölkədə 233 milyard kubmetr qaz hasil edilib.
May ayında Rusiyada 39,6 milyard kubmetr qaz istehsal olunub ki, bu da ötən ilin mayından 19,3 faiz, bu ilin aprelindən isə 11 faiz azdır.
Yanvar-mayda Rusiyanın maye qaz hasilatı 13,7 milyon ton olub. Bu, illik ifadədə 3,8 faiz azalma deməkdir.
Qeyd edək ki, Avropanın Ukraynadakı işğalçı müharibəyə görə tətbiq etdiyi sanksiyalardan sonra Rusiya qazdan şantaj aləti kimi istifadə etməyə çalışıb: Avropaya ötürülən qazın həcmi 3 dəfəyə yaxın azaldılıb. Lakin bu, Moskvanın gözlədiyi effekti vermədi, Avropa qısa müddətdə alternativ mənbələrdən, o cümlədən Azərbaycandan qaz idxalını artırmaqla vəziyyətdən çıxa bildi.
Hazırda Rusiyadan Avropaya gündəlik 40 milyon kubmetr civarında Ukrayna ərazisindən, 30 milyon kubmetr civarında isə "Türk axını" vasitəsilə qaz nəql olunur. Ukrayna tərəfi Moskva ilə qaz tranzitinə dair bağlanmış və müddəti 2023-cü ilin dekabrında bitən müqaviləni uzatmayacağını bəyan edib.
Ukrayna üzərindən gedən qazın əsas alıcısı Avstriya hökuməti Rusiya qazı ilə tələbatın 50 faizinin qarşılandığını bildirib. Hazırda Avstriyanın qaz anbarları 80 faizdən yuxarı doludur. Ölkə dekabrın sonunadək Rusiyadan qaz alışının tamamilə dayanması vəziyyətinə hazırlıqlara başlayıb.
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ