Onlayn ictimai-siyasi qəzet
Restoran və şirkət rəhbərləri belə aldadılıb- İnstaqramdakı dələduzluğun TƏFƏRRÜATI
İnstaqram sosial şəbəkəsində müxtəlif adamları eyni üsulla aldadan Firuddin Həsənovun cinayət əməllərinin təfərrüatı məlum olub. Firuddin daha əvvəl də eyni əməllərə görə məhkumluq həyatı yaşayıbmış.
Musavat.com xəbər verir ki, 26 yaşlı Firuddin maddi vəziyyətinin yaxşı olmaması səbəbindən bu addımı atdığını deyib. Bildirib ki, İnstaqram sosial şəbəkəsində müxtəlif restoranların, mağazaların, şirkətlərin səhifələrini izləyib. Əvvəlcə şirkətlərin müdirini, rəhbər şəxslərini müəyyən edib. Sonra da həmin adamların şəxsi İnstaqram səhifələrini tapıb. Onların fotolarını götürərək öz istifadəsində olan mobil telefonun “vatsap” sosial şəbəkə hesabına yerləşdirib. Sonra da şəklini yüklədiyi adamaların dostlarını sosial şəbəkə üzərində axtarmağa başlayıb. Həmin şəxslərə yazaraq onlardan müxtəlif adlarla pul almağa başlayıb. Mağaza və restoranların müdirlərinin fotosunu tapan zaman isə birbaşa həmin mağaza və restoranın əlaqə nömrəsinə yazırmış. Orada olan işçilərə kassada olan pulu təcili olaraq karta köçürülməsini istəyirmiş.
“Brend outlet” mağazası, “İcon De Louvre” restoranı və bir neçə şirkət də bu əməllərin qurbanı olublar.
Firuddinin əməllərindən zərərçəkənlərin sayı 11 nəfər olaraq müəyyən edilib. Onlara 500-2000 min manat arasında zərər dəydiyi müəyyən edilib. Firuddin pul istədiyi şəxslərə maddi vəziyyətinin yaxşı olmadığını deyib. Pulu ödəyən şəxslər də qarşı tərəfdəkinin dostları, tanışları olduqlarını düşünüblər. Amma sonradan hamısı aldadıldığını bilib. Çünki onlar dostları ilə üz-üzə gəldikdə bu söhbətlər açılıb və aldadıldıqları məlum olub. Bəzən elə olub ki, Firuddinin dələduzluq əməli baş tutmayıb. Çünki Firuddin bir nəfərin adından başqa bir nəfərə yazıb pul istəyəndə, həmin şəxslər elə bir yerdə olublar. Onlar aldadılmadan bu mesajın dələduzluq məqsədi ilə yazıldığını biliblər.
Firuddin aldığı pulların əsas hissəsini yoldaşının kartı vasitəsi ilə nağdlaşdırıb. Onun adına bir neçə mobil nömrə olub. Hətta yoldaşının adına da nömrələr alıb.
Zərərçəkmişlərə dəymiş zərər ödənilməyib və onlar şikayətçi olduqlarını deyiblər.
Təqsirləndirilən Firuddinin yoldaşı da məhkəmədə dindirilib. O, Firuddinin bu əməllərindən xəbərsiz olduğunu bildirib.
Oğurluqda və dələduzluqda ittiham edilən Firuddin bu dəfə 3 il 6 ay həbsxana həyatı yaşayacaq.
İlkin Muradov
Musavat.com
22 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ