İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Azərbaycanı bölgədə özünə müttəfiq sayırsa...

Lavrovun Bakı səfərindən öncə və səfər zamanı verilən bəyanatlardan çıxan nəticələr - gözləntilər doğruldumu?

Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyunun 23-24-də Azərbaycanda səfərdə oldu. Səfərdən bir gün öncə isə Rusiya Xarici İşlər Nazirliyi bəyanat yayıb. Bəyanatda deyilir ki, Azərbaycan Rusiyanın Cənubi Qafqaz və Xəzər regionunda mühüm tərəfdaşı və müttəfiqidir.

“Ölkələrimiz arasında münasibətlər dostluq və mehriban qonşuluq ənənələri ruhunda inkişaf edir. Gündəlik birgə fəaliyyət bərabərlik, qarşılıqlı hörmət və bir-birinin maraqlarının nəzərə alınması prinsipləri əsasında qurulur”, - nazirliyin bəyanatında deyilir.

Səfərinin ilk günü Sergey Lavrovu Azərbaycan Prezidenti İlham Əliyev qəbul edib. Prezident İlham Əliyev Sergey Lavrovu qəbul edərkən çıxışında bildirib ki, bu ilin əvvəlində Moskvada ölkələrimiz arasında Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamənin imzalanması bizim münasibətlərə, münasibətlərimizin yeni mərhələsinə yaxşı start, müsbət ahəng, dinamika verib: “Hesab edirəm ki, bizim münasibətlərimizin gələcək inkişafı üçün bu əsas sənəd çoxillik, çox səmərəli əməkdaşlığın gözəl yekunudur. Bəyannamənin müddəalarının implementasiyası çərçivəsində artıq xeyli iş görülüb. Əminəm ki, sizin səfəriniz çərçivəsində bu istiqamətdə yeni addımlar atılacaq. Əlamətdar haldır ki, diplomatik münasibətlərin yaradılmasının 30-cu ilində biz görülmüş bütün işlərə müəyyən mənada yekun vurduq və dostluq, mehriban qonşuluq münasibətlərinin inkişafının sonrakı istiqamətlərini müəyyən etdik.

Bizim münasibətlər haqqında çox danışmaq olar. Sizinlə bu mövzuda dəfələrlə fikir mübadiləsi aparmışıq. Siyasi münasibətlərin, ali səviyyədə daimi dialoqun, bu il yaxşı dinamika nümayiş etdirən ticari-iqtisadi əlaqələrin, nəqliyyat, energetika sahələrində, təbii ki, humanitar sahədə əməkdaşlığın inkişafından məmnun olduğumu bir daha bildirmək istərdim. Yəni, bizdə sıx qarşılıqlı fəaliyyətin olmadığı sahələri göstərmək daha asandır. Əlbəttə, Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə bizim ikitərəfli münasibətlərdə çox mühüm addımdır və artıq dediyim kimi o, bizim əlaqələrimizin inkişaf yollarını müəyyən edəcək".

Lavrov İlham Əliyevlə görüşdə belə dedi: “Yeri gəlmişkən, eşitmişik ki,  Paşinyan…” - Busaat.az

Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesi barədə danışan Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanın mövqeyi regionda uzunmüddətli sülhün bərqərar olmasına yönəlib: “Əminəm ki, göstərdiyimiz səylər Ermənistan tərəfindən də müsbət qəbul ediləcək və çoxillik qarşıdurmaya son qoyulacaq. Sülh müqaviləsi üzərində işə başlamaq barədə bizim təklifimiz hələlik cavabsız qalır, lakin biz hələ ümid edirik ki, bu təklif müsbət qəbul ediləcək.

Müsbət məqamlar arasında Rusiya, Azərbaycan və Ermənistanın baş nazirlərinin müavinlərinin sədrliyi ilə üçtərəfli işçi qrupun işinin intensivləşməsini qeyd etmək istərdim. Lap yaxın vaxtlarda Sankt-Peterburqda yeni görüş keçirilib. Ümid edirik ki, 2020-ci il noyabr Bəyannaməsinin implementasiyası məqsədilə məhz kommunikasiyaların açılması, Azərbaycan yüklərinin və vətəndaşlarının Naxçıvan Muxtar Respublikasına maneəsiz çatdırılmasının təmin edilməsi kontekstində də praktiki addımlar atılacaq. Bu, Ermənistan tərəfinin hüquqi öhdəliyidir. Lakin təəssüf ki, İkinci Qarabağ müharibəsinin başa çatmasından ilyarımdan çox keçməsinə baxmayaraq Bəyannamənin həmin bəndi indiyə qədər yerinə yetirilməyib. Düşünürəm ki, bütövlükdə vəziyyətin normallaşması üçün bizim konsepsiya çərçivəsində çox praktiki addımlar atmaq mümkün olacaq. Əlbəttə, Qafqazda möhkəm sülhün bərqərar olması işində Rusiya Federasiyasının fəal səylərinə də ümid bəsləyirik".

Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə bildirib ki, Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə münasibətlərimizin yeni keyfiyyətini, bütün əvvəlki illər ərzində toplanmış müsbət təcrübəni təsbit etdi: “Biz iki Prezidentin bu Bəyannaməni icra etmək, onu sektoral şəkildə həyata keçirmək, digər razılaşmaları artıq praktiki səviyyədə reallaşdırmaq barədə tapşırıqlarını yerinə yetirmək əzmindəyik. Baş nazirlərin müavinləri səviyyəsində hökumətlərarası komissiya fəal işləyir...

Diplomatik münasibətlərin yaradılmasının 30-cu ilində də sanballı tədbirlər proqramı həyata keçirilir. İyirmidən çox müxtəlif tədbir planlaşdırılır, onların bir qismi artıq təşkil edilib, qalanları ilin sonunadək keçiriləcək. Bu tədbirlər bizim vətəndaşlar tərəfindən yaxşı qarşılanır. Bu, xalqlarımızın qarşılıqlı olaraq bir-birinə can atmasını, mədəniyyətlərimizin, tarixi yaddaşımızın ümumiliyini vurğulayır. Əlbəttə, biz Azərbaycanda rus dilinə göstərilən diqqəti qiymətləndiririk, Siz də Prezident Putin ilə bu barədə danışmısınız.

Regional problemlərə gəldikdə, biz üç lider tərəfindən 2020-ci ilin noyabrında, 2021-ci ilin yanvarında və noyabrında imzalanmış üç sənədin reallaşmasına hər vasitə ilə kömək etməyə hazırıq. Bizim dəyərləndirməmizə görə, kommunikasiyaların açılması üzrə üçtərəfli işçi qrupunun fəaliyyətində müəyyən irəliləyiş var. Razılaşdırılmalı məsələləri biz Ermənistan tərəfi ilə müzakirə edirik. Mənə belə gəlir ki, avtomobillərin maksimum komfort şəkildə hərəkətinə heç bir süni maneə yaradılmaması üçün bu işin təşkili məsələsini necə həll etmək barədə ümumi fikir formalaşır. Rusiya nəticə əldə olunana qədər bu işə kömək edəcək. Ümidvaram ki, bu, tezliklə olacaq. Biz həm də başqa razılaşmalara uyğun olaraq Azərbaycanda və Ermənistanda sərhədlərin delimitasiyası və demarkasiyası üçün yaradılmış iki komissiyanın xətti üzrə işə məsləhət xidmətləri göstərməyə də hazırıq. Bu barədə konkret təkliflər var.

Siz münasibətlərin normallaşdırılmasını, sülh müqaviləsini, gələcək müqavilənin sizin tərəfinizdən təqdim olunmuş müddəalarını xatırlatdınız. Yeri gəlmişkən, biz eşitmişik, Ermənistan tərəfi, baş nazir Paşinyan bu mövzuda danışıqlar aparmağa hazırdır. Biz burada da Azərbaycanın və Ermənistanın razılığı ilə kömək göstərməyə hazırıq...".

Bakıda Azərbaycan və Rusiya xarici işlər nazirlərinin birgə mətbuat  konfransı keçirilib YENİLƏNİB - AZƏRTAC

İyunun 24-də isə S.Lavrov Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla görüşüb. Nazirlər arasında Azərbaycan-Rusiya münasibətləri və Azərbaycan-Ermənistan münasibətləri istiqamətində fikir mübadiləsi aparılıb. Dünən həmçinin Rusiya baş diplomatı Şəhidlər xiyabanına gələrək ölkəmizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anıb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

S.Lavrovun Bakı səfərindən bir gün öncə Rusiya XİN-in verdiyi bəyanatı və səfər zamanı görüşlərdə səsləndirilən fikirləri “Yeni Müsavat”a şərh edən politoloq Anar Əliyev bildirdi ki, Sergey Lavrovun Bakıya səfərindən bir gün öncə Rusiya XİN-in Azərbaycan-Rusiya münasibətlərinin yüksək səviyyədə inkişaf etməsi və Azərbaycanın Cənubi Qafqazda Rusiyanın əsas müttəfiqi olması ilə bağlı bəyanatı çox pozitiv bəyanatdır: “Eyni zamanda Azərbaycan Prezidenti İlham Əliyev Rusiya xarici işlər naziri Sergey Lavrovu qəbul edərkən də Rusiyalı nazirin dilindən Azərbaycanla Rusiya arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyi haqda fikirləri eşitdik. Həmçinin bu ilin fevralında imzalanmış Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamənin bəndlərinin reallaşdırılması ilə bağlı Rusiya tərəfdən ciddi addımların atılması barədə fikirlər eşitdik. Əvvəla, hesab edirəm ki, bütün bunlar qlobal dünya prosesləri fonunda Rusiyanın demək olar kollektiv Qərb tərəfindən təkləndiyi indiki zamanda çox az-az dövlətlə Rusiya arasında münasibətlərin normal saxlanıldığı indiki şəraitdə Rusiyanın Azərbaycana olan ciddi ehtiyacından irəli gələn bir yanaşmadır. Rusiya tərəfi çox gözəl anlayır ki, Azərbaycanla, eyni zamanda Türkiyə ilə münasibətləri  normal şəkildə qoruyub saxlamasa baş verə biləcək proseslərdən zərər çəkən tərəf daha çox Rusiya olacaq. Bunları nəzərə alaraq Rusiya Cənubi Qafqazdakı siyasətinə müəyyən korrektə xarakterli düzəlişlər etmək məcburiyyətindədir. Bunlar başlıca olaraq nədən ibarətdir?

Birincisi, Cənubi Qafqazda heç bir halda Ermənistanla Azərbaycan arasında lokal səviyyəli olsa belə, münaqişənin yaranmasına imkan verilməməsi, ikincisi, bütün mümkün variantlardan istifadə edərək Qərbin Cənubi Qafqazdakı proseslərə müdaxilə etmək imkanlarını məhdudlaşdırmaq, xüsusilə də Brüssel formatı çərçivəsində Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsi ilə bağlı cəhdlərə zərbələrin vurulması, üçüncüsü isə Ermənistan tərəfinin Sergey Lavrovun Azərbaycan Prezidenti ilə görüşdə səsləndirdiyi kimi həm 10 noyabr, həm 11 yanvar 26 noyabr tarixli üçtərəfli bəyanatlarla üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi ilə bağlı real praktiki addımların atılmasına məcbur edilməsidir".

Ekspertin sözlərinə görə, Lavrov çıxışı zamanı çox maraqlı bir fikir səsləndirdi ki, Azərbaycan bölgədə davamlı sülhün əldə olunması ilə bağlı təkliflər verib və Rusiyada olan məlumata görə, Ermənistan baş naziri Nikol Paşinyan bu təkliflər üzərindən müzakirələrin aparılmasına razılıq verib: “Təbii ki, Paşinyanın Rusiyanın razılığı olmadan hər hansı bir məsələyə, xüsusilə Azərbaycanla sülh prosesi ilə bağlı müzakirələrə hazır olması barədə fikirlər səsləndirməsini bütün dünya real hesab etmir. Bu mənada hesab edirəm ki, Paşinyanın belə bir fikir səsləndirməsi Rusiyanın razılığı ilə baş verib. Rusiya bu istiqamətdə güzəştlərə getmək məcburiyyətində olduğunu qəbul edib.

Üçüncü mühüm istiqamət ondan ibarətdir ki, Sergey Lavrov da qeyd etdiyi kimi və Azərbaycan Prezidentinin görüşdə səsləndirdiyi “Ermənistandan bizim əsas tələbimiz imzalanmış bəyanatlarda üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməsidir” fikrinin səslənməsidir. Lavrovun Bakıya səfəri və Azərbaycan Prezidenti ilə keçirdiyi görüş, orada səsləndirdiyi fikirlər Rusiyanın Azərbaycanın maraqlarını nəzərə almadan öz maraqlarını artıq asan şəkildə həyata keçirə bilməyəcəyini dərk etməsinin nəticəsidir. Hesab edirəm ki, bu görüş çox yüksək qiymətləndirilməlidir. Burada bir daha Azərbaycanın haqq səsini həm Azərbaycan Prezidentinin şəxsindən, həm də Rusiyanın yüksək vəzifəli şəxsinin dilindən eşitdik. Rusiya bir daha Azərbaycan tərəfinin haqlı olduğunu, Cənubi Qafqazda post-münaqişə dövründə əməkdaşlıq, inteqrasiya, davamlı sülhə xidmət edəcək sülh müqaviləsinin imzalanması ilə bağlı Azərbaycanın mövqeyini dəstəklədiyini açıq şəkildə ortaya qoydu. Eyni zamanda Lavrovun açıqlamasından bu da aydın oldu ki, Ermənistanı bu istiqamətlərdə addımlara məcbur etməklə bağlı Rusiyanın zəruri addımlar atacağı öhdəliyi götürüb. Bu mənada da Lavrovun səfəri ilə bağlı hansı gözləntilərin özünü doğrultduğunu söyləmək mümkündür".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR