İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya “sülhməramlıları” Azərbaycan dilini öyrənəcəkmi - polkovnikdən maraqlı açıqlama

Şair Ramaldanov: “Rusiya sülhməramlılarının apardığı işlər heç də gələcəkdə ermənilərin azərbaycanlılarla birgə yaşaması ilə bağlı fikirlərlə üst-üstə düşmür, əksinə, onlar daha da aranı qızışdırırlar”

Xəbər verildiyi kimi, Azərbaycanın Müdafiə Nazirliyi iki gündə üçüncü, 12 saatda isə ikinci dəfə Qarabağdakı Rusiya “sülhməramlıları”nı öz bülletenlərində uydurma erməni yer adlarından deyil, Azərbaycanın rəsmi toponimlərindən istifadə etməyə çağırıb.

“Təəssüflə bildiririk ki, Rusiya Federasiyasının Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində dərc olunan Rusiya Federasiyasının sülhməramlı kontingentinin rəsmi məlumatlarında yaşayış məntəqələrimizin adları hələ də uydurma erməni toponimləri ilə qeyd olunur.

Bundan başqa, hər dəfə Qarabağ iqtisadi rayonunun “Dağlıq-Qarabağ ərazisi” kimi qeyd edilməsi də arzuolunmaz haldır.

Bir daha bildiririk ki, Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunun yaşayış məntəqələrinin Azərbaycan toponimlərinə uyğun adlı siyahısı və xəritəsi Rusiya Federasiyasının Müdafiə Nazirliyi, Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin əvvəlki və hazırkı komandanlığı, eləcə də Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinə Azərbaycan tərəfindən rəsmi qaydada göndərilmiş və məlumatlarda məhz bu adlardan istifadə olunması barədə dəfələrlə müraciət edilib. Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin komandanlığını müvafiq məlumatlarında ölkəmizin ərazisindəki yaşayış məntəqələrinin adlarını rəsmi müraciətimizdə qeyd olunan düzgün toponimlərlə ifadə etməyə çağırırıq.

Sonda Rusiya tərəfinin nəzərinə çatdırırıq ki, onların 26 noyabr 2022-ci il tarixli rəsmi məlumatında “Mardakert” və “Martuni” adlandırdıqları Azərbaycan yaşayış məntəqələrinin rəsmi adları uyğun olaraq  AĞDƏRƏ və XOCAVƏNDDİR", - Müdafiə Nazirliyinin noyabrın 26-da bu xüsusda axşam yaydığı son məlumatda deyilir.

Bəs bu müraciətlər niyə ciddiyə alınmır? Əksinə, haqlı iradlarımıza az qala, “əcəb edirik” şəklində reaksiyalar verilir, bizə həyasızcasına cavab qaytarırlar. “Biz SSRİ Baş Qərargahının xəritələrindəki toponimlərdən istifadə edirik” kimi bəhanələr gətirirlər! 

Hansı SSRİ? Belə bir dövlət varmı? Yoxsa Rusiya Müdafiə Nazirliyi köhnə DQMV-ni “dirildərək” bütövlükdə Qarabağı hələ də SSRİ, yaxud öz ərazisi sayır? Bəli, Rusiya SSRİ-nin hüquqi varisidir, amma Azərbaycanın, Qarabağın yiyəsi deyil!   

İş də ondadır ki, Rusiya hərbi kontingenti Azərbaycanın qanuni ərazisində, Bakının razılığı ilə yerləşibsə, Azərbaycan dövlətinin əsas hərbi strukturunun çağırışlarını necə qulaqardı edə bilər? Bu, əlbəttə ki, suverenliyimizə və ərazi bütövlüyümüzə aşkar və riyakar sayğısızlığın növbəti təzahürüdür. Hər halda, 22 fevral (2022)  Moskva bəyannaməsi var. Harada ki, Rusiya ərazi bütövlüyümüzə və suverenliyimizə sözsüz hörmət eləmək, separatçılıqla birgə mübarizə aparmaq barədə öhdəliklər götürüb. 

Çıxış yolu nədir, belə davam edərsə, Bakının daha sərt tədbirləri olacaqmı? Biz hələ “sülhməramlı” hərbçilərin Qarabağda onların səlahiyyətlərinə aid olmayan, Azərbaycan dövləti əleyhinə başqa işlərlə məşğul olmasını demirik.

Ehtiyatda olan polkovnik, Qarabağ müharibəsi və Silahlı Qüvvələrin veteranı, hərbi ekspert Şair Ramaldanov mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb. O deyib ki, qazandığımız qələbədən iki ildən çox zaman keçib və biz artıq müəyyən fikirlərimizi söyləyə bilərik: “Azərbaycan xalqı çox səbirli dövlət, xalqdır. Birinci il hansısa problemlər ortaya çıxanda deyirdik ki, hələ təzədir, problemlər zamanla yerinə oturacaq. Artıq iki ildən sonra biz başqa şeyləri gözləyirdik, amma reallıqda gözlədiklərimizin əksinə olan proseslərin şahidi oluruq və bu vəziyyət təbii ki, cəmiyyətimizi çox narahat edir.

 

Şair Ramaldanov — Vikipediya

Əlbəttə ki, bu vəziyyət heç də  sülhməramlıların məqsədinə xidmət etmir, çünki onların orada yerləşməsinin məqsədi sülhün bərqərar olması, təhlükəsizliyi təmin etməkdir. Həmçinin Azərbaycanda yerləşən ermənilərin inteqrasiyasının müəyyən yollarını axtarmaq, bu xalqların hansısa formada birgə yaşamasına kömək etməkdir. Məlum olduğu kimi, Prezidentimiz İlham Əliyev də dəfələrlə qeyd edib ki, Azərbaycan ərazisində yaşayan ermənilər bizim vətəndaşlarımızdır, əgər onlar bizim ərazimizdə yaşamaq istəyirlərsə, onda bizim qanunlara tabe olmalı, bizim insanlarla sülh şəklində birgə yaşamalıdırlar və sairə. Əlbəttə ki, onlar Azərbaycan vətəndaşlığını qəbul etsələr onların təhlükəsizliyi təmin olunacaq. Rusiyanın sülhməramlıları da bu istiqamətdə işlər aparmalı, oradakı ermənilərlə müəyyən danışıqlara getməli idi,  lakin qeyd etdiyim kimi, hazırda biz tamamilə fərqli bir şey görürük".

Ekspert qeyd edib ki, Rusiya sülhməramlılarının orada apardığı işlər heç də gələcəkdə ermənilərin azərbaycanlılarla birgə yaşaması ilə bağlı fikirlərlə üst-üstə düşmür:

“Əksinə onlar daha da aranı qızışdırır, "azərbaycanlılarla ermənilər heç vaxt bir yerdə yaşaya bilməyəcək" prinsipi ilə işlər aparır, oradakı erməniləri daim qorxu altında saxlayırlar.

Digər tərəfdən, əlimizdə üç dövlətin qol çəkdiyi  bəyanat var, həmin bəyanatın 4-cü bəndi məhz Rusiya sülhməramlılarının  müvəqqəti yerləşdiyi yerdə qanunsuz silahlıların oradan çıxarılması və tərk-silah edilməsi məsələsidir. Gah dedilər iyunda, gah dedilər sentyabrda olacaq, indi də artıq dekabr ayı qapımızı döyəcək, il qurtarır, amma indiyə qədər bu məsələ həll olunmur. Niyə həll olunmur, kimdir bunun səbəbkarı? Əlbəttə ki, bunun səbəbkarı Rusiya sülhməramlılarıdır və biz bunu bu gün açıq-aydın görürük.

Bu gün Rusiya sülhməramlılarının fəaliyyətini qiymətləndirsək, tam əminliklə deyə bilərik ki, sülhməramlı qüvvələri orada sadə ermənilərin təhlükəsizliyi ilə bağlı deyil, daha çox orada olan  terrorçuları müdafiə etmək, onları qorumaq, onları silahlandırmaq və gələcəkdə ərazidə vəziyyəti daha da gərginləşdirməyə gətirib çıxaran addımlar atır".

Şair Ramaldanov qeyd etdi ki, Rusiya sülməramlılarının Azərbaycan toponimlərindən, ona məxsus yer adlarından istifadə etməməsi ölkəmizə qarşı böyük hörmətsizlikdir:

“Toponimlərlə bağlı məsələ onların gördüyü digər işlərin yanında heç nədir. Bu, açıq-aşkar Azərbaycana qarşı hörmətsizlikdir. Buna görə də iki ildən sonra artıq "qaranı ağdan ayırmağın vaxtıdır".  Beləliklə, sülhməramlıların iki il ərzindəki fəaliyyəti ürəkaçan deyilsə, vəziyyət bu yerdədirsə, artıq ciddi addımlar atmağın vaxtıdır. Məlum olduğu kimi, bununla bağlı Azərbaycan Prezidenti cənab İlham Əliyev də öz iradlarını bildirib, həmçinin Müdafiə Nazirliyi də dəfələrlə bəyanatlar verir. Necə yəni “Biz SSRİ Baş Qərargahının xəritələrindəki toponimlərdən istifadə edirik”? Axı siz Azərbaycanın icazəsi ilə onun ərazisində yerləşmisiz,  Rusiyanın Prezidenti Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Müdafiə Nazirliyimiz dəfələrlə bildirib ki, sülhməramlılara Azərbaycanın tarixi adları qeyd olunan  xəritələr verilib. Amma onlar Xankəndi əvəzinə Stepanakert deyir. Siz onların Azərbaycana qarşı hörmətsizliyinin dərəcəsinə baxın.  Sanki ərazimizi mənimsəyiblər və orada artıq özləri istədiyi kimi fəaliyyət göstərirlər".

Şair Ramaldanov qeyd etdi ki, bütün bunlarla bağlı Azərbaycanın müvafiq orqanları mütəmadi olaraq təhlillər aparır:

“Təhlillərinin nəticəsi onu göstərir ki, Paşinyanın Soçidə Rusiya sülhməramlılarının ərazidə yerləşdirilməsinin vaxtının uzadılması təklifi də onun öz təklifi deyil, aydındır ki, Rusiya tərəfindən Paşinyanın dilindən səsləndirilən təklifdir və bununla da Rusiyanın Azərbaycanda məqsəd və çirkin niyyətləri bizə aydın olub.  Əgər sülhməramlılar orada öz işlərini düzgün görsə idilər, vəziyyət daha da sabit olardı və ermənilər də rahat yaşayardılar. Amma indi onlar  təzyiq altındadır. İndi guya Rusiya vətəndaşlığından imtina edən milyarder Vardanyanı gətirib ortaya salıblar, o da orada hansısa vədlər verir, addımlar atır. Ona görə də İlham Əliyev Qarabağ məsələsi və orada gedən proseslər, Azərbaycan ərazisində Rusiya sülhməramlarının fəaliyyəti və bununla bağlı gələcəkdə  atılan addımlarla bağlı çox ciddi məsələlər ortaya qoyub.

Nə etməliyik? Bizim əlimizdə 9 bənddən ibarət olan hüquqi sənəd var, hansı ki 3 dövlət başçısı tərəfindən qol çəkilib, eyni zamanda öhdəlik götürülmüş sənəd var. Bəli, Azərbaycan artıq ciddi addım atsa, Rusiya sülhməramlıları ilə üz-üzə dayana bilər, müəyyən şəkildə münasibətlər pozula bilər. Lakin bu məsələni uzatsaq, daha böyük problemlərə gətirib çıxaracaq.

İstisna etmirəm yol xəritəsi bu cür olacaq - birinci növbədə  Laçın dəhlizinə Azərbaycanın müvafiq qurumları Rusiya sülhməramlı qüvvələri ilə birgə nəzarət etməli, orada danışıqlara uyğun olaraq humanitar yüklərin və insanların gediş-gəlişinə şərait yaradılmalı,  hərbi texnikaların keçirilməsinə qadağa qoyulmalıdır. Bunu tələbə etməyə Azərbaycanın haqqı var. Həmçinin Azərbaycanın haqqı var ki, öz ərazisindəki qanunsuz erməni silahlı qüvvələrini məhv etsin. Bütün dünyada qanunsuz silahlı qüvvələr terrorçu adlandırılır və bütün dünya da terrorçularla mübarizə aparır, eləcə də Azərbaycan bunu edəcək. Biz indi oturub gözləməliyik ki, qanunsuz erməni silahlı qüvvələri, terrorçular daha da silahlansınlar, minalar basdırsınlar? Hamımız bilirik ki, Rusiya sülhməramlıları oraya yerləşdikdən sonra erməni mövqeləri, bölmələri iki-üç dəfə çoxalıb, yeni səngərlər qazılır, silahlar daşınır. Bunlar nə üçün edilir? Demək ki, Azərbaycanın maraqlarına zidd tədbirlər aparılır".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR