Onlayn ictimai-siyasi qəzet
İranın xarici işlər nazirinin köməkçisi və Avrasiya məsələləri üzrə baş direktoru Müctəba Dəmirçilu Tehranın regional sülh və sabitliyə dəstəyini ifadə edib. Həmçinin o, ölkəsinin beynəlxalq səviyyədə tanınmış sərhədlər və geosiyasi status-kvonun hər hansı dəyişikliyinə qarşı olduğunu bildirib.
Musavat.com bildirir ki, bu barədə İRNA xəbər yayıb.
Məlumata görə, Rusiyanın Tehrandakı səfiri Aleksey Dedov ilə bazar ertəsi axşam İRAN XİN-in müşaviri Müctəba Dəmirçilu ilə keçirilən görüşdə regiondakı bütün ölkələrin maraqları və qanuni narahatlıqlarına diqqət yetirilməsinin zəruriliyi vurğulanıb.
Bildirilir ki, Cənubi Qafqazda baş verən hadisələrlə bağlı fikir mübadiləsi aparan hər iki diplomat davamlı sülhün və regional əməkdaşlığın təminatçısı olan ölkələrin milli suverenliyinə, ərazi bütövlüyünə və qarşılıqlı maraqlarına hörmətlə yanaşdıqlarını qeyd ediblər. Dəmirçilu və Dedov, həmçinin bütün tərəflərin maraqlarını nəzərə almaqla, region ölkələrinin potensialından istifadə edərək problemlərin həlli və regionda sülhün və sabitliyin möhkəmləndirilməsinə, iqtisadi planların həyata keçirilməsinə töhfə vermənin vacibliyini vurğulayıblar.
Görüşdə həmçinin Cənubi Qafqazın üç ölkəsi: Ermənistan, Gürcüstan və Azərbaycan, həmçinin Rusiya, Türkiyə və İranın daxil olduğu 3+3 məşvərətçi formatının qarşıdakı görüşü müzakirə olunub. Format regionda təhlükəsizlik, iqtisadi və nəqliyyat əlaqələrinin açılması məsələlərini nəzərdən keçirir.
Qeyd edək ki, son günlər Moskvanın Ermənistan ərazisindən keçməklə Bakını Naxçıvanla birləşdirən dəhlizə dəstək verməsindən sonra İran Xarici İşlər Nazirliyinin Rusiyanın Tehrandakı səfirini görüşə çağırması barədə mətbuatda məlumat yayılıb.
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ