İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya və Çin dezinformasiyasına qarşı yeni platforma

Avropa İttifaqı Rusiya və Çinin dezinformasiya kampaniyalarına yetərincə müqavimət göstərə bilmək üçün yeni platforma işə salır. Novator.az saytı ABŞ-ın “Politico” qəzetinə istinadla xəbər verir ki, ittifaq platforma sayəsində xarici subyektlərdən daxil olan manipulyasiya xarakterli məlumatları nəzarət altında saxlamaq, bu istiqamətdə fəaliyyəti ittifaqa daxil olan ölkələrin hökumətləri və qeyri-hökumət təşkilatları ilə əlaqələndirmək niyyətindədir.

“Politico” yazır ki, platforma real vaxt rejimində məlumat mübadiləsi aparmağa, dezinformasiyaları daha sürətlə aşkara çıxarmağa, informasiya təhdidlərini aradan qaldırmaq üçün qısa vaxtda tədbirlər görməyə imkan verəcək.

2022-ci ilin fevralında Ukraynaya qarşı total müharibəyə başlayandan sonra Rusiyanın dünyada dezinformasiya kampaniyalarını xüsusilə gücləndirdiyini xatırladan “Politico” yeni platformanın işə salınmasında bu müharibənin mühüm rol oynadığını vurğulayır.

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrel yeni platformaya zərurəti şərh edərkən bildirib ki, informasiyalarla manipulyasiya edənləri aşkarlamaq üçün dezinformasiya kampaniyalarının necə təşkil olunduğunu anlamaq çox vacibdir. O, Avropanı yeni dezinformasiya dalğası barədə də xəbərdar edib, özünü kütləvi informasiya vasitəsi kimi təqdim edən bəzi saytların dərc etdiyi saxta xəbərlərin, təhrif olunmuş foto və videoların, sosial mediada, mesajlaşma xidmətlərində bir göz qırpımında yayılmasından narahatlığını ifadə edib.

Avropa İttifaqının hesabatına əsasən, 2022-ci ildə ittifaq məkanında aparılan, xaricdən təşkil olunan dezinformasiya kampaniyalarında əsas məqsəd diqqəti Kremlin Ukraynada törətdiyi cinayətlərdən yayındırmaq, guya avropalıların təcavüzü dəstəklədiyi təəssüratı formalaşdırmaq olub və bu işdə Rusiya ilə Çinin Avropadakı diplomatik missiyaları da iştirak edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR