Onlayn ictimai-siyasi qəzet
Azərbaycanla Türkmənistan həm ikitərəfli, həm çoxtərəfli formatlarda əməkdaşlıq edir. Belə ki, ikitərəfli əməkdaşlıq siyasət, iqtisadiyyat, enerji, nəqliyyat, mədəniyyət və digər sahələri əhatə edir.
Musavat.com xəbər verir ki, bunu Bakıda keçirilən “Azərbaycan Respublikası ilə Türkmənistan Respublikası arasında çoxşaxəli əməkdaşlıq: nailiyyətlər və perspektivlər” mövzusunda tədbirdə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi Roza Bayramlı bildirib.
R.Bayramlı qeyd edib ki, Azərbaycan və Türkmənistan, Xəzər hövzəsində yerləşən enerji dövlətləri olaraq, regional enerji təhlükəsizliyinin təmin edilməsində strateji mövqe tutur:
“Sözügedən sahədə əməkdaşlıq Xəzər dənizində yerləşən enerji ehtiyatlarının işlənməsi və nəqli məsələlərini əhatə edir. 2021-ci ildə tərəflər arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu imzalanıb.
Transxəzər əməkdaşlığı təkcə iqtisadi maraqlar üzərində deyil, eyni zamanda iki xalqın rifahı və regionun sabitliyi üzərində qurulub. İki dövlət arasında, həmçinin, enerji infrastrukturlarının uyğunlaşdırılması, qaz və elektrik enerjisinin mübadiləsi, eləcə də “yaşıl enerjinin” inkişafı sahəsində əməkdaşlıq potensialı da mövcuddur.
Bundan başqa, tərəflər arasında humanitar-mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi üçün də potensial mövcuddur. İki ölkə arasında təhsil mübadilələrinin təşviqi, birgə mədəni tədbirlər və gənclər arasında dialoq platformalarının yaradılması uzunmüddətli əməkdaşlığın təməli ola bilər”.
Ekspert əlavə edib ki, tərəflər BMT, İƏT, Qoşulmama Hərəkatı, Türk Dövlətləri Təşkilatı kimi beynəlxalq platformalar çərçivəsində də əməkdaşlıq edir və bir-birinə dəstək göstərir:
“Mərkəzi Asiya + Azərbaycan formatı da əməkdaşlıq kontekstində olduqca vacibdir. Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıqdan danışsaq, hər iki ölkənin neytral mövqeyinə və daxili işlərə qarışmama prinsipinə sadiq olduğunu vurğulamaq lazımdır.
Türkmənistan 1995-ci ildən daimi neytral statusa malikdir, Azərbaycan isə 2011-ci ildən Qoşulmama Hərəkatının tam hüquqlu üzvüdür.
Onu da vurğulamaq lazımdır ki, Azərbaycanın 2019–2023-cü illərdə Qoşulmama Hərəkatına sədrliyi dövründə Türkmənistan ölkənin təşəbbüslərini dəstəkləyib, xüsusilə beynəlxalq hüquq prinsiplərinə əsaslanan yanaşmaları.
Azərbaycan Respublikası üçün Türk Dövlətləri Təşkilatı (TDT) yalnız mədəni və etnik yaxınlıq platforması deyil, həm də strateji xarici siyasət aləti və regional əməkdaşlıq mexanizmidir. Bu təşkilat vasitəsilə Azərbaycan türkdilli dövlətlərlə həm ikitərəfli, həm də çoxtərəfli formatda əməkdaşlığı dərinləşdirir, regional təhlükəsizlik, iqtisadi inteqrasiya və nəqliyyat dəhlizlərinin formalaşdırılması istiqamətində konkret nəticələrə imza atır.
Azərbaycan TDT-nin təsisçi üzvlərindən biri olaraq təşkilatın strukturlaşdırılmasına, normativ bazasının formalaşmasına və institusional inkişafına mühüm töhfə verir. TDT-nin Bakı və Şuşada keçirilmiş sammitləri Azərbaycanın bu sahədə təşəbbüskar və fəal mövqeyini nümayiş etdirir.
İlk növbədə TDT Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrinin gücləndirilməsi, Cənubi Qafqazla bu region arasında siyasi, iqtisadi və logistik körpü rolunu möhkəmləndirməsi baxımından əhəmiyyətlidir. Bundan başqa, Azərbaycan bu təşkilat çərçivəsində Transxəzər nəqliyyat və enerji dəhlizlərinin təşviqində aparıcı rol oynayır. Azərbaycan Türk Dövlətləri Təşkilatı çərçivəsində ortaq türk kimliyinin, dilinin və mədəni irsinin qorunması və təşviqinə xüsusi önəm verir; bu istiqamətdə atılan addımlar, eyni zamanda, ölkəmizin mədəni diplomatiyasını gücləndirir və beynəlxalq humanitar əlaqələrinin genişlənməsinə töhfə verir.
Belə ki, Azərbaycan və Türkmənistan arasında əlaqələrin yeni dinamik mərhələyə qədəm qoymasında Türk Dövlətləri Təşkilatı (TDT) mühüm platforma rolunu oynayır. Bu təşkilat çərçivəsində həyata keçirilən əməkdaşlıq yalnız ikitərəfli münasibətləri dərinləşdirmir, eyni zamanda bölgədə strateji sabitlik, dayanıqlı inkişaf və qarşılıqlı inteqrasiya proseslərinə xidmət edir.
Türkmənistan TDT-də müşahidəçi statusunda çıxış etsə də, ölkənin mədəni, siyasi və iqtisadi baxımdan Türk dünyasının ayrılmaz hissəsi olması təşkilat daxilində Azərbaycan–Türkmənistan əməkdaşlığının inkişafını stimullaşdırır. Azərbaycan da öz növbəsində Türkmənistanın təşəbbüslərini dəstəkləyir, onun neytral statusunu və regional sabitlik istiqamətindəki səylərini yüksək qiymətləndirir.
Bununla yanaşı, “Mərkəzi Asiya + Azərbaycan” formatı Azərbaycanın regiondakı beş türkdilli ölkə ilə birləşdirilmiş, koordinasiyalı bir yanaşma əsasında əməkdaşlıq aparmasına imkan yaradır. Bu format ticarət, energetika, logistika və iqlim dəyişiklikləri kimi sahələrdə ortaq mövqelərin formalaşmasına şərait yaradır.
Bundan başqa, sözügedən əməkdaşlıq forması Avrasiya məkanında sülh, sabitlik və qarşılıqlı hörmətə əsaslanan regional inteqrasiyanın yeni, qeyri-hegemonik modelini təqdim edir”.
Ekspert vurğulayıb ki, Azərbaycan və Türkmənistan arasında tarixi qardaşlıq münasibətləri bu gün çoxtərəfli əməkdaşlıq formatlarında – xüsusilə Türk Dövlətləri Təşkilatı və “Mərkəzi Asiya + Azərbaycan” çərçivəsində – yeni məzmun və dinamika qazanmaqdadır:
“Bu platformalar təkcə siyasi və iqtisadi əməkdaşlığın deyil, həm də ortaq kimlik, mədəni irs və strateji baxışların üzərində qurulmuş inteqrasiya modelinin təcəssümüdür. Azərbaycan Respublikası bu əməkdaşlıq çərçivələrinin daha da dərinləşdirilməsini regionda sabitliyin, dayanıqlı inkişafın və ortaq maraqlara əsaslanan əməkdaşlıq mühitinin möhkəmləndirilməsi baxımından prioritet hesab edir.
Azərbaycan–Türkmənistan münasibətləri həm ikitərəfli müstəvidə, həm də regional çoxtərəfli platformalarda gələcəkdə daha da güclənərək hər iki ölkənin rifahına və regionun firavanlığına xidmət edəcək”.
Nigar HƏSƏNLİ,
Musavat.com
18 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ