Onlayn ictimai-siyasi qəzet
İran prezidenti vəzifəsini icra edən Məhəmməd Möhbər Şimal-Cənub nəqliyyat dəhlizinin tərkib hissəsi olan İranın Rəşt şəhərindən Xəzər limanına qədər olan dəmir yolunun hissəsinin açılış mərasimində iştirak edib.
Musavat.com xəbər verir ki, mərasim İranın IRIB telekanalı tərəfindən canlı yayınlanıb.
Ənzəli azad iqtisadi zonasının ərazisində baş tutan tədbirdə İranın yol və şəhərsalma naziri Mehrdad Bəzrpaş da iştirak edib. Onların iştirakı ilə yeni dəmir yolu xəttində simvolik yükləmə-boşaltma işləri aparılıb.
İyunun 19-da “Tasnim” agentliyi ad çəkmədən Rusiya prezidentinin köməkçisi və Azərbaycan baş nazirinin müavininin mərasimdə iştirakı planlaşdırıldığına dair məlumat yayıb. Lakin hələlik konkret kimlərin tədbirə qatıldığı açıqlanmır.
Rəşt-Xəzər hissəsi 162 km uzunluğunda olan Rəşt-Astara dəmir yolunun birinci mərhələsidir. Rəşt-Astara dəmir yolunun tikintisinə dair Rusiya və İran 2023-cü il mayın 17-də saziş imzalayıblar. O, Şimal-Cənub dəhlizinin quru hissələrini birləşdirəcək və Transxəzər marşrutunun iqtisadi səmərəliliyini artıracaq. Layihənin həyata keçirilməsi üçün Moskva Tehrana 1,3 milyard avro dəyərində dövlətlərarası kredit ayırır, layihənin ümumi dəyəri isə 1,6 milyard avro olaraq qiymətləndirilir.
Bütün xəttin 2027-2028-ci illərdə tikiləcəyi gözlənilir. Rusiya səlahiyyətliləri bu layihənin Süveyş kanalına alternativ ola biləcəyini, həm Avropaya, həm də Rusiyadan Fars körfəzinə tranzit nəqli üçün başdan-başa marşrut yaratacağını gözləyirlər.
Musavat.com
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ