İnsanlara hürriyət, millətlərə istiqlal!

Rus farsa dayaqdır, İran İvana...

İki qəddar rejimin ömrünə nə qədər qalıb? - rəylər

“Birləşmiş Ştatlar hesab edir ki, Rusiya Federasiyasında hakimiyyəti təhdid edə biləcək etiraz aksiyaları qeyri-mümkündür”. Bu sözləri ABŞ Milli Kəşfiyyatının direktoru Evril Xeyns bildirib: “Ola bilsin ki, baş verənlərə daha tənqidi münasibət olacaq, lakin hakimiyyəti təhdid edə biləcək heç bir şey yoxdur”, - deyə o, Rusiyada genişmiqyaslı etirazların mümkünlüyü ilə bağlı sualı cavablandırarkən deyib. Xeyns həmçinin vurğulayıb ki, ABŞ irimiqyaslı etirazların keçirildiyi İranda da hakimiyyət dəyişikliyini ehtimal etmir. Onun sözlərinə görə, ABŞ Milli Kəşfiyyatında görürlər ki, İran hökuməti ölkədə baş verənləri sabitliyinə bilavasitə təhlükə kimi qəbul etmir və etirazları yatırır. “Hərçənd digər tərəfdən biz İranda baş verənlərə diqqət edirik: hakimiyyət iqtisadiyyatda ciddi problemlərlə üzləşir ki, bu da qeyri-sabitlik və iğtişaş risklərini artırır”, - Xeyns əlavə edib.

Maraqlıdır ki, daxildəki etirazlardan yorulan İran-fars rejiminin bu arada Rusiyadan xalq üsyanını yatırmağa kömək istədiyi bəlli olub. Məlumatı “İran İnternational” yayıb.

Bildirilir ki, İran rejimi həm işçi qüvvəsi, həm də texnikanın məhdud resurslarından narahat olduğu üçün Moskvadan müşavirlər göndərməyi xahiş edib.

Rusiya isə məlum olduğu kimi, Ukraynadakı işğalçılıq müharibəsində İranın hərbi dəstəyindən (kamikadze-dronlar və s.) istifadə edir. Yeri gəlmişkən, Rusiya müdafiə nazirinin müavini hazırda İrandadır.

Beləcə, iki qəddar rejim əl-ələ verib bir-birilərini xilas eləməyə çalışır. Necə deyərlər, rus farsa dayaqdır, İran İvana. Alınacaqmı?

Bu arada İranda “Əxlaq polisi”nin ləğv edildiyi məlum olub. Xəbəri “Azad İran” “Telegram” kanalı verib.

İranın baş prokuroru şənbə günü “Əxlaq polisi”nin fəaliyyətinin dayandırılması ilə bağlı bildirib ki, bu qurumun fəaliyyətinin məhkəmə sistemi ilə heç bir əlaqəsi yoxdur və “keçmişdə yaradıldığı mənbədən bağlanıb”.

Elxan Şahinoğlu: “Erməni dili universitetlərimizdə peşəkar tədris  olunmalıdır”

Elxan Şahinoğlu 

Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, İranda əxlaq polisi ləğv edilsə də, bunu islahat hesab etmək olmaz. O qeyd edib ki, bu, sadəcə, etirazçıların artan təzyiqini azaltmaq məqsədi daşıyır: “Rejim bunu kiçik güzəşt kimi qiymətləndirir. Ancaq əxlaq polisinin ləğvi İranda qadınların geyim azadlığına şərait yaradırmı? Bu suala hələ aydın cavab verməyiblər. Son 3 ayda İranda qadınların bir qismi etiraz əlaməti olaraq onsuz da başlarını açırdılar və artıq kimsə onları polisə aparmırdı, yollarda "əxlaq polisi" də yoxa çıxmışdı. İranda başqa qadağalar da var - xarici televiziya kanallarına baxmaq, evlərin damlarında çanaq antenalar yerləşdirmək, Qərb musiqisini dinləmək yasaqdır. Bu qadağalar da ləğv olunacaqmı?"

Sahib Alıyev: “Azərbaycanlılar bir zamanlar kompakt yaşadıqları öz  dədə-baba yurdlarına qayıtmalıdırlar”

Sahib Alıyev

Millət vəkili Sahib Alıyev isə ard-arda ziddiyyətli açıqlamaların məqsədli şəkildə verildiyini bildirib: “İranın baş prokuroru Məhəmməd Cəfər Müntəzirinin əsas işi qadınlara hicab taxdırmaq olan "əxlaq polisi"nin ləğv edildiyini açıqlayıb, ardınca bu sosial problemə bundan sonra məhkəmələrdə baxılacağını bildirməsi hakimiyyətin qorxub geri çəkilmədiyi görüntüsü yaratmaq üçündür. "Əxlaq polisi" yoxdursa, yaxşı, hicabsız gəzənləri məhkəmə qarşısına kim çıxaracaq, SEPAH? Reallıq budur ki, mövcudluğu dönəmindən ilk dəfədir ki, rejim təzyiqlərə tab gətirə bilmədi, özü üçün “qırmızı xətt” sayılan məsələdə güzəştə getmək zorunda qaldı.

Arazın o tayındakı soydaşlarımız doğma dillərində təhsil almaq niyyətlərini də eyni qətiyyətlə ortaya qoysalar, əminəm ki, fars şovinistləri yenə güzəştə getməli olacaq. Çünki artıq buz sınıb və proses başlayıb".

Bu arada Rusiyanın “Tass” agentliyi xəbər verir ki, Vaşinqtonun Tehranın nüvə proqramı ilə bağlı razılığın əldə olunmasında diplomatik yollara üstünlük verməsinə baxmayaraq, ABŞ-ın İrana qarşı hərbi gücü istisna deyil. Bu barədə Birləşmiş Ştatların İran üzrə xüsusi nümayəndəsi Robert Melli xəbərdarlıq edib. O, hərbi həlli istəmədikləri, bunun Vaşinqtonun yolu, Ağ Ev rəhbəri Co Baydenin istəyi olmadığını vurğulayıb. “Amma bütün digər variantlar uğursuz olarsa, o zaman son variant hərb yoldur. Prezident açıq şəkildə bildirdi ki, biz İranın nüvə silahına sahib olmasına imkan verməyəcəyik”, - deyə o, “La Repubblica” qəzetində dərc olunan müsahibəsində bildirib. Melli vurğulayıb ki, həmişə diplomatiyaya üstünlük verilir, lakin İran həqiqətən razılaşmaya qayıtmaq istədiyini nümayiş etdirmir. “İndi isə daha iki kritik amil əlavə olunur, bütün diqqətimizi bunda cəmləmişik. Bunlar Rusiyanın hərbi yardımı və dinc etirazların yatırılmasıdır”, - deyən Melli ABŞ-ın rolunun sanksiyaların tətbiqi ilə iranlıların hüquq və əsas azadlıqlarını dəstəkləmək, onlara kömək etmək olduğunu əlavə edib.

Eyni zamanda o, iranlıların xarici dünya ilə əlaqə qura bilməsi üçün texnoloji sanksiyaların yüngülləşdirildiyini qeyd edib.

Xüsusi nümayəndə həmçinin ABŞ-da İranın Rusiyaya raketlərin təhvil verilməsini, habelə Rusiyada İran pilotsuz təyyarələrinin istehsalı xəttinin işə salınmasını nəzərdən keçirdiyi barədə məlumatlar olduğunu bildirib. “Bu, onların Rusiyaya dəstəyini daha da təhlükəli səviyyəyə qaldırar. Biz bunun qarşısını almaq üçün silahların ötürülməsində iştirak edən hər kəsə qarşı sanksiyalar tətbiq etməklə cavab verməyə hazırıq”, - deyə Melli bildirib.

Qeyd edək ki, Məhəmməd Cəfər Muntəziri son etirazlarla bağlı keçirilən qondarma “təbliğat fəaliyyəti” adlı toplantıda "Əxlaq polisi"nin ləğvinin səbəbini soruşan iştirakçılardan birinə cavabında deyib ki, hüquq-mühafizə orqanları cəmiyyətin davranışına  nəzarət edir. İranın dini mərkəzlərinə bağlı ərəb dilli “Əlaləm” saytı baş prokurorun çıxışının "Əxlaq polisi"nin ləğv edildiyi anlamına gəlmədiyini və bundan sonra onun hüquq-mühafizə orqanlarının tərkibində fəaliyyət göstərəcəyi ehtimalını yazıb. Bununla yanaşı, İranda bir çox nüfuzlu siyasi fəal və media nümayəndələri də "Əxlaq polisi"nin tamamilə ləğv ediləcəyinə inanmadıqlarını, sadəcə, onun formasının dəyişə biləcəyini və İslam Respublikası durduqca belə qurumların da mövcud olacağını bildirirlər.

Yeri gəlmişkən, İran Prezidenti İbrahim Rəisi son açıqlamasında 1979-cu ildə qəbul edilmiş konstitusiyanın bəzi maddələrinə dəyişiklik edilməsinin mümkünlüyündən danışıb.  O qeyd edib ki, konstitusiyada cümhuriyyətçilik, islamçılıq, istiqlalçılıq və azadlıq kimi prinsiplər və dəyərlər var ki, bunlar dəyişməzdir: “Buna baxmayaraq, zərurət yarandıqda konstitusiyanın tətbiqi, üsul və mexanizmləri mütləq dəyişdirilə və təkmilləşdirilə bilər. O qeyd edib ki, İran İslam Respublikasının Konstitusiyasında heç bir çıxılmaz vəziyyət yoxdur”.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR