İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya erməni batalyonları yaradır - yalnız Ukrayna savaşı üçün? 

Mümkündür ki, təlim keçmiş bu batalyonlar lazım gələrsə, Ermənistan-Azərbaycan münaqişəsinə də cəlb edilə bilərlər - ekspertlərin proqnozu

ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun yaydığı məlumata görə, Rusiya Ukraynanın işğal olunmuş ərazilərində erməni könüllü batalyonları yerləşdirir. “Yeni Müsavat”ın verdiyi xəbərə görə, iyulun 2-də Moskvadakı ermənilərin yolasalma mərasimində iştirak edən “Arbat” könüllü batalyonunun fotoları yayılıb.

Həmin batalyonda Ermənistan vətəndaşları ilə yanaşı, Rusiyanın işğal etdiyi Abxaziyadan olan etnik ermənilərin də olduğu güman edilir. Rusiya mənbələri Ukraynanın işğal olunmuş ərazilərində könüllü erməni batalyonları yerləşdirildiyini təsdiqləyib. Bundan başqa, erməni batalyonunun adından yayılan bəyanatda deyilir ki, ermənilər bütün bölmələrdə təkbaşına təmsil olunublar və Qorlovkada “Arbat” dəstəsi var: “Lakin biz göstərmək istəyirik ki, Rusiyada hamı birdir, xalqlar birləşib. Komandirlərin və ictimai xadimlərin kiçik yığıncağında qərara gəldilər ki, bu, sadəcə, bir vaxtlar "Arbat" kimi mövcud olan kiçik bir dəstə deyil, tamhüquqlu erməni batalyonu olsun. Biz ümumi olan hər şeyi qeyd etmək qərarına gəldik".

Bildirilir ki, kilsə də erməni muzdlularına və separatçılarına xeyir-dua verib. Amma narahatlıq doğuran budur ki, MDB məkanından toplanmış bu cür batalyonlardan Rusiya təkcə Ukrayna müharibəsində yararlanmasın. Mümkündür ki, təlim keçmiş bu batalyonlar lazım gələrsə, Ermənistan-Azərbaycan münaqişəsinə də cəlb edilə bilərlər. O baxımdan bu cür qeyri-qanuni batalyonların yaradılmasını Azərbaycan da diqqətlə izləməlidir. Diqqət edək - “Arbat” batalyonu Ukrayna ərazisində Ermənistan bayrağı altında Ukrayna xalqına qarşı döyüşəcək! Bu, Ermənistanın Ukraynaya qarşı təcavüz və müharibədə rəsmi iştirakı deyilsə, bəs nədir? Erməni Apostol Kilsəsi isə, yəni Eçmiədzin suveren Ukrayna dövlətinə və Ukrayna xalqına qarşı təcavüzə görə erməni muzdlularına və separatçılarına xeyir-dua verir. Necə ki, Eçmiədzin “Baqramyan” adlı batalyonun döyüşçülərinə gürcü xalqına və Abxaziyanın gürcü əhalisinə qarşı müharibədə xeyir-dua vermişdi.

“Arbat” batalyonu təsadüfən yaranmayıb. Çox güman ki, bunun əhəmiyyətli bir hissəsini Qarabağ separatçıları və sonradan Azərbaycandan Qarabağı “geri almaq” üçün revanşist müharibəsində iştirak etmək niyyətində olanlar təşkil edəcək. Xatırladaq ki, erməni silahlı dəstələri 2014-cü ildə Krım yarımadasının Rusiya tərəfindən işğalında da iştirak edib. Bu cinayət Rusiya Könüllüləri İttifaqı adlı hərbiləşmiş təşkilatın filialı olan Krım Könüllüləri İttifaqı tərəfindən törədilib. Krım Könüllüəri İttifaqının rəhbərlərindən biri milliyyətcə erməni olan Armen Martoyandır. O, 2014-cü ildə “Krım baharı” adlandırılan separatçılıq hərəkatının fəallarından biri olub. Yaxın çevrəsində “Samvel” ləqəbi ilə çağırılan Armen Martoyan Rusiyanın Krımı işğal etməsində hərbçi kimi fəal iştirak edib və Ukrayna ordusuna qarşı döyüşüb. Krımın erməni icmasının tanınmış nümayəndələrindən olan Martoyan 2014-cü ildə “xalq qoşunu” adlanan cinayətkar hərbi dəstələrin fəaliyyətində iştirak edib. Kəsəsi, bu cür batalyonlar təkcə Ukraynada döyüşmək üçün hazırlanmır...

6 rayonumuzu su altında qoymaq istəyən separatçılar - hərbi ekspert və  ekoloqlar çıxış yolu haqda

Telman Qasımov

Hərbi ekspert Telman Qasımov “Yeni Müsavat”a qeyd etdi ki, “Baqramyan” batalyonu təkcə Abxaziyada gürcülərə qarşı deyil, eləcə də Qarabağda döyüşmüşdü. Onun sözlərinə görə, həmin ssenaridir: “Eyni zamanda Ukrayna tərəfindən də erməni legionu yaradılıb. Rusiya Paşinyanı devirmək üçün hərbi çevrilişə cəlb edə bilər. Qərb də Ukrayna tərəfdən yaradılmış erməni legionundan Ermənistanda çevriliş üçün istifadə edə bilər. Yəni hər iki tərəf öz batalyonundan İrəvanda hərbi çevrilişdə yararlana bilər. Nəzərə alsaq ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoriyan ABŞ-ın kəşfiyyat xidməti direktoru, eləcə də Britaniyanın Mİ-6 rəhbəri ilə mütəmadi görüşlər keçirir, bununla ona işarə edilir ki, Qərb Paşinyanın qarşısına qoyduğu tələbləri yerinə yetirməsini istəyir, əks halda, devrilə bilər. Tələblər budur ki, Qarabağdakı qüvvələr Azərbaycan hakimiyyəti ilə masaya oturmalıdır. Amma Nikol Vaşinqtonda söz verir və qayıdıb vədinə əməl etmir. Buna görə ABŞ çevriliş edib Qriqoriyanı hakimiyyətə gətirə bilər. Bu zaman Amerikanın planlarının reallaşması mümkündür: Qriqoryan Gümrüdən rus hərbi bazasını, Qarabağdan da separatçıları çıxaracaq”. Hərbi analitik hesab edir ki, bölgədə hərbi eskalasiya artarsa, Rusiya “Arbat” kimi qüvvələrdən istifadə edə bilər: “Xocalıda rus hərbi kontigentindən çıxanlar da etiraf etmişdilər ki, Ukraynadan gəlmişik. Yəni sualınıza cavab olaraq deyirəm ki, ruslar istənilən an bunu edə bilər”.

Oxu.az - Ramiyə Məmmədova: “Ermənilər Türkiyədə pul qazanır, amma  Ermənistanda türk görmək istəmirlər”

Ramiyə Məmmədova

Siyasi şərhçi Ramiyə Məmmədova Qarabağda irimiqyaslı hərbi əməliyyatları istisna edir. Onun fikrincə, 44 günlük müharibədən sonra böyük savaş gözlənilmir. Ekspert lokal əməliyyatların mümkünlüyünü qeyd edir ki, o zaman da “Arbat” kimi batalyonlara zərurət qalmır: “Rusiya 44 günlük müharibədə neytral qalmağa çalışdı. Bu gün də Moskva Bakı və Ankara ilə əlaqələri zədələməməyə çalışır. Ona görə inanmıram ki, ruslar belə bir addım atar. Onsuz da Qarabağda 10 mindən çox erməni hərbçi var və onların təxribat törətmək üçün sayı yetərlidir, "Arbat"a ehtiyac yoxdur. Sadəcə, bölgədə nə vaxtsa böyük müharibə başlasa, əlbəttə, nəinki “Arbat”, kadırovçular, “Vaqner”çilər də Ermənistan-Azərbaycan münaqişəsinə cəlb edilə bilər. Rusiyanın imperiya siyasəti dəyişmir və Cənubi Qafqazda davamlı olaraq konfliktin, gərginliyin yaşanması onlara sərf edir". Təhlilçi, bununla belə, Rusiyanın Ukrayna cəbhəsində yeni-yeni qüvvələrə ehtiyacı olduğunu hesab edir: “Priqojin döyüşlərdə iştirak etmir, indi boşluğu kadırovçular, ermənilər, ağır cinayət törətmiş məhbuslar doldurmalıdırlar. Putin qeyri-rusları müharibədə qırğına verir. İndi növbə ermənilərə çatıb. Bu batalyon da Ukrayna bataqlığında məhv ediləcək. Onlar NATO silahları qarşısında duruş gətirə bilməzlər. Sadəcə, qeyri-ruslar qabağa verilir və eləcə də sovet silahları utilizasiya edilir. Ermənilər isə bütün işğalçı hərbi əməliyyatlarda iştirak etməyə hazırdır, bu, onların xislətindən irəli gəlir”. 

Emil SALAMOĞLU 
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR