Onlayn ictimai-siyasi qəzet
2023-cü ildə Rusiya Çinin əsas xam neft tədarükçüsü olub. “Reuters”in yaydığı məlumata görə, Çin Qərbin sanksiyalarına baxmayaraq, neft emalı zavodları üçün yüksək endirimlə böyük miqdarda Rusiya nefti alıb.
Çin gömrük idarəsinin məlumatlarına görə, keçən il Rusiya Çinə rekord həddə - 107,02 milyon metrik ton xam neft tədarük edib ki, bu da gündəlik 2,14 milyon barelə bərabərdir. Eyni zamanda, əvvəllər Çinin ən böyük tədarükçüsü olan Səudiyyə Ərəbistanından idxal 1,8 faiz azalaraq 85,96 milyon tona düşüb və daha ucuz Rusiya neftinə görə bazar payını itirib.
Kremlin 2022-ci ildə Ukraynaya müdaxiləsi ilə əlaqədar Qərbin sanksiyalarından sonra bir çox beynəlxalq alıcılar tərəfindən rədd edilən Rusiya nefti, Qərbin tətbiq etdiyi qiymət məhdudiyyətləri fonunda keçən ilin böyük bir hissəsində əhəmiyyətli endirimlə satılıb.
“Reuters”in məlumatına görə, Qərbin sanksiyalarını pozmamaq üçün Çin neft emalı şirkətləri Rusiya neftinin çatdırılması və sığortalanması üçün vasitəçi treyderlərdən istifadə edir. Alıcılar İran və Venesueladan sanksiyalar altında olan yüklərin daşınması üçün Malayziya yaxınlığındakı sulardan da istifadə edirlər.
2023-cü ilin sonunda Çin və Rusiya arasında ticarət dövriyyəsi yeni rekorda çatıb. Beləliklə, iki ölkə arasında dollar ekvivalentində ticarət dövriyyəsi 2023-cü ildə 26 faiz artaraq 190 milyard dollardan 240 milyard dollara yüksəlib.
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ