Onlayn ictimai-siyasi qəzet
Ağ Evin yeni administrasiyasının yürütdüyü Ukrayna siyasəti, xüsusilə də üç ili tamamlanan Rusiya-Ukrayna savaşının günahkarı kimi prezident Volodimir Zelenskini günahlandırması birmənalı qarşılanmayıb. Ukraynada yaşayan soydaşlarımız da ABŞ rəhbərliyinin bu mövqeyinə tənqidi yanaşırlar.
Diaspora fəalı Yalçın Qəhrəmanoğlu Musavat.com-a açıqlamasında bunları bildirib: “ABŞ Prezidenti Donal Tramp davamlı olaraq deyir ki, Rusiyanın Ukraynaya qarşı müharibəsini dayandırmaq istəyir. Və bu açıqlamarla yanaşı, Tramp ABŞ-nin Rusiyaya qarşı sərt siyasətini dəyişərək yumşaq ritorikaya üz tutur, Putinin könlünü xoş edən açıqlamalar verilir, Zelenski isə bir çox hallarda sərt reaksiya ilə üzləşir. Təbii ki, bunun qəbuledilməz tərəfləri var. Lakin mən düşünürəm ki, bütün bunlar tərəflər arasında gərginliyi azaldıb müharibəni dayandırmaq, ən azı atəşkəsə nail olmaq üçündür”.
Bununla belə, Y.Qəhrəmanoğlunun sözlərinə görə, yanaşmanın pis tərəfi odur ki, Tramp müharibəni dayandırmaqla bağlı verdiyi vədi yerinə yetirə bilmədiyini görüb, günahı və məsuliyyəti Zelenskinin üzərinə ataraq el arasında deyildiyi kimi, “aradan çıxa bilər”.
“Və əslində müharibənin başlama suçunu Zelenskinin üzərinə atmaq Rusiyanın əvvəldən başlatdığı oyundur. Fakt isə ortadadır ki, bu müharibənin başlıca səbəbkarı imperialist Rusiya və Putindir. Ukrayna bu prosesdə ictimai-siyasi birlik nümayiş etdirsə, Rusiya da, Tramp da bu oyunlardan əl çəkməyə məcbur olacaqlar. Bir el məsələ var: “Əjdaha ilə mübarizə aparmaqdan ötrü yanında bir Əjdaha olmalıdır”. Ukraynanın “Əjdaha”sı isə Ukrayna xalqı və onun döyüşən ordusudur. Bu dövlət və torpaq naminə döyüşənlər olduqca, onu məğlub etmək mümkün olmayacaq”-Y.Qəhrəmanoğlu daha sonra əlavə edib.
ELŞAD,
Musavat.com
24 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ