İnsanlara hürriyət, millətlərə istiqlal!

“Rusiya əleyhinə yazılara qadağa qoyula bilər” iddiası

Lavrovla imzalanan saziş Rusiya və Azərbaycan arasında informasiya gərginliyinə son qoya biləcəkmi?

Məlum olduğu kimi, Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakı səfərində ən vacib məqam 24 iyunda iki ölkənin xarici işlər nazirləri tərəfindən “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş”in imzalanması oldu.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz sosial şəbəkə hesabında “Maraqldır, görəsən, bundan sonra Rusiya əleyhinə tənqidi yazılara Azərbaycanda məhdudiyyətlər tətbiq olunacaqmı? Hansı media bundan sonra Rusiyanın işğalçı müharibəsini ”xüsusi əməliyyat" adlandıracaq?..." yazıb.

O qeyd edib ki, kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi ilə əlaqəli sazişin hökumət başçısı və ya aidiyyəti qurumlar, məsələn, DTX və ya RİNN tərəfindən deyil, məhz XİN rəhbəri tərəfindən imzalanması düşündürücü məqamdır: “Düşünmək olar ki, Azərbaycandakı informasiya resurslarının, xüsusilə də rusdilli saytlarımızın Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi haqqında tənqidi yazılar və Azərbaycanın maraqlarına zidd fəaliyyət göstərən ”RİA Novosti"nin ölkə ərazisində bloklanması Rusiyanı narahat edib. Məlumdur ki, artıq Rusiyanın rəsmi strukturları bizim bir çox informasiya resurslarımızı bloklayıb. Bu sazişdən sonra gözləmək olar ki, bloklanan Azərbaycan resurslarının Rusiya ərazisində sərbəst fəaliyyəti təmin olunacaq".

Osman Gündüz — Vikipediya

Osman Gündüz

Osman Gündüz əlavə edib ki, Azərbaycanın informasiya mühitində Rusiya əleyhinə tənqidi yazılara məhdudiyyətlər tətbiq edilməsi də mümkün variantlar sırasındadır: “Bu, xüsusilə də Rusiya-Ukrayna müharibəsi ilə əlaqəli yazılarda özünü büruzə verəcək. Məlumdur ki, Rusiya Ukraynaya qarşı apardığı işğalçılıq müharibəsini ”xüsusi əməliyyat" adlandırır. Güman edirəm ki, bizim rəsmi media qurumlarından da bu qaydanı gözləmək istəniləcək. Müstəqil medianın isə işğalçı müharibəni “xüsusi əməliyyat” adlandıracağını gözləmirəm. Bu sazişin əhəmiyyəti yalnız o ola bilər ki, Rusiyada erməni lobbisinin Azərbaycana qarşı informasiya savaşı, erməni separatizminin Rusiya mediası tərəfindən təbliği nisbətən səngiyə bilər. Həmçinin Rusiyanın dövlət nəzarətindəki media qurumları Azərbaycan əleyhinə xəbərləri, reportajları yayımlamağı bir müddət dayandıracaq", - deyə ekspert bildirib.

İmzalanan bu saziş Rusiya və Azərbaycan arasında informasiya gərginliyinə son qoya biləcəkmi?

Əməkdar jurnalist Elçin Mirzəbəyli “Yeni Müsavat”a bildirdi ki, nazirlər arasında imzalanmış saziş Azərbaycan və Rusiya arasında 2022-ci il fevralın 22-də imzalanmış müttəfiqlik haqqında bəyannamənin 11, 18 və 42-ci maddələrindən irəli gələn və konkret sahəni əhatə edən dövlətlərarası sənəddir: “Çox güman ki, bəyannamədə yer alan digər istiqamətlər üzrə də dövlətlərarası sənədlər imzalanacaq, mövcud olanlar isə müttəfiqlik münasibətlərinə uyğun şəkildə təkmilləşdiriləcək. Sazişdə yer alan öhdəliklər mahiyyət etibarilə Azərbaycan üçün yeni deyil. Azərbaycan saziş olmadan da, Rusiya ilə münasibətlərində beynəlxalq hüququn norma və prinsiplərini, dövlətlərarası sənədləri, yaxın qonşuluq münasibətlərini əsas götürür, dövlətlərin ərazi bütövlüklərini, suverenliklərini şübhə altına alan davranışlar sərgiləmir, separatizmə, ekstremizmə, zorakılığa, diskriminasiyaya qarşı çıxış edirdi. Bu baxımdan, Azərbaycan və Rusiya hökumətləri arasında imzalanan sazişdə yer alan prinsiplər Azərbaycan mediası və bütövlükdə ictimaiyyəti üçün yeni deyil.

Elçin Mirzəbəyli — Vikipediya

Elçin Mirzəbəyli

Təəssüf ki, hətta müttəfiqlik haqqında bəyannamənin imzalanmasından sonra da biz Rusiya mediasında və hətta dövlətə məxsus informasiya resurslarında Azərbaycanın ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını, suverenliyini açıq şəkildə təhdid edən davranışların şahidi olurduq. Bu resurslarda erməni separatizmi dolayısı ilə təqdir olunurdu. Məhz bu baxımdan düşünürəm ki, saziş daha çox Rusiyanın kütləvi informasiya vasitələrinə və ictimaiyyətinə ünvanlanmış mesaj kimi qəbul oluna bilər. Çünki bu öhdəliklərə ilk növbədə Rusiyanın müttəfiqlik münasibətində olduğu bir ölkəyə - Azərbaycana qarşı təbliğat aparan media resursları əməl etməlidirlər. Hər halda, artıq müəyyən müsbət nəticələr var. Rusiya telekanalları Azərbaycan haqqında reportajlar hazırlayır, ermənilərin Rusiyanın media resurslarında anti-Azərbaycan ritorikası məhdudlaşdırılıb. Ümid edirik ki, bu davamlı olacaq".

Onun Ustad dərsləri - Qulu Məhərrəmli yazır

Qulu Məhərrəmli

Media eksperti, professor Qulu Məhərrəmli bildirdi ki, bu sazişlə bağlı müxtəlif şərhlər var. Onlardan biri budur ki, Rusiya indiki halda düşdüyü vəziyyətlə bağlı özünü, informasiya təhlükəsizliyini müəyyən qədər sığortalamaq istəyir: “Amma bütövlükdə götürəndə hesab edirəm ki, bu sənəd Azərbaycan üçün önəmlidir. Çünki Azərbaycan Rusiya tərəfdən gələn informasiya hücumlarının qarşısını almaqda və ya azaltmaqda maraqlıdır. Moskvada aparıcı media qurumlarına nəzarət edənlərin əksəriyyəti anti-Azərbaycan mövqeyi tutan erməni mənşəli insanlardır. Bu faktı nəzərə alanda sazişin əhəmiyyətinin ciddi olduğunu görürük. Rusiyaya isə bu saziş daha çox Ukrayna müharibəsinə görə lazımdır. Rusiyanın bu müqaviləni bağlamaqda əsas məqsədi Azərbaycan mediasında Ukrayna müharibəsi ilə bağlı xarici mənbələrdən alınıb yayılan gerçək informasiyaların qarşısını almaqdır.

Bütövlükdə götürüləndə iki ölkə arasında belə bir sazişin olması normaldır və lazımlıdır. Biz bundan sonra bu müqaviləni əsas götürüb Rusiyadakı bəzi media qurumlarının Azərbaycana hücumlarının informasiya savaşının qarşısını nisbətən də olsa, ala bilərik. Azərbaycan bu sənədi imzalamaqla özünün informasiya təhlükəsizliyi üçün xüsusi bir ocağın söndürülməsinə və təhlükəsizlik zolağının yaranmasına şərait yaradıb".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR