İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya müharibə resurslarını kənardan alır, çünki... - İLGİNC DETALLAR

"Rusiya Ukraynada işğal sahəsini genişləndirməyə çalışarkən azalan resurslarının yerini doldurmaq məcburiyyətindədir. Müxtəlif mərkəzlərin hesablamalarına görə, Rusiya hər gün müharibədə 1000-1200 hərbçisini itirir, bu siyahıya yüzlərlə dron və müxtəlif hərbi texnika da daxildir. Kreml boşluğu doldurmaq üçün İran və Şimali Koreyadan müxtəlif növ hərbi texnika almaqda davam edir".

Bu sözləri Musavat.com-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

ELXAN SON.jpg (74 KB)

Politoloq qeyd edib ki, Kremlin Şimali Koreya hərbçilərini Ukrayna müharibəsinə göndərməsi son günlərin əsas xəbərlərindəndir:

"Görünür, müharibəyə göndərilən Rusiya vətəndaşları, məhbuslar və miqrantlar kifayət etmədiyinə görə Kreml Şimali Koreyaya müraciət etməli olub".

Elxan Şahinoğlu bildirib ki, Amerika Birləşmiş Ştatları Rusiyanın Ukraynaya qarşı müharibəsini dəstəkləyən şirkətlərlə bağlı sanksiya qərarlarına birini də əlavə edib:

"Rusiya ilə uzunmənzilli pilotsuz təyyarələrin dizaynı, istehsalı və çatdırılması sahəsində əməkdaşlıq edən iki Çin şirkətinə qarşı sanksiya tətbiq edilib. Vaşinqtonun iddiasına görə, bu, Rusiyanın uzunməsafəli hücum dronlarını təkmilləşdirmək və istehsal etmək məqsədilə Çində gizli silah proqramının tərkib hissəsidir. Xəbərlərə görə, Çində hazırlanmış yeni dron modeli olan və Rusiyaya məxsus "Garpiya-3" uçuş sınağından keçirilib. ABŞ daha əvvəllər Rusiyanın hərbi-sənaye bazası üçün komponentlər təqdim etdiyinə görə Çin şirkətlərinə qarşı sanksiyalar tətbiq edib. Ancaq ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, bu, Rusiya şirkətləri ilə silah sistemlərini birbaşa inkişaf etdirən və istehsal edən Çin qurumlarına qarşı ilk sanksiya qərarıdır. Çinin Sintzyan-Uyğur Muxtar Rayonunda Rusiya-Çin dron araşdırma və istehsal mərkəzinin yaradılmasının planlaşdırıldığına dair də məlumatlar var. Çin şirkətləri əsasən Rusiyanın müdafiə sahəsində ixtisaslaşan "Vektor" ilə əməkdaşlıq edirlər.

Ukraynanın keçmiş xarici işlər naziri Dmitri Kuleba iyul ayında Pekində olan Çin rəsmilərindən Rusiyaya silah, hərbi texnika və müdafiə avadanlıqları satmamağı xahiş etmişdi. Pekin Kiyevə və Qərb ölkələrinə vəd vermişdi ki, Çin müharibədə istifadə olunacaq dronların satışını qadağan edib. Çinin Rusiyaya birbaşa hərbi texnika satmasına dair fakt olmasa da, pilotsuz uçuş aparatları üçün avadanlıqların və mühərriklərin satılması barədə xəbərlər artmaqdadır. Vaşinqton və müttəfiqləri Pekinin Rusiyanın Ukraynadakı müharibəsini dəstəkləməsindən getdikcə daha çox narahat olmağa başlayıblar. Çinə qarşı yeni sanksiyaların sonuncusu ABŞ prezidenti Co Baydenin Almaniya kansleri Olaf Şoltsla görüşəcəyi Berlin səfərinə hazırlaşarkən elan edilib".

Politoloq vurğulayıb ki, Pekinin Vaşinqtonun yeni sanksiyalarına cavabı özünü çox gözlətməyib:

"Belə ki, Çinin Vaşinqtondakı səfirliyinin sözçüsü Liu Pengyu ABŞ-nin Çinin Rusiya ilə normal ticarətinə qarşı saxta ittihamlar irəli sürdüyünü və Çinin qanunauyğun hüquq və maraqlarını müdafiə etmək öhdəliyini davam etdirəcəyini söyləyib.

Buna baxmayaraq, Rusiya və Çin liderlərinin imzaladıqları sazişlərdə ticarətin nə ilə məhdudlaşacağına dair bənd yoxdur. Misal üçün, Pekin və Moskva birgə hərbi təlimləri genişləndirmək, müntəzəm birgə dəniz və hava patrullarını həyata keçirmək və kosmik proqramlar üzərində birgə çalışmaq barədə razılığa gəliblər. Çinin baş naziri Li Çian rusiyalı həmkarı Mixail Mişustinlə görüşündə bildirib ki, Pekin ticarət sahəsində Rusiya ilə əməkdaşlığı daha da dərinləşdirməyə və təchizat zəncirinin koordinasiyasını birgə təkmilləşdirməyə hazırdır".

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR