Onlayn ictimai-siyasi qəzet
İran parlamentinin Təhlükəsizlik Komitəsinin üzvü Esmail Kavatri bir neçə gün öncə Hörmüz boğazının gəmiçilik üçün bağlana biləcəyini deyib.
Türkiyənin energetika naziri Alparslan Bayraktar mətbuata açıqlamasında bildirib ki, Türkiyə neft və qaz təchizatında hər hansı bir problem yaranacağını ehtimal etmir.
Nazirin sözlərinə görə, İran-İsrail konflikti fonunda enerji qiymətlərinin artmasına baxmayaraq, Türkiyə özünün neft və qaz təchizatı üçün təhdid görmür.
“Hörmüz boğazı bağlanacağı təqdirdə Türkiyə neft təchizatını təmin etmək üçün alternativ yollar axtaracaq”, - deyə nazir vurğulayıb.
Orta Doğu Araşdırma Mərkəzinin rəhbəri Sədrəddin Soltan Musavat.com-a açıqlamasında bildirib ki, Hörmüz boğazının bağlanması ilə bağlı hədə avantüradır, çünki boğaz bağlanacağı təqdirdə İranın dostları da ərazidən hərəkət edə bilməyəcəklər:
“Bu, adi su hövzəsi deyil. İranın xarici işlər naziri deyir ki, bu ərazidə onlarla ölkənin enerji, ticarət, təhlükəsizlik, geosiyasi maraqları birləşir. Bu bölgədə istənilən qarışıqlıq beynəlxalq böhrana çevrilə bilər. Tehran hakimiyyəti Hörmüzü bağlayacağı halda beynəlxalq böhran yarada bilər. Beynəlxalq böhranın tən ortasında isə Tehran özü qalacaq.
Hörmüz boğazı İrandakı neft bazaları vurulacağı halda bağlana bilər. Boğaz bağlandıqda həmin obyektlər vurulmayacaqmı? Bu, İranda xaosa səbəb ola bilər - təhlükəsizliyin səviyyəsi aşağı düşə, yanacaq qıtlığının yaranması ölkənin çökməsinə səbəb olar. Bu, İranda beynəlxalq böhrandan daha böyük böhran yarada bilər. Buna görə də Hörmüz boğazının bağlanması o qədər də asan verilə biləcək qərar deyil”.
S.Soltan xatırladıb ki, Tehran hakimiyyətinin boğazı bağlamağa gücü çatmaz, çünki 1979-cu ildə İran inqilabının lideri hesab olunan Ayətullah Ruhulla Xomeyni ABŞ ilə danışıqlarda proseslərə neft “silahı” ilə təsir etməyəcəyi ilə bağlı öhdəlik götürüb:
“Əks halda, İran böyük zərbələr ala bilər. Hesab edirəm ki, İranın Hörmüz boğazının bağlanması ilə bağlı səsləndirdiyi fikirlər blefdir, xüsusilə İsrail və ABŞ üçün çəkindirici amildir. Məsələyə başqa cür baxsaq, İranın hücumları İsraili hücuma cavab verməyə təhrik edir. iRANIN Ali dini liderinin müşaviri Əli Laricani bildirib ki, əgər İranın neft müəssisələri vurularsa, Hörmüz boğazını bağlaya bilərik. Düşünürəm ki, Hörmüz boğazının bağlanması ilə bağlı təhdid İran hakimiyyətinə fayda verməyəcək, əksinə, boğazla bağlı daha ciddi tədbirlər görüləcək və növbəti hədəf də İranın neft sektoru ola bilər”.
Nigar HƏSƏNLİ,
Musavat.com
17 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ