İnsanlara hürriyət, millətlərə istiqlal!

"Rubionun bu ölkəyə səfəri mümkün deyil" - İLGİNC DETALLAR

"ABŞ dövlət katibi Marko Rubio telefon diplomatiyasını genişləndirib. Onun ilk zəng etdiyi həmkarlarından biri Çinin xarici işlər naziri Van İ olub. Rubio ABŞ-ın Çinlə əməkdaşlıqda maraqlı olduğunu söyləsə də, çinli həmkarına xəbərdarlıqlarını xatırlatmağı da unutmayıb. Birincisi, Çin güc yolu ilə Tayvanı ələ keçirmək planlarından imtina etməlidir. İkincisi, dövlət katibi Çinin Cənubi Çin dənizində həyata keçirdiyi zorakı hərəkətləri ilə bağlı ciddi narahatlığını bildirib. Üçüncüsü, Çində uyğurların hüquqlarının pozulması əvvəlkitək Vaşinqtonun diqqət mərkəzindədir".

Bu sözləri Musavat.com-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

elxan.jpg (68 KB)

Politoloqun fikrincə, Van İ üçün Marko Rubio ilə dil tapmaq asan olmayacaq:

"Yeni dövlət katibi senator olduğu dövrdə Çini ən sərt tənqid edənlərdən biri olub. Rubio Çinə qarşı qanun layihələri hazırlayıb. O, uyğurların hüquqlarının pozulması və bir neçə il əvvəl Honkonqdakı iğtişaşlarla bağlı Çin rəsmilərinə qarşı sanksiyaların müəllifi olub.

Pekin senator Rubionun Çin əleyhinə açıqlamalarını və təşəbbüslərini cavabsız qoymayıb. Pekin Rubionu persona non-qrata elan edib. Pekin bu qərarını ləğv etməyib. Yəni Rubionun üzərindən sanksiya qərarı qaldırılmayana qədər onun Çinə rəsmi səfəri mümkün deyil. Rubio Pekinə səfər etmək istəyirsə, Çinə qarşı ritorikasını yumşaltmalıdır. Ancaq o, əksinə, Senatda dövlət katibi postuna təsdiq edilərkən Çini ABŞ üçün ən böyük təhlükə adlandırıb.

Buna baxmayaraq, Pekin ümid edir ki, Tramp administrasiyasının üzvü kimi Marko Rubio Çinlə münasibətlərdə "qırmızı cizgiləri" aşmayacaq. Misal üçün, Trampın qərarın görə, ABŞ 90 gün müddətinə bütün xarici yardımları dayandırıb. İstisna yalnız İsrail və Misir üçün edilib. Bu o deməkdir ki, ABŞ Tayvan adasına yardımı da dondurub. "Focus Taiwan" nəşrinin yazdığına görə, ABŞ-ın yardımının dayandırılması Tayvanın təhlükəsizlik məsələlərinə mənfi təsir edə bilər. Ada rəhbərliyi ümid edir ki, bu, müvəqqəti xarakter daşıyacaq və Vaşinqton əvvəlkitək Pekinin güc yolu ilə Tayvanı ələ keçirmək planlarına qarşı çıxacaq. Vaşinqton "vahid Çin" konsepsiyasının lehinə olsa da, Tayvanın güc yolu ilə Çinin materik hissəsinə birləşdirilməsinin əleyhinədir və bu mövqe Trampın prezidentliyi dövründə də dəyişməyəcək.

Bu arada, Tayvan ətrafında üzən Çin hərbi gəmilərinin sayı artıb. Adanın səmasında uçuşlar həyata keçirən Çin hərbi təyyarələrinin sayı da azalmır. Ada rəhbərliyi bunu Çinin müdaxiləyə hazırlığı kimi dəyərləndirir".

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR