İnsanlara hürriyət, millətlərə istiqlal!

Rus “patriot”lar Hacı kişinin qızını niyə linç edirlər? – 12 qızıl medal yiyəsinin son qazancı

Rusiya ictimaiyyəti, xüsusilə də onun, çörəyi, komfortu ura-patriotizmdən qidalanan elitası o qədər militarlaşıb, müharibəyə köklənib, şovinistləşib ki, “Rusiya” deyən, ondan əvvəl “böyük” deməyənlərə, sülhdən danışanlara, Ukraynaya azacıq mülayim yanaşanlara düşmən kəsilir, başlarını tələb edir.

Hazırda linç olunmaq növbəsi məşhur idmançı Yelena İsinbayevaya çatıb. İdman ictimaiyyəti, eləcə də onlara qoşulan başqa zümrələr İsinbayevanın özünü “dünya vətəndaşı” adlandırmasına və ona verilən hərbi rütbə ilə bağlı açıqlamasına sərt reaksiya verməkdədirlər.

isinbay.JPG (61 KB)

Bu reaksiya o qədər şiddətli, amansız və haqsız olub ki, hətta belə kampaniyaların körükçüsü olan Kremlin sözçüsü, Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov dilə gəlib, deyib ki, İsinbayeva heç kimi qınamayıb, tənqid etməyib. Ardınca Peskov deyib ki, biz nəyin müzakirə olunduğunu bilmədən, sadəcə olaraq, bu yaxınlarda fəxr etdiyimiz idmançının üstünə düşmüşük.

Yaxşı ki, bir normal düşünən adam tapılıb və o (Peskov) deyib ki, beynəlxalq yarışlarda İsinbayevanın şərəfinə neçə dəfə Rusiyanın himni səsləndirilib.

Bundan bir az əvvəl Rusiya Federasiyasının idman naziri Oleq Matıtsin şüvüllə tullanma üzrə ikiqat olimpiya çempionu Yelena İsinbayevanın hərbi rütbəyə münasibətini pisləmiş və demişdi ki, İsinbayeva heç vaxt Rusiya ordusunda xidmət etməyib, mayor rütbəsini də Mərkəzi Ordu İdman Klubundakı çıxışlarına görə alıb. (Sanki Yelema əvvəlcə sıravi əsgər, sonra çavuş olacaq, hərbi iyerarxiya üzrə inkişaf edəcək, leytenant, kapitan, mayor rütbəsi alacaqmış).

yelsoy.JPG (32 KB)

Yelena Hacıyevna İsinbayeva isə Rusiyanın himnini, Peskovun dediyi kimi, “neçə dəfə” çaldırmayıb, dövlət bayrağını iki-üç dəfə qaldırmayıb. Bu qadın ikiqat Olimpiya çempionudur (2004, 2008), bir dəfə isə 2012 Olimpiya oyunlarının bürünc mükafatçısı olub. Ayrıca o, üç dəfə açıq havada dünya çempionu və 4 dəfə qapalı məkanda dünya çempionu, həm açıq havada, həm də qapalı məkanda Avropa çempionudur, şüvüllə tullanmaqda 28 dünya rekordunun sahibidir, toplamda 12 qızıl medalı var. O, 2005-ci ildə Londonda keçirilən yarışlarda qadınların şüvüllə tullanma tarixində ilk dəfə olaraq beş metr hündürlüyü aşıb, 2008-ci ildə keçirilən Pekin olimpiadasında isə İsinbayeva dünya rekordu vurub - 5,06 m. Bu o deməkdir ki, öz idman növünün tarixində indiyədək heç kəs Yelenadan hündürə tullanmayıb.

Yelena Hacıyevna İsinbayeva 3 iyun 1982-ci ildə Volqoqradda anadan olub. Onun atası Hacı Qafanoviç İsinbayev Dağıstanın Xiv rayonunun Çuvek kəndindəndir, milliyyətcə tabasarandır, santexnik işləyir. İdmançının anası rusdur, evdar qadın olub və vəfat edib.

16897089664422.jpg (51 KB)

Yelena 2002-ci ildə Volqoqrad Dövlət Bədən Tərbiyəsi Akademiyasına daxil olub, 2005-ci ildə bədən tərbiyəsi müəllimi diplomu alıb, daha sonra, 2009-cu ildə Moskva Dövlət Universitetinin incəsənət tarixi fakültəsində təhsil alıb, 2010-cu ildə Volqoqrad Dövlət Bədən Tərbiyəsi Akademiyasında namizədlik dissertasiyası müdafiə edərək pedaqoji elmlər namizədi olub.

Laureus Dünya İdman Şöhrət Akademiyasına görə Yelena 2007 və 2009-cu illərdə planetin ən yaxşı idmançısı olub.

İsinbayeva bir müddət Monakonun Monte Karlo şəhərində yaşayıb. Sonra Volqoqrada qayıtmaq qərarına gəlib. 2013-cü ildə o, idmanın inkişafı üçün şəraitin olmamasından və bölgənin sosial əlverişsizliyindən şikayət edərək, Monakoya qayıtmaq niyyətini açıqlayıb. MOİK-də atletika təlimatçısı işinə cəlb edilən İsinbayevaya hərbi rütbə buna görə verilib. 28 avqust 2016-cı ildə o, Rusiyada qalmaq niyyətini açıqlayıb. 2018-ci il prezident seçkiləri zamanı o, Vladimir Putini dəstəkləyən və “Putin team” adlanan hərəkatın üzvü olub. Prezident Putin də, eks-prezident Dmitri Medvedyev də İsinbayevaya böyük rəğbətlə yanaşdıqlarını gizlətməyib.

isinbayeva+putin.jpg (962 KB)

Yelena İsinbayeva ailəlidir, bir oğlu, bir qızı var.

Bu yaxınlarda İspaniya mətbuatı xəbər verib ki, İsinbayeva ailəsi ilə birlikdə Tenerife adasına köçüb və onun bir penthausu, iki villası var. Daha sonra İsinbayeva özünü "dünya vətəndaşı" adlandırıb və Rusiya ictimaiyyəti buna görə çox qəzəblənib. Onlara görə indiki şəraitdə heç bir rus “dünya vətəndaşı” ola bilməz, yalnız “patriot rus” olmalıdır.

Bu qadın nail olduğu titulları, medalları, fəxri adları, nəhayət, varidatı asanlıqla qazanmayıb. O, uzun illər ağır və təhlükəli məşqlər etmək, yorulmaq bilmədən öz üzərində işləmək hesabına, şəxsi iradəsi və ola bilər ki, qanı-geni sayəsində bu zirvəyə yüksəlib.

yelena-isinbayeva-1_3643439.jpg (53 KB)

İndi isə ruslar hesab edirlər ki, İsinbayevanın uğurlarında hansısa bir şəkildə vətənin, şəxsən onların böyük rolu var. Ən pisi odur ki, İsinbayevanın həmkarları olan, müxtəlif növlərdə yarışan rusiyalı idmançılar da Rusiya idmanı tarixinin ən titullu idmançısını 5,06 metrlik hündürlükdən yerə, həm də tatami üzərinə yox, daş pıitəyə çırpmaq istəyirlər. Ona görə ki, o, militarist deyil, sülhpərvərdir.

Ümumiyyətlə, son il yarımda, Ukraynada müharibə başlayandan sonra “rus patriotlar” və onların havadarları ölkənin ən yaxşı sənətçilərini, ən yaxşı ziyalılarını, ən yaxşı idmançılarını patriotizmlə terrorizə edərək küncə qısnayıblar və onlardan bir xeylisi təzyiqlərə dözməyərək başqa ölkələrə sığınıblar.

Tabasaranlı Hacı kişinin qızı da onlardan biridir.

Araz Altaylı, Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR