İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya: həbsdə olan jurnalistə daha bir cinayət işi açılıb

Rusiyada həbsdə olan siyasətçi, jurnalist Vladimir Kara-Murza barəsində yeni cinayət işi başlanıb.

Novator.az bildirir ki, Vladimir Kara-Murza aprelin 11-dən həbsdədir. Həmin gün Moskva polisi onu “hüquq mühafizə orqanlarının qanuni tələblərinə qəsdən tabe olmama” ittihamı ilə tutub.

Bundan bir sutka əvvəl Kara-Murza ABŞ-ın CNN kanalına müsahibəsində Rusiya prezidenti Vladimir Putinin hakimiyyətini “qatil rejim” adlandırmışdı.

Tutulandan bir neçə gün sonra Kara-Murzaya yeni və daha ağır ittiham – Rusiya ordusu haqda yalan məlumat yayma ittihamı irəli sürülüb, ona cinayət işi açılıb, barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda bu iş üzrə istintaq davam edir.

Fevralın 24-də Rusiya Ukraynada müharibəyə başlayıb. Az sonra ölkədə yeni qanun qəbul edilib. Qanun Ukraynaya hücumu müharibə adlandıran insanların cinayət məsuliyyətinə cəlb edilib cəzalandırılmasını nəzərdə tutur.

Rusiya hakimiyyətinin qanuna saldığı tələbə görə, Ukraynada baş verənlər müharibə yox, hərbi əməliyyatdır; təcavüz yox, müdafiədir, xilaskarlıqdır; faşizm deyil, çağdaş nasizmlə mübarizədir.

Əksini iddia edənlər üçün sərt cəzalar müəyyənləşdirilib. Məsələn, 40 yaşlı Vladimir Kara-Murzanı bu qanuna söykənən ittiham üzrə 10 il həbs gözləyir.

Hazırda istintaq altında olan Kara-Murza barəsində açılmış ikinci cinayət işinin məzmunu dəqiq bilinmir. Müdafiəçilərinin sözlərinə görə, bəlli olan yalnız budur ki, indi Kara-Murza həm də Rusiyada fəaliyyəti qadağan olunmuş xarici qeyri-hökumət təşkilatı ilə əməkdaşlıqda suçlanır.

Rusiyada bu ittiham 6 il müddətinə azadlıqdan məhrum etməyə gətirib çıxara bilər.

Yeni ittihamla cinayət işinin iyul ayının ortalarında başlandığı deyilir.

Vladimir Kara-Murza Putin rejiminin sərt tənqidçilərindən biridir. O, iki dəfə – 2015 və 2017-ci illərdə şübhəli şəkildə Moskvada zəhərlənib.

Həkimlər zəhərlənmənin mənbəyini dəqiq müəyyənləşdirməyiblər.

Hər iki zəhərlənmə zamanı Kara-Murza xaricdə müalicə olunub və hər dəfə sağalandan sonra Rusiyaya qayıdıb.

2022-ci ilin fevral ayında Ukrayna ilə müharibə başlananda o, yenə xaricdən vətəninə dönüb.

Həyat yoldaşı Yevgeniya Kara-Murza iyun ayında ABŞ-ın “Vaşinqton Post” qəzetində dərc etdirdiyi məqalədə bunu belə izah edib: “Vladimirin bütün bu hərəkətlərinin səbəbi çox sadədir: o hesab edir ki, bir rusiyalı siyasətçi kimi insanların hazırkı rejimlə mübarizə apardığı məkanda olmalıdır. Vladimir hesab edir ki, rus xalqının vətəndə üzləşdiyi problemlərlə, risklərlə o da üzləşməlidir.

O öz ölkəsinə və xalqına inanır. O, rus xalqının azadlığa layiq olduğuna qəti əmin olan bir patriotdur. Həyat yoldaşım hesab edir ki, vətənpərvər adam geridəqalmış millətçilərə və onların quldur dəstələrinə güzəştə getməməlidir.

Ukraynaya hücum başlananda Vladimirin Rusiyaya dönməkdə əsas məqsədi rus xalqının bu müharibəni dəstəkləmədiyini göstərmək olub”.

Rusiyada Ukrayna müharibəsinə etiraz edən xeyli adamın həbs olunduğunu xatırladan Yevgeniya Kara-Murza vurğulayıb ki, həmin insanlar həbs olunacağını, döyüləcəyini, işgəncəyə məruz qalacağını, alçaldılacağını bilə-bilə etiraza qalxıblar: “Vladimir belə insanların yanında olmağı vacib sayır və hansı riskə getdiyini də çox yaxşı bilir”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR