Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, son aylarda Azərbaycanda idxal olunan ətin qiyməti yerli bazardakı qiymətlərlə müqayisədə xeyli ucuzdur. Bu səbəbdən xaricdən gətirilən ət məhsullarına tələbat sürətlə artır. Hazırda mağaza və bazarlarda Braziliya, Qazaxıstan, Monqolustan, Belarus, Ukrayna və digər Avropa ölkələrindən gətirilən ət növlərinə geniş rast gəlinir. Rəsmi statistikaya görə, ötən il ərzində Azərbaycana idxal olunan ətin həcmi 41 faiz artıb.
Xüsusilə monqol ətləri və Ukraynadan gətirilən mal əti alıcılar arasında populyarlıq qazanıb. Satıcı Abbas Vəliyev bildirib ki, monqol qoyun əti keyfiyyət baxımından yerli ətlə demək olar ki, fərqlənmir:
“Demək olar, 90 faiz halda fərq hiss olunmur. Biz bu ətin kiloqramını 14 manat 50 qəpikdən satırıq”.
Ukraynadan gətirilən mal ətinin qiyməti isə 12–14 manat arasında dəyişir. Satıcı əlavə edib: “Bizdə Ukraynadan gətirilmiş, yağlılığı 10–15 faiz olan dana əti 12 manat 50 qəpikdən satılır”.
İqtisadçı Xalid Kərimli hesab edir ki, idxalın artmasının əsas səbəbi yerli ətin bahalaşması və əhalinin artan tələbatıdır:
“Mal-qaranın sayının azalması, artan tələbat və heyvanların çox kəsilməsi təbii olaraq qiymət artımına səbəb olur. Belə vəziyyətdə bazar qanunları idxalı stimullaşdırır. İdxalçılar başa düşürlər ki, dondurulmuş ət təzə ətə nisbətən ucuz olmalıdır və bu da onlara bazarda əlavə üstünlük qazandırır”.
Qida Təhlükəsizliyi Agentliyi: “Hər partiya yoxlamadan keçir”
Qida Təhlükəsizliyi Agentliyindən Media.az-a bildirilib ki, idxal olunan bütün ət və ət məhsulları yalnız heyvan xəstəliklərindən azad bölgələrdə yerləşən müəssisələrdən gətirilir və həmin müəssisələr agentlik tərəfindən təsdiqlənir.
Qurumdan əlavə edilib: “Hər bir idxal partiyası mütləq şəkildə baytarlıq sertifikatı ilə müşayiət olunmalı və ölkəyə yalnız rəsmi təsdiqli sənədlərlə daxil olmalıdır”.
Məqalənin hazırlanmasında Media.az saytının materiallarından istifadə edilib.
Ətraflı videoda:
Musavat.com
08 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ