İnsanlara hürriyət, millətlərə istiqlal!

Rus əsgəri Qarabağdan niyə çıxdı? Bundan narahat olaqmı? Hərbi ekspert Elxan Şıxəliyevdən SENSASİON TƏHLİL -VİDEO

Xəbər verdiyimiz kimi, Qarabağda müvəqqəti yerləşdirilən Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edir. Bu barədə Musavat.com-a mötəbər qaynaqlardan məlumat verilib. Məlumata görə, Rusiya kontingentinin Azərbaycanı (Qarabağı) birdəfəlik və tam olaraq tərk etməsi prosesinə start verilib.

Artıq Kəlbəcərin Xudavəng monastırındakı post Azərbaycan polisinə təhvil verilib. Xocalıdakı baza da boşaldılır. Tarixi və böyük prosesin bir neçə günə tam yekunlaşması gözlənilir. Bununla da Azərbaycan Qarabağ və bütün torpaqları üzərində ilə tam suveren nəzarətini bərpa etmiş durumdadır.

Hərbi ekspert Elxan Şıxəliyev "TV Musavat"ın canlı efirində Qarabağda və regionda gedən prosesləri şərh edib.

Onun sözlərinə görə, kolonların həcmi və hərəkətdə olan hərbi texnikaların sayından müəyyən etmək olur ki, Rusiya sülhməramlı kontingenti artıq Tərtər və Bərdə istiqamətindən yol alıb:

"Əsas məsələ odur ki, proses başladı. Biz düşünürdük ki, sülhməramlıların bir hissəsi yalnız Kəlbəcərdə Xudavəng monastırından çıxıb öz bazalarına qayıdacaqlar. Görünən odur ki, onlar texnika və şəxsi heyətin hamısını bir yerə yığırdılar ki, birlikdə hərəkətə keçib geri dönsünlər. Biz bütün zamanlarda deyirdik ki, bu proses daha erkən - 2025-ci ilə qədər də baş verə bilər. Görünür, Rusiyada elə bir ehtiyac yaranıb ki, onlar 2025-ci ili gözləməyiblər"

Ekspert xatırladıb ki, Rusiya-Ukrayna müharibəsinin davam etdiyi bir vaxtda Moskvanın hərbi heyətə ehtiyacı var:

"Rusiya-Ukrayna müharibəsində bizim "Rusiya sülhməramlıları" adlandırdığımız kontingentə, şəxsi heyət və hərbi texnikaya böyük ehtiyac var. Bu səbəbdən artıq onlar ezamiyyətdən cənub hərbi dairəsinə qayıdacaqlar. Daha sonra isə Rusiya onları Ukraynada davam edən müharibəyə cəlb edə biləcək".

Elxan Şıxəliyevin sözlərinə görə, Rusiya artıq anlayıb ki, sülhməramlıların 2025-ci ilə qədər Qarabağda qalması heç nəyi dəyişməyəcək. Ekspert vurğulayıb ki, Rusiyanın düşündüyü kimi, ermənilərin Qarabağa qayıtması və sülhməramlı kontingentin onların təhlükəsizliyini təmin etmək üçün gözləmələri çox vaxt aparacaq. 

"Rusiya ən doğru qərarı verdi. Hərbçilərə harada ehtiyac varsa, orada istifadə olunması Rusiya üçün məqsədəuyğundur. Bizim gözləntimiz o idi, Moskva bunu özü etsin. Rusiya bunu özü etməyi qərar verdisə, bu bizim strateji maraqlarımızın təmin olunmasına uyğun addımdır" - ekspert əlavə edib.

Musavat.com xatırladır ki, bir neçə gün öncə Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitə sədrinin birinci müavini Konstantin Zatulin ermənilərin Qarabağdan çıxmasından sonra Rusiya sülhməramlılarının bölgədə qalması üçün səbəblərinin azaldığını demişdi. Onun sözlərinə görə, Azərbaycan Rusiya qoşunlarının Qarabağdan çıxması məsələsini hələ qaldırmır: “İstəmirlər ki, Rusiya bunu məğlubiyyət və ya güzəşt kimi qəbul etsin. Bu gün Qarabağda sülhməramlıların qalması Rusiya və Azərbaycan arasındakı münasibətlərlə bağlıdır. Əslində isə erməni əhalisi qalmadığı üçün sual yaranır: bizim sülhməramlıların orada nə işi var?”

Ətraflı videoda:

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR