Onlayn ictimai-siyasi qəzet
Politoloq: “Bunun reallaşması üçün əslində ölkələrin hər biri gərəkən addımları atmalıdır, sabotajdan imtina edilməlidir”
Azərbaycanın ideyası olan 3+3 əməkdaşlıq platforması regionda davamlı sülhün və əməkdaşlığın qarantı ola bilər. Bu platformanı qardaş Türkiyə ilə yanaşı Rusiya da dəstəkləyir. Müəyyən dövrdə İranla, Ermənistanla da ayrılıqda Rusiya və Türkiyə tərəfindən müəyyən müzakirələr aparılmışdı.
Gürcüstan Qərbin caynağı altında olduğu müddətdə bundan imtina edirdi.
İndi isə regionda yeni şərtlər formalaşıb. Belə bir mərhələdə Rusiya bu məsələni yenidən gündəmə gətirib.
Rusiya xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ararat Mirzoyanla görüşdə 3+3 regional əməkdaşlıq formatının gələcək fəaliyyətində maraqlı olduqlarını təsdiqlədiklərini də söyləyib: ”Üç Cənubi Qafqaz ölkəsi və onların üç qonşusu olan Rusiya, İran və Türkiyə... Bu platformanı olduqca perspektivli hesab edirik".
Hazırkı durumda bu platforma üzrə əməkdaşlıqlar başlaması mümkündürmü? Bunda kim maraqlı deyil? Gürcüstan nəhayət bu formata müsbət yanaşa bilərmi?
Oqtay Qasımov
Politoloq Oqtay Qasımov “Yeni Müsavat”a bildirdi ki, Sergey Lavrovun söylədiyi kimi, əslində Cənubi Qafqazda ən uyğun əməkdaşlıq formatlarından biri 3+3 formatı ola bilər: “Nəzərə alsaq ki, bu format ilk dəfə Azərbaycan və Türkiyə prezidentləri tərəfindən səslənib və Rusiya tərəfindən dəstəklənsə də İran, Ermənistan və Gürcüstan ilk dönəmlər bu formata soyuq yanaşıblar. Gürcüstanın bu formatda iştirak etməməsinin əsas səbəbi bəllidir. Onun ərazilərinin Rusiya tərəfindən işğal olunması və bu işğal faktının davam etməsi səbəbdir. Ermənistan və İran daha çox Rusiyanın təşviqləri sayəsində 3+3 formatında iştirak etdilər. Bu formatın əsas məqsədlərindən biri Cənubi Qafqazdakı problemlərin məhz region ölkələrinin vasitəsilə həll olunmasını özündə ehtiva edir. Azərbaycan da bunun əleyhinə deyil. Ona görə də 3+3 formatını təklif edən əsas tərəf olaraq Azərbaycan bu formatda aktiv şəkildə iştirak eləyir. Rusiya xarici işlər nazirinin Ermənistan xarici işlər naziri ilə görüşdə sözügedən formatla bağlı həmin fikirləri səsləndirməsi əslində Ermənistana mesaj sayılmalıdır. Çünki Ermənistan son illər Rusiyanın təklif etdiyi və ya dəstəklədiyi formatlardan mümkün qədər uzaq durmağa çalışır. O cümlədən Ermənistanın 3+3 formatında da iştirakı, sadəcə olaraq, nominal xarakter daşıyır. Çünki bu belə olmasaydı, Ermənistan bölgəyə kənar qüvvələrin gəlməsində maraqlı olmazdı və buna şərait yaratmazdı. Hazırda 3+3 formatında əsas maraqlı olan ölkələr Azərbaycan, Türkiyə və Rusiyadır. İran da faktiki olaraq arxa planda Qərblə öz əlaqələrini qurur və məhz Ermənistanı da Rusiyadan uzaqlaşmağa müəyyən qədər həvəsləndirən Tehrandır. İran üzdə 3+3 formatında iştirakın tərəfdarı olduğunu söyləsə də, bu formatda çox da fəal iştirak etmir. Eyni zamanda İran tərəfdən Türkiyə və Azərbaycan haqqında zaman-zaman aparılan əks-təbliğatlar, səsləndirilən fikirlər də onu deməyə əsas verir ki, İran da heç də bu formatın optimal olmasında maraqlı deyil. Gürcüstana gəlincə, Gürcüstanın son zamanlar Qərblə münasibətlərinin soyuqlaşmasına baxmayaraq bu formatda iştirakı hələ real görünmür. Ona görə ki, Gürcüstanın hələ də Abxaziya və Cənubi Osetiya ilə bağlı Rusiya ilə ciddi problemləri var və həmin ərazilər faktiki olaraq hələ də Rusiyanın işğalı altındadır. Ermənistan isə Qərblə hazırda əlaqələri gücləndirməklə mümkün qədər fərqli bir davranış sərgiləməkdədir. O baxımdan Sergey Lavrovun gündəmə gətirdiyi məsələyə yaxın dövrdə istənilən səviyyədə müsbət reaksiya verəcəyi ehtimalı azdır”.
Politoloq sonda vurğuladı ki, 3+3 formatı bölgənin 6 ölkəsinin hər biri üçün faydalıdır. Onun reallaşması üçün əslində ölkələrin hər biri gərəkən addımları atmalıdırlar, sabotajdan imtina edilmədir. Bu olacaqsa, sözügedən format işlək və səmərəli format olacaq.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
23 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ